Moskvada Rusiya və Türkiyə XİN başçılarının görüşü keçirilib

28 Aprel 2018 13:50 (UTC+04:00)

Moskvada Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Cavuşoğlu arasında görüş keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüşdə Rusiya XİN başçısı ölkələr arasında intensiv dialoqun olduğunu qeyd edib.

S. Lavrov deyib ki, Rusiya və Türkiyə arasında əməkdaşlığın bu cür dinamikası ölkə prezidentlərinin Rusiya-Türkiyə əməkdaşlığının inkişafına necə əhəmiyyət verdiyini göstərir. S. Lavrov bugünkü görüşdə, o cümlədən iranlı həmkarı ilə keçiriləcək görüşdə kompleks məsələlərin, Suriya böhranının həlli yollarının müzakirə olunacağını söyləyib.

M. Çavuşoğlu isə görüşdə Türkiyə və Rusiya arasında inam atmosferinin mövcudluğunun regional problemləri həll etməyə şərait yaratdığını bildirib: “İki ölkə liderinin tez-tez görüşlərinin keçirilməsi, nazirlərin təmasları tarixi layihələrin həyata keçirilməsinə imkan yaradır. Bizim iqtisadi əlaqələrimiz və turizm sahəsində əməkdaşlığımız aktiv inkişaf edir. XİN başçılarının Astana formatında görüşləri sayəsində biz Suriya münaqişəsinin həlli məsələsində ciddi irəliləyiş etmişik. Bugünkü görüşümüz də bu məsələnin gələcək həllində addımlarımızı müəyyən etməyə icazə verəcək".