AzNews.az ARB-yə istinadən xəbər verir ki, 3 kəndin ərazisindən keçən Ağsu çayının daşması nəticəsində həmin kəndlərə gedən yollar keçilməz hala düşüb.
Şamaxının Keçmədil kəndinə aparan yolu sel tamamilə yuyub apardığından əhali atla çayı keçərək kəndə doğru yol alır. Kəndə girmək üçünsə sakinlər nərdivandan istifadə edir. Ən böyük ziyan isə kənd sakini Bilal Əmrahovun evinə dəyib. Kəndin girəcəyində yerləşdiyindən sel onun həyətini tamamilə yuyub aparıb.
Bilal Əmrahov - Sakin: "Bir quru ailəm, bir də damxam. Nə edim bilmirəm".
Ərazidə torpaq uçqununun başlaması ev sakinlərini qorxuya salıb. Uçqunla ev arasındakı məsafə 3 metrdir. Sakinlərin dediyinə görə, sürüşmə hər gün daha da artaraq evə doğru irəliləyir.
Tünzalə Əmrahova - Sakin: "Uşaqları çıxartmağa qorxuruq. Gedib qonşuda yatırıq ki, sel bu gün, sabah gəlib bizi aparar".
Fəsadların aradan qaldırılması istiqamətində isə işlər davam etdirilir. Kənd icra nümayəndəliyindən verilən məlumata görə Qəleybuğurd, Keçmədil və Qaladərəsi kəndlərinə alternativ yol salınır. Artıq iki kəndin mərkəzlə əlaqəsi bərpa edilib. Keşmədil sakinləri də sabah günorta saatlarından alternativ yoldan istifadə edə biləcəklər.