Mumiyalanmış şəxslərin ağızları ona görə açıq qoyulurdu ki, onlar o biri dünyada nəfəs ala bilsinlər. Lakin mumiyalardan biri həqiqətən də qışqıraraq ağrı-acı içərisində imiş kimi görünür.
AzNews.az xarici mətbuata istinadən Qədim Misir haqqında maraqlı faktları təqdim etməyə davam edir.
“National Geographic”ə görə, ağrı çəkən mumiya 1886-cı ildə aşkar edilib. Onun ölümü haqqında müxtəlif versiyalar irəli sürülür. Bəziləri mumiyanın zəhərləndiyini, digərləri isə diri-diri öldürüldüyünü ifadə edirlər.
Arxeoloq Bob Brayer bildirir ki, öldürülmüş biri heç vaxt mumiyalanmır. Ona görə də həmin şəxsin qətl olunması real görünmür.
2008-ci ildə aparılmış tədqiqatda isə bu mumiyanın, atası III Ramzesi öldürməyə çalışmış Pentaverə aid olması ehtimalı ortaya çıxıb. O, qoyun dərisinə bükülüb. Qədim Misirdə təqsirkar insanlar qoyun dərisinə bükülürdü.
Nurlan AĞA
AzNews.az