Ginekoloqdan xanımlara mühüm tövsiyələr: “Yumurtalıq kistaları...”

13 Sentyabr 2018 09:39 (UTC+04:00)

- Kistaların hansı növləri var və ən çox yayılmış kista növü hansıdır?

- Kistaların bir çox növləri mövcuddur. Yumurtalığın şiş və şişəbənzər törəmələrinə bunları misal göstərmək olar: follikulyar, sarı cism kistası, paraovarial, seroz, musinoz, dermoid və endometrioz (şokolad). Ən çox yayılmış kistalar isə follikulyar, sadə seroz və endometrioz (şokolad) kistalardır. Follikulyar kistalar əksər qadınlarda olur və xoş xassəlidir. İzləmək lazım gəldikdə müalicə təyin etmək olur.

- Yumurtalıq kistlərinin əlamətləri hansılardır?

- Kistalar bəzən simtomlu və simptomsuz ola bilir. Əlamətləri isə aybaşı pozulması və qarın nahiyəsində ağrılar yaranmasıdır. Kistalar bəzən kəskin ağrılar verə bilir. Bunun səbəbi isə kistanın burulması və deşilib möhtəviyyatının qarın boşluğuna tökülməsi ola bilir. Bu kimi hallarda cərrahi müdaxiləyə ehtiyac ola bilir.

- Endometrioz kista nədir?

- Endometrioz kistalara el dilində şokolad kistaları da deyilir. Endometriomalar yumurtalığın şokalad kistləri uşaqlığın iç endometrium təbəqəsinin yumurtalıq toxumasında yerləşməsi ile əlaqədar olur, yumurtalıq toxumasını zamanla zədələyir, bəzi hallarda sonsuzluğa səbəb olur.

- Bu kistalar müalicə ya əməliyyat yolu ilə aradan qaldırılır?

- Hər ikisi də mümkündür. Amma kistanın ölçüsü, xəstənin şikayəti, hamiləliyin planlanmasından asılı olaraq dərman ya cərrahi müalicəyə qərar veririk.

- Kistalar daha çox hansı yaş aralığındakı xanımlarda müşahidə olunur?

- Gənc xanımlarda daha çox təsadüf olunur, kistanın aybaşı zamanı güclü ağrı kimi əlamətləri var. Bu zaman mütləq həkim müayinəsindən keçmək lazımdır.

- Kəskin aybaşı ağrısının səbəbi nələrdir?

- Bəzi xanımlarda daxili orqanlarda iltihabla bağlı da aybaşı zamanı ağrılar ola bilir. Digər səbəb bəzi xanımlarda uşaqlığın içərisində prostaqlandin deyilən maddələrin yüksək səviyyədə olması ilə bağlı aybaşı ağrılarını güclü hiss etmələridir, bu da zamanla və ya ailə qurduqdan sonra dəyişib, ağrılar azala bilər.
Ona görə bu ağrıların funksional və ya ciddi səbəblərlə yeni yumurtalığın şokolad kistləri kimi səbəblərdən qaynaqlandığını ayırmaq üçün mütleq hekim müayinesindən keçmək lazımdır. Yəni ciddi bir şey var ya yox bu aydınlaşdırılmalıdır.

- Kistamızın olub-olmamağını necə müəyyənləşdirə bilərik?

- Kistalar əsasən ultrasəs müayinəsi zamanı aşkar olunur. Xoş və bədxassəli kistalarla yanaşı, arada keçid mövqe tutan kistalar da ola bilir. Bunları ayırmaq üçün detallı ultrasəs müayinəsində strukturlarına baxılır,onkomarkerlərin səviyyəsi müəyyən edilir, ölçü ve inkişaf dinamikasına nəzarət olunur.

- Xanımlara tövsiyələriniz nələrdir?

- Xanımlara məsləhətim vaxtında müayinə olunmaq, hər bir narahatçılığı qiymətləndirmək, vaxtında ailə qurmaq, özlərini cinsi yolla keçən xəstəliklərdən və arzu olunmaz hamiləliklərdən qorumağı tövsiyə edirəm. Bütün xanımlarımıza xoşbəxt qadın, ana olmağı arzu edirəm.

Nigar CƏFƏR
AzNews.az