TAP layihəsini əngəlləmək üçün böyük səylər göstərilir, arxasında böyük pullar dayanır - İlham Əliyev

26 May 2017 18:12 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Dövlətimizin başçısı belə bildirib:

"Əlbəttə, bütün planlarımızı həyata keçirmək üçün biz güclü iqtisadiyyata malik olmalıyıq. Bu istiqamətdə də çox böyük addımlar atılır. Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünyada 37-ci yerdədir. Baxmayaraq ki, beynəlxalq maliyyə böhranı bizə də təsir etdi. Baxmayaraq ki, neftin qiymətinin aşağı düşməsi təbii ki, gəlirlərimizə mənfi təsir etdi. Artıq Azərbaycan iqtisadiyyatı mövcud vəziyyətə adaptasiya olundu, milli valyutamız sabitləşdi, qeyri-neft ixracımız artır. Dörd ayın iqtisadi göstəriciləri çox müsbətdir. Bizim valyuta ehtiyatlarımız, ticarət dövriyyəsi artıb. Ticarət dövriyyəsində müsbət saldo 1,2 milyard dollara çatıbdır. Ticarət dövriyyəsi 11 faiz, ixrac 41 faiz, qeyri-neft ixracı 22 faiz, kənd təsərrüfatı ixracı 44 faiz artmışdır".

İlham Əliyev qeyd edib ki, Azərbaycanda bugünkü maliyyə və iqtisadi vəziyyət sabitdir, dayanıqlıdır: "Bütün büdcə proqnozları yerinə yetirilir. Mən nə bu il, nə gələn il ölkə iqtisadiyyatı üçün heç bir problem görmürəm. Xüsusilə nəzərə alsaq ki, bizim valyuta ehtiyatlarımız da artır, bu il də artıbdır. Valyuta ehtiyatlarımız xarici borcdan 4-5 dəfə çoxdur. Ona görə, istənilən ölkə, bax, bu vəziyyəti özü üçün arzulaya bilər.

Əlbəttə, bu gün qarşımızda duran vacib məsələlərdən biri Cənub Qaz Dəhlizinin başa çatdırılmasıdır. Azərbaycan bu istiqamətdə də öz tərəfdaşları ilə uğurlara imza atıbdır. “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir. Mən sözlərimi əsaslandırmaq üçün bəzi rəqəmləri də səsləndirə bilərəm. Bildiyiniz kimi, Cənub Qaz Dəhlizi dörd layihədən ibarətdir. “Şahdəniz-2” layihəsinin icrası 93 faizə çatıbdır. İkinci layihə Cənubi Qafqaz kəməridir. Orada icra səviyyəsi 85 faizdir. Üçüncü layihə Trans-Anadolu neft kəməri – TANAP-dır. Burada işlərin 72 faizinin görülməsi təmin edilibdir. Dördüncü layihə Trans-Adriatik kəməri – TAP-dır. Orada isə icra səviyyəsi 42 faizdir. Onu da qeyd etmək istəyirəm ki, plana görə TAP-ın icra səviyyəsi bu günə 45 faiz olmalı idi. Yəni ki, o səviyyəyə yaxındır. Mən bunu xüsusilə vurğulamaq istəyirəm. Çünki Azərbaycan ictimaiyyəti bilir ki, TAP layihəsini əngəlləmək üçün indi böyük səylər göstərilir, qruplar təşkil olunur, ekoloji məsələlər bəhanə kimi ortalığa atılır. Bizdə olan məlumata görə, bunun arxasında böyük pullar dayanır. Yəni, o qruplar süni şəkildə, heç bir əsası olmadan təşkil edilir. Amma aydındır nə üçün, bu layihəni dayandırmaq, yaxud da ki, ləngitmək üçün".

Azərbaycan Prezidentinin sözlərinə görə, bütün bunlara baxmayaraq, TAP layihəsinin icrası plandan cəmi 3 faiz geridədir: "Ona görə, əminəm ki, bu layihənin icrasında da heç bir problem olmayacaq.

Bilirsiniz ki, bu gün biz böyük nəqliyyat layihələri üzərində işləyirik. Bakı-Tbilisi-Qars və Şimal-Cənub layihələri ilə bağlı Azərbaycanın üzərinə düşən vəzifələr tam icra edilib. İndi əlbəttə ki, tərəfdaş ölkələrdə bu işlərin sürətləndirilməsi prosesi gedir. Biz də gələcəkdə bu işlərdə iştirak edə bilərik. Belə olan halda indi əsas böyük nəqliyyat layihələri arasında prioritet Ələt Beynəlxalq Dəniz Limanının tikintisinin başa çatdırılmasıdır və bunun üçün lazımi vəsait ayrılıb. Əminəm ki, bundan sonra bir il ərzində, yəni, hesab edirəm, gələn ilin yayına qədər Bakı Ələt Beynəlxalq Dəniz Limanı istifadəyə veriləcək. Bu, Xəzər dənizində ən böyük liman olacaq və bizim nəqliyyat imkanlarımızı böyük dərəcədə artıracaq".