AzNews.az Nikol Paşinyanın beynəlxalq hüququ pozan və danışıqlar prosesini ləngidən bəyanatlarla çıxış edərkən Anna Akopyanın sülh çağırışları ilə bağlı Siyasi İnnovasiyalar və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlunun fikirlərini öyrənib.
- Cənab Əhmədoğlu, Anna Akopyanın bəyanatı doğrudan da sülhə çağırışdır, yoxsa Paşinyan hakimiyyətinin növbəti fəndlərindən biridir?
- Əslində buna daha çox Paşinyan ailəsinin düşünülmüş siyasəti kimi yanaşmaq lazımdır. Paşinyan baş nazir olanadək Dağlıq Qarabağ məsələsində mövqe ortalığa qoyub. Həmişə Serj Sarkisyanın və Koçaryanın Dağlıq Qarabağla bağlı siyasətini tənqid edib. Özü isə bu mövzu ilə bağlı Levon Ter-Petrosyanın tərəfdarıdır, ona görə də uzun müddət partiyasının üzvü olub. İndi baş nazirdir və guya məcburdur ki, Dağlıq Qarabağ münaqişəsilə bağlı sərt bir mövqe nümayiş etdirsin. Amma yaxşı bilir ki, Dağlıq Qarabağın Azərbaycana qaytarılmasının tərəfdarı olan ermənilər də var. Onları nəzarətdə saxlamaq istəyir. Ona görə də belə ikibaşlı oyun oynayır. Belə bir söz var: yaxşı polis, pis polis. İndi bunlar ər-arvad yaxşı polis, pis polis oynayırlar. Biri Dağlıq Qarabağ məsələsində mövqeyini sərtləşdirir, digəri mövqeyini yumşaldır. Bu da bir ailə oyunudur. Onu da nəzərə almaq lazımdır ki, Akopyan da çox ambisiyalı qadındır və siyasətə girmək istəyir. Çalışır ki, Dağlıq Qarabağ mövzusuna girməklə beynəlxalq siyasətə addım atsın, beynəlxalq konfranslara dəvət edilsin, konfransların təşkilatşısı olsun, özünü sülh tərəfdarı kimi göstərsin. Anna Akopyan erməni oliqarxlarının arvadlarını öz brilliantlarını təhvil verməsi üçün dəvət etmişdi. Guya kasıb ermənilərin problemlərini həll etməkdən ötrü oliqarx arvadları bər-bəzəklərini onu nəzarətində olan fondlardan birinə verməldirlər. Bu, istər-istəməz Anna Akopyana və onun çağırışına qarşı şübhə yaradır. Bizdə sülh platforması var və həmin platformada Ermənistan vətəndaşları da fəaliyyət göstərir. Baş nazirin arvadı olanda nə olar, o da Ermənistan vətəndaşıdır. Mətbuatdan bildiyimə görə, A. Akopyan bu təşəbbüsü Moskvada irəli sürəndə təklif ediblər ki, bu platformaya qoşulsun. İdeyası sağlamdırsa, o da Azərbaycan və Ermənistan vətəndaşlarının birgə yaratdığı Sülh Platformasında iştirak etsin.
- Bildiyiniz kimi, Ermənistanda tez-tez ölən əsgər analarının üsyanı olur. Düşünürsünüzmü ki, bu çağırış həmin üsyanları yatırmaq üçün nəzərdə tutulub?
- Siz dediyinizdə həqiqət var. Onların məqsədlərindən biri də odur, ancaq müvəqqətidir. Qarabağ müharibəsində ölən, şikəst olan adamlar indi çox əziyyət çəkirlər, xarabaxanada yaşayırlar. Onlara gələn payın bir qismini Serj Sarkisyan, bir qismini Koçaryan, qalanları da Manvel Qriqoryan kimilər yedi. Yəni, Qarabağda döyüşən erməniyə ağrıdan, xəstəlikdən, evsizlikdən, yoxsulluqdan başqa heç nə qalmadı. Əgər erməni dövləti və diasporu 20 ildə onların problemini həll edə bilməyibsə, Anna Akopyan da o problemi həll edə bilməyəcək. Bir şeyi də qeyd edim, Anna Akopyan əri baş nazir olandan sonra təklif irəli sürdü ki, Ermənistanda evsiz adamlar çoxdur. Artıq bağ evi olan, evində yaşamayan ermənilər öz evlərini evsizlərə versinlər. Lakin heç bir erməni onun bu çağırışına qoşulmadı. Ona görə də onun bu çağırışı da, Qarabağ əlillərinə kömək etmək çağırışı da cavabsız qalacaq.
Pərvanə AĞAZADƏ
AzNews.az