Nazirliyin mətbuat xidmətindən AzNews.az-a bildiriblər ki, aparılan təhlillər zamanı havadakı iy-qoxunun Bakı Neft Emalı Zavodunun Böyük Şor sahəsindəki qurğuların ətrafında daha çox yayıldığı müşahidə edilib. Nazirliyin mütəxəssisləri avqustun 31-də və sentyabrın 1-də zavodun ətraf ərazilərində monitorinq keçirib, atmosfer havasından ayrı-ayrı saatlarda 3 dəfə nümunələr götürüblər. Analizlər nəticəsində havada etil-benzol, meta-ksilol, orto-ksilol, hidrogen sulfid kimi kimyəvi maddələrin yol verilən qatılıq həddindən çox olduğu müəyyənləşib.
Ərazidə sonuncu monitorinq bu gün saat 15 radələrində keçirilib və iy-qoxunun azaldığı müşahidə olunub.
Araşdırma zamanı məlum olub ki, iy-qoxu zavodun Böyük Şor 1 saylı xam neftin qəbulu sahəsində 202-305 saylı qurğulardan gələn 500 millimetrlik boru xəttinin müəssisədə aparılan ümumi rekonstruksiya işləri çərçivəsində dəyişdirilməsi zamanı havaya yayılıb.
Bu cür halların təkrar olunmaması və rekonstruksiya işləri zamanı çirklənmənin qarşısının alınması məqsədilə əvvəlcədən nazirlik ilə razılaşdırılmış tədbirlərin həyata keçirilməsinin zəruriliyi barədə zavodun rəhbərliyinə xəbərdarlıq olunub və icrası məcburi olan "məcburi göstəriş" verilib.
AzNews.az