11 min manatlıq kompensasiya alacaq Şəhid ailələrinin SİYAHISI dəqiqləşib

4 Oktyabr 2018 14:48 (UTC+04:00)

Dövlət başçısı “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərman imzalayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıblı Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, Fərmanın icrasının tam şəffaf, vətəndaş məmnunluğuna səbəb olacaq şəkildə yerinə yetirilməsi üçün nazirlikdə yaradılmış komissiya tərəfindən bir sıra işlər görülüb:

“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısı hazırdır. Ədliyyə Nazirliyi həmin şəhid hərbi qulluqçulardan sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olanların siyahısını, Dövlət Sığorta Kommersiya Şirkəti isə vərəsələrinə sığorta ödənişi verilmiş hərbi qulluqçuların siyahısını nazirliyə təqdim edib. Bu siyahılar üzərində müvafiq dəqiqləşdirmə işləri yekunlaşıb”.

Şöbə müdiri qeyd edib ki, bu il oktyabr ayının əvvəlindən sənədlərin qəbuluna başlanacaq:

“Fərmana əsasən bu kateqoriyadan olan hər bir şəhid ailəsinin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə həyata keçiriləcək”.

AzNews.az