Sahibsiz itlər himayəyə götürüldü

5 Sentyabr 2018 17:30 (UTC+04:00)

AzNews.az xəbər verir ki, layihə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilir və bu sahədə işlərə may ayından etibarən başlanılıb. Layihə sakinlərin təhlükəsizliyinin təmin edilməsi, sahibsiz heyvanlara qayğı göstərilməsi, həmçinin cəmiyyətin onlara qarşı münasibətinin dəyişdirilməsi məqsədi daşıyır.

Sahibsiz itlərlə bağlı mövcud vəziyyət, problemin təsviri, layihə çərçivəsində görüləcək işlər, təkliflər, atılan addımlar barədə məlumat verən Heydər Əliyev Fondunun layihə koordinatoru Sabiq Abdullayev bildirib ki, Balaxanı qəsəbəsindəki sahibsiz itlər üçün sığınacaq mərkəzində yenidənqurma işləri həyata keçiriləcək. Burada beynəlxalq norma və tələblərə uyğun qəfəslər qurulacaq. Eyni zamanda, mərkəz müayinələrin aparılması, sterilizasiya, müalicə və heyvanlara mikroçipin yerləşdirilməsi üçün müasir tibbi avadanlıqlar və preparatlarla təchiz olunacaq.

Layihə müddətində əhalinin məlumatlandırılması məqsədilə təbliğat aksiyalarının keçirilməsi planlaşdırılır. Sosial videoçarxların, animasiya filmlərinin çəkilişi, veb-saytın yaradılması, ictimai tədbirlər, sərgilər və s. keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, problemin həllinə dair əhalinin mövqeyini öyrənilməsi məqsədilə sosial sorğu da keçiriləcək.

S.Abdullayev sahibsiz itlərin tutulduqdan sonra mərkəzə yerləşdiriləcəyini, burada müəyyən müddət ərzində saxlanılacağını, müayinədən keçiriləcəyini, sterilizasiya və peyvənd olunacağını, onlara mikroçip yerləşdiriləcəyini də diqqətə çatdırıb. Bu mərhələlərin ardınca müəyyən müddət keçdikdən (karantindən) sonra sağlam sahibsiz itlər sərbəst buraxılacaq. Mərkəzin gələcək fəaliyyəti sahibsiz itlərlə bağlı aparılan monitorinqə əsaslanacaq. Gələcəkdə mərkəzə gün ərzində 30-dan 50-dək sahibsiz itlərin tutulub gətirilməsi planlaşdırılır. Balaxanı qəsəbəsindəki sahibsiz itlər üçün sığınacaq mərkəzində yenidənqurma işləri başlanıldığından hazırda burada olan heyvanlar müvəqqəti olaraq IDEA Heyvanlara Qayğı Mərkəzində saxlanılacaq.

Ağır yaralı, müalicələri mümkün olmayan, əhali üçün aqressiv və təhlükəli olan sahibsiz itlərin isə sivil qaydada zərərsizləşdiriləcəyi nəzərdə tutulur.

“Yeni mərkəzdə sahibsiz itlərin sterilizasiyası və peyvəndlənməsini həyata keçirəcək baytar həkimlər, onların tutulmasını təşkil edəcək xüsusi mütəxəssislər çalışacaqlar. Mərkəzdə sahibsiz itlər üçün təcili tibbi yardım fəaliyyət göstərəcək. Həmçinin küçə itlərinin aşkar edilməsi və onlara müvafiq yardım göstərilməsi məqsədilə “Qaynar xətt” yaradılacaq. Sahibsiz itlərin ovlanması ilə məşğul olan briqada xüsusi avadanlıqlarla təmin ediləcək. Mərkəzdə peyvənd və sterilizasiya olunan itlər üçün xüsusi zonanın yaradılması nəzərdə tutulub. Buradan arzu edən hər kəs onları himayəyə götürə biləcək. Baytar həkimlər heyvanlara qayğı və peyvənd barədə onları sahiblənən şəxslərə məlumat verəcəklər.

Mərkəzə daxil olan bütün itlərlə bağlı məlumatlar - tutulduğu tarix və ünvan, heyvanın vəziyyəti, həyata keçirilmiş tibbi yardımlar və mikroçipin nömrəsi xüsusi informasiya bazasına daxil ediləcək. Sərbəst buraxılan və sahiblərini tapan itlər barədə də bazaya müvafiq məlumatlar yerləşdiriləcək”, - deyə S.Abdullayev vurğulayıb.

Paytaxtda həyata keçirilən pilot layihənin gələcəkdə regionları da əhatə etməsi nəzərdə tutulur. Üç il müddətində davam etdirilməsi planlaşdırılan layihə çərçivəsində, həmçinin yeni qanunvericilik də hazırlanacaq.

Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xalid Ələkbərov layihənin əhəmiyyətindən danışıb və bu sahədə öz dəstəklərini əsirgəməyəcəklərini deyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktoru Hikmət Əlizadə pilot layihəni yüksək qiymətləndirib. O, sahibsiz itlərlə bağlı problemin humanist üsullarla həllinin vacibliyindən danışıb. Departament direktoru məsələnin həllində məişət tullantılarının idarə olunmasının əhəmiyyətini də vurğulayıb.

Sonda kütləvi informasiya nümayəndələrinin sualları cavablandırılıb.

AzNews.az