Slovakiya Baş nazirinin müavini Qobustan qoruğunda oldu

14 Noyabr 2018 14:41 (UTC+04:00)

Slovakiya nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində noyabrın 14-də Qobustan Milli Tarix-Bədii Qoruğunda olublar.

AzNews.az xəbər verir ki, Slovakiya Baş nazirinin müavini və maliyyə naziri Peter Kazimirin rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə qoruğun ərazisində yaradılmış muzeydə nümayiş etdirilən eksponatlara baxıblar.

Qobustan Milli Tarixi-Bədii Qoruğunun direktoru Vüqar İsayev məlumat verib ki, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu açıq səma altında qoruq-muzey kimi böyük şöhrət qazanıb. Ərazidə daş dövründən son orta əsrlərə qədərki həyat və məişəti əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələrini müasir azərbaycanlıların ulu əcdadları min illər ərzində yaradıblar. Qobustan qayaüstü rəsmləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində alimlər tərəfindən 6 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib.

Qeyd edilib ki, Qobustan Milli Tarix-Bədii Qoruğundakı nadir qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə alan dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə qoruq muzeyi üçün yeni bina tikilib. Nümayəndə heyətinin diqqətinə çatdırılıb ki, dünya əhəmiyyətli tarixi abidə olan Qobustan Qoruğu 2007-ci ildə UNESCO-nun Maddi-Mədəni İrs Siyahısına daxil edilib.

Qədim insan məskəni ilə tanışlıqdan məmnun qalan qonaqlar ərazidə aparılmış tədqiqat işləri ilə və tarixi eksponatlarla maraqlanıblar.

Qonaqlar Qobustan Milli Tarix-Bədii Qoruğundan xoş təəssüratla ayrılıblar.

AzNews.az