BNA: Qaydanı pozan sürücülərin sayı yaxın günlərdə açıqlanacaq

29 Noyabr 2018 16:00 (UTC+04:00)

Buna baxmayaraq, taksi sürücüləri hələ də avtomobillərini avtobus dayanacaqlarında saxlamaqda davam edirlər. Belə olduğu halda avtobus sürücüləri nəqliyyat vasitələrini yolun ortasında saxlamağa məcbur olurlar. Bu isə həm yolda digər avtomobillərin hərəkətinə maneə yaradır, həm də sərnişinlərin həyatı üçün təhlükəlidir.

Taksi sürücülərinin yeni qaydalara necə əməl etdiyini müəyyənləşdirmək üçün AzNews.az-ın əməkdaşları Elmlər Akademiyası metrostansiyası ətrafındakı dayanacaqlara baş çəkib.

Dayancağa yaxınlaşdığımız zaman avtobuslardan çox taksilər nəzərimizə çarpdı. Yaxınlaşıb, sual vermək istədiyimizi görən taksi sürücülərinin bəziləri avtomobillərini işə salıb dayanacaqdan uzaqlaşdılar. Sürücülərdən biri isə “bu qaydadan xəbərim var, icazəsiz yerdə dayanmıram, sadəcə oğlum marketə gedib siqaret almağa, onu gözləyirəm”, - dedi.

Dayanacaq ərazisində olduğumuz müddətdə həmin sürücünün oğlu marketdən hələ də geri gəlməmişdi.

BNA-nın mətbuat xidməti rəhbəri Mais Ağayev AzNews.az-a bildirib ki, qaydanı pozan sürücülər mütəmadi cərimələnir. O, cərimələnən sürücülərlə bağlı statistikanın yaxın günlərdə açıqlanacağını deyib.

Nigar CƏFƏR

AzNews.az