Xəbər verildiyi kimi, bu ayın 8-də Ermənistan baş naziri Nikol Paşinyanın Rusiyaya işgüzar səfəri baş tutacaq. Baş nazir Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Son aylarda iki ölkə arasında yaranan gərginliyin fonunda görüşün nəticələrinin nə olacağı indidən az-çox məlumdur.
Paşinyanın Moskvanı narazı salan addımlarından və sabiq siyasilər barədə mövqeyindən sonra Kreml rəhbərinin baş nazirə qulaqburması verəcəyi gözlənilir. Paşinyanın Rusiya səfəri düşmən ölkə politoloqlarının da diqqət mərkəzindədir. "Modus Vivendi Mərkəzi"nin rəhbəri Ara Papyan Rusiyanın Ermənistanın daxili siyasi məsələlərini müzakirə etmək ixtiyarının olmadığını düşünür. Onun sözlərinə görə, Koçaryanın Lavrov tərəfindən müdafiəsi təhlükə doğurmasa da, qəbuledilməzdir: "İki ölkə arasında zatən problemli keçən münasibətlərə daha çox ziyan vurulacağını bilərək Ermənistanın özündə cəmiyyətin 70-80 faizi tərəfindən rədd edilən bu adamı müdafiə etmək nəyə lazımdır, anlamıram. Burada konkret olaraq Koçaryanın şəxsiyyəti önəm daşımır. Ruslar sadəcə olaraq hansısa sirlərin ortaya çıxacağından qorxurlar". Papyan Rusiya-Ermənistan münasibətlərində problemin Kremlin özü tərəfindən yaradıldığını düşünür: "Mən yeni hakimiyyətin Rusiya ilə hər hansı məsələsinin olduğunu düşünmürəm. Lakin Kreml nədənsə yeni iqtidarı qəbul etmək istəmir". Erməni ekspert Ruben Mehrabyan isə qarşıdakı görüşdə bir neçə məsələnin Kreml qarşısında qaldırılmasının vacib olduğunu deyir: "Birmənalı olaraq Rusiyanı yeni reallıqlara adaptasiya olmağa inandırmaq lazımdır. Ruslar bilməlidirlər ki, Rusiya-Ermənistan münasibətləri şaquli deyil, üfüqi istiqamətdə cərəyan edəcək. Rusiya Ermənistanın xarici aləmlə əlaqələrini öz inhisarı altına ala bilməz. Moskvanın bizim üçün yeganə və dəyişməz olması mümkün deyil. Ermənistanın başı Rusiyanın oturacaq kimi istifadə edəcəyi yer deyil".
Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov isə hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri öz loyallığını sübut etmək üçün bir şans olacaq. Politoloq bildirib ki, İrəvanla Moskvanın münasibətləri heç vaxt bərabərhüquqlu tərəfdaşlıq münasibətləri olmayıb:
"Ermənistan Rusiya üçün müəyyən siyasi məqsədlərə alət olub. Bu gün Ermənistan Avropa bazarlarına çıxış imkanlarına malik deyil. Cənubi Qafqazdan keçən bütün layihələrdən məhrumdur. İrəvan yalnız Moskvaya ümid edir. Rusiya hər zaman Ermənistanın sponsoru, donoru və himayəçisi olub. Paşinyanın səfəri müəyyən mənada Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfəri və imzalanmış sənədlər fonunda İrəvanda yaranan təşvişlə əlaqədardır. Paşinyan yaxşı başa düşür ki, ona ünvanlanan çoxlu suallar var. O, bu suallara cavab verməli, loyallığını təsdiq etməli və sübut etməlidir ki, öz siyasi istiqamətini dəyişməyib. Lakin onun bunu edə biləcəyi sual altındadır. Sirr deyil ki, Ermənistan-Rusiya münasibətlərinin səviyyəsi əhəmiyyətli şəkildə azalıb".
Analitik vurğulayıb ki, bu fonda Azərbaycan və Rusiya arasında qarşılıqlı münasibətlərin səviyyəsi yüksələcək: "Reallıq ondan ibarətdir ki, artıq Bakı ilə Moskva arasında çoxillik strateji tərəfdaşlıq forması mövcuddur. Azərbaycan Prezidentinin Rusiyaya səfəri zamanı bir çox sahələrdə ikitərəfli əməkdaşlığı təsdiq edən və genişləndirən bir sıra sənədlər imzalandı. Rusiyalı ekspertlər və deputatlar açıq şəkildə bəyan edirlər ki, Azərbaycan Rusiyanın Cənubi Qafqazda əsl müttəfiqidir. Bu, ikitərəfli əməkdaşlığın əhəmiyyətinin ciddi şəkildə qəbul edilməsi deməkdir. Bu fonda Paşinyan Rusiyaya "günahkar şagird" kimi gedir". (sherg.az)