AzNews.az xəbər verir ki, bunu Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə bildirib.
“Bu günlər ərzində xarici qonaqlarla təmaslar əsnasında çox sevinirdim ki, elə bil hamı mənə bir fikri çatdırmaq istəyirdi - hamı böyük minnətdarlıq hissi ilə təşkilati məsələlərin yüksək səviyyədə və peşəkarlıqla həll olunduğunu deyirdi. Əlbəttə ki, bu, bizi çox sevindirir. Oyunların bu səviyyədə keçirilməsi ölkəmizin gücünü, qüdrətini göstərir. Göstərir ki, biz istənilən beynəlxalq tədbiri ən yüksək səviyyədə təşkil edə və eyni zamanda, öz standartlarımızı da tətbiq edə bilərik və bunu edirik. Avropa Oyunları bundan sonra ancaq Azərbaycan standartları əsasında keçiriləcəkdir. Bilirəm ki, bu standartlara çatmaq çətin olacaq”-deyə dövlət başçısı bildirib.
Prezident vurğulayıb ki, idman yarışları, Olimpiya Oyunları, İslam Oyunları, Avropa Oyunları elə bir tədbirdir ki, bu tədbirlərdə həm idmançılar, həm ölkələr rəqabət aparırlar: “İqtisadi, siyasi sahələrdə, beynəlxalq münasibətlər sahəsində bəzən birinciliyi müəyyən etmək üçün bəzi qurumlar, təşkilatlar çətinlik çəkirlər. Çünki müəyyən meyarlar olmalıdır. İdmanda isə hər şey açıq-aydındır. Azərbaycan birinci yerdədir, Azərbaycan qalibdir”.
Dövlət başçısı bildirib ki, bu oyunlar, eyni zamanda, İslam həmrəyliyini gücləndirəcək: “Mən Oyunlar ərəfəsində demişdim, bizim əsas məqsədimiz ondan ibarətdir ki, müsəlman ölkələrini təmsil edən idmançılar, qonaqlar Bakıda bir yerdə olsunlar, bir-biri ilə tanış olsunlar, bir-birinin əlini sıxsınlar və dostluq, əməkdaşlıq güclənsin. Belə də oldu. Biz bunu yarışlarda gördük ki, bəzi hallarda siyasi cəhətdən bir-biri ilə o qədər də yaxın münasibətləri olmayan ölkələrin nümayəndələri bir-birini təbrik edir, bir-birinin uğuruna sevinir, bir-birinin əlini sıxırlar”.