“Türk Şurası Avrasiyanın geostrateji mərkəzinə çevrilir” - Deputat

7 Sentyabr 2018 22:08 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva AZƏRTAC-a açıqlamasında deyib.

Sədaqət Vəliyeva bildirib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası üzvlərinin Mərkəzi Asiya, Xəzər dənizi, Cənubi Qafqaz, Qara və Aralıq dənizləri regionlarında sıx əməkdaşlıq və böyük səmərəlilik bəxş edən nəqliyyat və karbohidrogen layihələrinin müəllifləri olmaları onlara geoiqtisadi dividendlərlə yanaşı, geosiyasi üstünlüklər də gətirir. “Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz kəmərlərinin, Cənub Qaz Dəhlizinin, TANAP, TAP, Bakı-Tiflis-Qars dəmir yolu, Şimal-Cənub və Şərq-Qərb, “Yeni İpək Yolu” layihələrinin reallaşdırılması, eyni zamanda, iri ticarət limanlarının və nəqliyyat terminallarının inşa edilməsi Yaponiyadan, Çindən gələn yüklərin, Xəzər hövzəsinin neft-qaz ehtiyatlarının Avropaya daşınması və nəqlini təmin edir, bundan sonra da edəcək. Perspektivdə isə Özbəkistan və Macarıstan kimi ölkələrin də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına qoşulması əməkdaşlıq üçün daha geniş imkanlar yarada bilər. Bütün bunlar isə yalnız səmərə və fayda gətirəcək. Çünki Şuranın üzvləri əməkdaşlıq üçün etnik, yaxud dini amili deyil, qarşılıqlı hörmət və maraqların uzlaşdırılması prinsiplərini əsas götürürlər”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

“Dünyada cərəyan edən prosesləri təhlil etdikdə aydın olur ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının uğurlu perspektivi var”, – deyən Sədaqət Vəliyeva əlavə edib ki, nəqliyyat-kommunikasiya, həmçinin neft-qaz layihələrinin tam reallaşdırılmasından sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Avrasiya məkanında ciddi amilə çevriləcək. Bundan faydalananlar isə daim sülhün və əməkdaşlığın tərəfdarları olacaqlar.

AzNews.az