Belə olmamalı idi. Amma nə edək ki, bəzən taleyin “sürpriz”ləri ilə barışmalı olursan! Buna gücün yetməsə də...
AzNews.az Nigar İsmayılqızının sənət dostlarının onun haqqında fikirlərini təqdim edir.
Rəşad Məcid (yazıçı, jurnalist):
Nigarı bir neçə il idi tanıyırdım. Hələ televiziyada işləyərkən hazırladığı reportajlara baxmışdım. Çox istedadlı və çalışqan xanım idi. Sonradan Yazıçılar Birliyinə tez-tez gəlib, gedirdi. Bədii, publisistik yazıları maraqlı idi. Son kitablarından olan aprel döyüşləri haqqındakı "Savaşçı" romanına mənimlə də müsahibəni daxil etmişdi. Qarabağ müharibəsi, şəhidlərimiz haqqında fikirlərimi, düşüncələrimi daxil etmişdi. Çox təvazökar, sadə, cazibədar, təmkinli xanım idi. Onun xəstəliyi və vəfatı mənimçün də çox ağır oldu. Hələ də özümə gələ bilmirəm. Elə düşünürəm ki, həmkarları, dostları, oxucular onu yazıları, gördüyü işlərlə hər zaman yad edəcək, xatirəsini yaşadacaqlar.
O, Yazıçılar Birliyinin üzvü idi, bu il Prezidentin gənc yazarlar üçün nəzərdə tutulmuş xüsusi təqaüdünə layiq görülmüşdü. Bakıda və İstanbulda yaşayırdı. Orayla və Bakıyla bağlı gözəl arzuları, xəyalları vardı. Həyat sevgisi ilə dolu bir xanım idi. Təəssüf ki, həyatı yarıda qırıldı. Heyf...
Mətanət Ağamirli (jurnalist, aparıcı):
Nigar İsmayılqızı günümüzün gənc yazar jurnalistləri arasında öz dəsti xətti, çalışqanlığı, qələmi ilə seçilən həmkarımız idi. Amma mən onu peşəkarlığını yox, sözün əsl mənasında İNSANlığını qeyd etmək istərdim. Nigar gözəl dost, gözəl övlad, gözəl həmsöhbət, dəyərləri özündə cəmləşdirən gözəl insan idi. Onu çox sevirdim. Mülayimliyi, güzəşətə getməyi, hər zaman barışdırıcı mövqe tutması, pozitiv enerjisi, hər bir hadisəyə-insana sevgi ilə, həssaslıqla yanaşması məni valeh edirdi. Hüzurlu, işıqlı insan idi. Qayğıkeş, səbrli, təmkinli, sədaqətli və s. Bütün mövzularda qarşılıqlı olaraq dərdləşdiyimiz, bölüşdüyümüz, səmimi, təmənnasız bir münasibətimiz vardı. Çox anlaşıqlı, hamını başa düşməyə çalışması, qayğıkeşliyi, incə qəlbi, sevgi dolu olması - onu necə sevməmək olardı? Çox heyf, Nigarı vaxtsız itirdik. Bu itki mənə çox ağırdır. Amma tək təsəllim bütün varlığımla inancımdır ki, Nigar bir mələkdir. Mələklər isə cənnətlikdir. Məkanı cənnət olsun əziz bacımın. Nur içində uyusun.
İlqar Rəsul (yazıçı, jurnalist):
Nigarda fərqli nəsə var idi. Amma tam bilmək olmurdu nə. Çünki gah geyimində, gah təsadüfən küçədə rastlaşanda görüşmək tərzində, gah da təbəssümündə axtarırdın bu fərqi. Amma tam olaraq, bir nəticəyə gələ bilmirdin…
Nigarla Facebookda tanış olmuşduq. Həmkar olduğumuzu bilirdik. Ola bilsin ki, hansısa tədbirlərdə rastlaşmışdıq da. Amma yanılmıramsa, ilk ünsiyyətimiz FB-də oldu və alındı. Kimin ilk dəfə yazdığını da xatırlamıram düzü. Olur belə, insanlar dostlaşanda necə və ya nədən başladıqlarını unudurlar bəzən. Yadımda qalan odur ki, ilk söhbətlərdə Nigar nələrsə soruşurdu, mən cavab verirdim. O vaxt mən hər bazar günü səhər tezdən bulvarda özümün sevimli “bazar günü gəzintiləri”mi davam etdirirdim. Və bu barədə hər dəfə FB də yazırdım. Bir dəfə Nigar yazdı ki, etiraz eləməsəm, bir bazar günü gəzintisində mənə qoşulmaq istəyir. Məmnuniyyətlə onu gəzintiyə dəvət etdim. Beləcə bazar günlərinin birində bulvarda görüşdük. Uzaqdan gəlişindən tanıdım onu, yerişi də geyimi və təbəssümü kimi yaddaqalan idi. Bir xeyli gəzindik. Sonra Park Bulvarda qəhvə içdik.
Adətən, belə gəzintilərimə hərdən şərik olanlar məndən daha çox özüm haqda nələrsə eşitmək istəyir, ya da özlərini tanıdırlar. Amma Nigar elə etmədi. İstər gəzinəndə, Istərsə də qəhvə içəndə o, bizim söhbətimizdən özünü tanımağa çalışırdı. Özü də bunu açıq edirdi. Düşüncələrindən, keçmiş yaşantılarından, həyatdakı itkilərindən, xoş anlarından danışır, keçirdiyi hisslərin sözlə şəklini çəkir, sonra sual verirdi. O bilmək istəyirdi ki, görsün hamı onun kimidi, ya yox? Hamı belə hisslər keçirir, ya tək odu belə? Bu çox maraqlı idi. O zaman mən onun keçirdiyi bir çox hissləri, etdiyi müşahidələri, qənaətlərini heç də hamının keçirmədiyini, etmədiyini dedim ona…
Nigar təkcə geyimində yox, danışığında, təbəssümündə də hamı kimi deyildi. Daim bir az narahat idi Nigar. Ən azı mənim müşahidələrimdə. Nigar həyatı çox sevirdi. Amma həyata qarşı tərəddüdləri də var idi. Və o tərəddüdlərin axırına çıxmaq istəyirdi sanki. Bəzən o bu dünyaya çox doğma, bəzən çox yad idi. Amma hər iki halda dünyanın içində yox üstündə idi. Özü də yamaq kimi yox, bəzək kimi.
Adətən Nigar özünə dair nələrsə soruşanda cavabını da təxmini bilirdi. Sadəcə, mənim təsdiqləməm onu daha da özünə əmin edirdi. Dostlaşmışdıq, mən ona “Niquş” deyirdim.
Bir müddət sonra, ikinci “Bazar günü gəzintisi”ndən ayrılanda ona dedim: “Nigar, suallarından və maraq dairəndən belə görürəm sən özünü yaxşı tanımırsan və tanımağa çalışırsan. Amma əminəm ki, özünü yaxşı tanıyandan və anlayandan sonar daha rahat olacaqsan və daha çox nailiyyətlər qazanacaqsan”.
Məncə, Nigar bu dünyadan özünü tam tanımamış getdi. Və buna onun sadəcə vaxtı çatmadı…
Füzuli Hüseynov (Əməkdar artist):
Çox ağır xəbərdi. İnanmaq çətindir. Heyf Nigardan... Elə bil tələsirdi. Kitab yazırdı, sənədli film üzərində işləyirdi. İşıqlı xanım idi. Heyf ondan. Ölüm ona qarşı çox amansızlıq etdi. Onu çox sevirdim. Heç bir sözünü yerə salmırdım. Millətinə sadiq xanım idi...
Ruhu şad olsun... Ailəsinə səbr diləyirəm. Mümkün deyil. Amma yenə də...
Elçin Hüseynbəyli (yazıçı):
Nigar İsmayılqızı mənimçün, həm də elə onu sevənlər üçün bir Günəş idi: parladı və söndü. Hər nəydisə bizdən getdi. Mən onun iki kitabının redaktoru, bir kitabının ön sözünün müəllifi olmuşam.
Vətən, Qarabağ düşüncəsi, Türk-Azərbaycan birliyi onun fəaliyyətinin əsasıydı.
Həyatsevərdi. Birgə planlarımız vardı.
O, vətən üçün çox işlər görərdi, amma ömrü kəpənək qədər oldu.
Biz özümüz də kəpənəyik!
Görüşənədək, dost!!!
Arif Hüseynov (Xalq rəssamı):
Nigar xanımla ilk dəfə televiziyada tanış olmuşdum. Ondan sonra bağımda mənimlə bağlı süjet elədi. Növbəti dəfə isə Qala Muzey Kompleksində daha bir çəkilişimiz oldu. Bir müddət sonra eşitdim ki, Türkiyəyə gedib. Orda Azərbaycanın söz-sənət adamları ilə bağlı kitab hazırlayırdı. O kitabda mənim haqqımda da yazı var idi. Nigar çox məhsuldar idi, çalışqan idi, bir yerdə dayanmırdı, kitabdan sonra da bir şəhid haqqında sənədli film hazırladı. O filmin də təqdimatında iştirak etmişdim.
Nigar İsmayılqızı Azərbaycan xanımı adına layiq olan ən dəyərli qızlarımızdan idi. O öz fəaliyyətində şəxsiyyəti ilə peşəkarlığını birləşdirən nadir insanlardan idi. Onun ölümünü eşidəndə inanmadım.
Bir dəfə taksidə qəzaya düşmüşdü, onda xilas oldu, amma bu dəfə...
Nigar İsmayılqızı Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında böyük rol oynayırdı. Onun vəfatı Azərbaycan jurnalistikası üçün böyük itkidir. Xatirəsi yaddaşlarımızdan heç zaman silinməyəcək.
AzNews.az