Heydər Əliyev Fondu ilə BP arasında memorandum imzalanıb

20 Sentyabr 2018 15:52 (UTC+04:00)

İmzalanma mərasimində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz iştirak edib.

Heydər Əliyev Fondu və BP Azərbaycan şirkəti arasında keçirilən görüşdə Azərbaycanda reallaşdırılacaq layihələr, o cümlədən sosial, mədəniyyət, idman, təhsil, elm və texnika, ekologiya sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

Anar Ələkbərov 2004-cü ildən fəaliyyət göstərən Heydər Əliyev Fondunun sosial-iqtisadi, mədəni sahələrdəki dövlət siyasətinə dəstəyi, vətəndaş cəmiyyətinin formalaşmasına verdiyi töhfə barədə danışıb. Fondun artıq beynəlxalq səviyyədəki fəaliyyətinin ölkələr və vətəndaşların həyatında, eyni zamanda, ikitərəfli əlaqələrin genişlənməsində əhəmiyyətli rol oynadığını qeyd edib. Bu layihələr sırasında Bosniya və Herseqovinada Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş Təcili Tibbi Yardım Mərkəzinin bu günlərdə açılışını, Macarıstanda reallaşdırılan layihələri, bir neçə gün sonra Vatikanda katakombaların bərpası ilə bağlı orada təqdimat keçiriləcəyini diqqətə çatdırıb. Eyni zamanda, Fond tərəfindən ən böyük layihələr sırasında “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, Talassemiya Mərkəzinin inşası, daun sindromlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər, valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı, mədəniyyət və tariximizin tanıdılması üzrə layihələrin uğurla həyata keçirildiyini bildirib. “Bu gün Heydər Əliyev Fondu və BP şirkəti arasında əməkdaşlıq memorandumunun imzalanmasının 24 il əvvəl 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalandığı günə təsadüf etməsi də rəmzi məna daşıyır. BP-nin Azərbaycanda iri neft layihələri çərçivəsində başlanan fəaliyyətinin hazırda ölkəmizdə humanitar sahədə genişlənməsi və regionun ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu ilə imzalanan memorandum üzrə də əməkdaşlığın davam etməsi sevindirici haldır. Ümid edirəm ki, Fond və BP arasında imzalanan memorandum təkcə Bakıda deyil, bizim regionlardakı layihələrimiz üzrə də uğurla həyata keçiriləcək”, - deyə Anar Ələkbərov qeyd edib.

BP şirkəti Azərbaycanda işləməsindən qürur duyur

Çoxdan bəri Heydər Əliyev Mərkəzinə gəlmək arzusunda olduğunu vurğulayan Qəri Counz deyib: “Belə bir gündə - Azərbaycan Neftçiləri Günündə və bizim Azərbaycanla ilk müqaviləmiz olan “Əsrin müqaviləsinin” 24-cü ildönümü günündə əməkdaşlıq memorandumunun imzalanmasından çox məmnunuq. BP Azərbaycanda işləməsindən qürur duyur. İlk müqaviləmiz imzalandığı vaxtdan etibarən BP şirkəti Azərbaycanın cəsur neftçiləri ilə çiyin-çiyinə bu ölkənin neft sənayesində çalışır”.

Qəri Counz qeyd edib ki, təmsil etdiyi şirkət Azərbaycanda fəaliyyət göstərdiyi bu illər ərzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörənliklə irəli sürdüyü planların uğurla həyata keçməsinin şahidi olub. Belə ki, bu strateji planlar ölkənin mənafeyi və gələcəyi naminə məharətlə həyata keçirilir. Bu cür uğurlu planların əsasında təhsilin, mədəniyyətin inkişafı və insanların qayğısına qalmaq kimi amillərin dayandığını qeyd edən Qəri Couns bu baxımdan Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirib.

Qəri Counz: Heydər Əliyev Fondunun gördüyü işlər ölkənin gələcəyinə əvəzsiz töhfədir

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib: “BP şirkəti Azərbaycanın parlaq dayanıqlı gələcəyinin qurulmasına yardım etmək səylərimizə qoşulmaq imkanı verən bu memorandumun imzalanmasını yüksək qiymətləndirir. Hesab edirik ki, Heydər Əliyev Fondunun gördüyü işlər ölkənin gələcəyinə əvəzsiz töhfədir. Fondun mədəniyyət, təhsil, sosial və ətraf mühit sahələrində gördüyü işlər həm ölkədə, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Azərbaycandakı fəaliyyətimizin ötən 26 ili ərzində biz də təhsilin inkişafı, icmalarda bacarıqların yaradılması, yerli kiçik və orta sahibkarlığın gücləndirilməsi, ölkədə idmanın inkişafı və mədəni irsin təbliğinə dəstək vermək üçün əlimizdən gələn səyləri əsirgəməmişik. Ümid edirik ki, imzalanan memorandum uzunmüddətli etibarlı tərəfdaş olaraq bu möhtəşəm ölkə üçün birlikdə daha çox töhfə verməyimizə imkan yaradacaq”.

Memorandumun hədəfləri – Azərbaycanda təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə birgə layihələrin icrası

Qeyd edək ki, əməkdaşlıq memorandumu Bakı-Tbilisi-Ceyhan neft kəmərinin və Cənubi Qafqaz Boru Kəmərinin Azərbaycan ərazisində əhatə etdiyi bölgələr üzrə təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə birgə maraq doğuran layihələrin icrasını nəzərdə tutur. Bu layihələr müxtəlif infrastrukturun, o cümlədən məktəb binalarının tikintisi və bərpası, mədəni-tarixi irsin bərpası və qorunması, kiçik və orta sahibkarlığın inkişafına dəstək xarakteri daşıyacaq. Eyni zamanda, ekologiya, idman, sosial və təhsil sahələrində, həmçinin regionlarda gənclər arasında müxtəlif peşə sənətinin və startapların inkişafı, uşaq və yeniyetmələrin maarifləndirilməsi, valideyn himayəsindən məhrum olan uşaqlar üzrə birgə layihələr icra olunacaq.

Qonaqlar, həmçinin Mərkəzdəki Heydər Əliyev Muzeyi və sərgi zalları ilə tanış olublar. Heydər Əliyev Mərkəzinin binasının memarlıq nümunəsi olmaqla yanaşı, burada maraqlı layihələrin təqdim edilməsi qonaqlarda böyük maraq doğurub.

AzNews.az