Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunun "İzahlı dilçilik terminləri lüğəti”nin müəllifləri bu nəşrin plagiat olması barədə səslənən iddialara cavab veriblər. Qeyd edək ki, lüğətin tərtibçiləri professor Sayalı Sadıqova, filologiya üzrə fəlsəfə doktoru, dosent Natəvan Hüseynova, filologiya üzrə fəlsəfə doktoru, dosent İradə Abdullayeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Svetlana Novruzova, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəbnəm Həsənli - Qəribovadır.
AzNews.az xəbər verir ki, lüğətin tərtibçiləri bildiriblər ki, dilçiliklə bağlı tədqiqatlarda qeyd edildiyi kimi, terminoloji lüğətlərin sözlüyünün hazırlanmasında iki şərt əsasdır: "Bu şərtlər əvvəllər nəşr edilmiş müvafiq terminoloji lüğətlərin sözlüyünün yenidən tənqidi surətdə nəzərdən keçirilməsi və təkmilləşdirilməsi, orijinal mətnlərin, dərsliklərin, elmin ayrı-ayrı sahələrinə dair yazılmış əsərlərdən lazımi terminlərin seçilib sistemə salınmasıdır. Bu prinsiplərdən istifadə edilərək bir sıra dilçilik terminləri lüğəti nəşr edilib. XX əsrin əvvəllərində SSRİ EA Azərbaycan filialının Ensiklopediya və Lüğətlər İnstitutu tərəfindən “Rusca-azərbaycanca dil və qrammatika terminləri lüğəti” (1939-cu ildə D. Quliyev tərəfindən) nəşr edilib. Həmin lüğət orta məktəb proqramını əhatə edir. 1954-cü ildə Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı tərəfindən layihə şəklində çap olunmuş dilçilik terminləri yenidən işlənib və 1957-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı həmin lüğəti R.Ə.Rüstəmov, M.Ş.Şirəliyev və C.H.Əfəndiyevin redaktorluğu ilə nəşr edib. 1960-cı ildə Azərbaycan Tədris Pedaqoji Nəşriyyatı tərəfindən nəşr edilmiş “Müxtəsər dilçilik lüğəti” də bu sahədə atılmış uğurlu addımlardan hesab oluna bilər. 1969-cu ildə Ə.Fərəcov tərəfindən çap edilmiş dilçilik lüğətində orta və ali məktəblərdə işlənən dilçilik terminləri, onların əsas əlamət və xüsusiyyətləri göstərilməklə 150 termin izah edilir. 1989-cu ildə “İzahlı dilçilik terminləri” sorğu lüğəti çapdan çıxıb (müəlliflər - M.İ.Adilov, Z.N.Verdiyeva, F.M.Ağayeva). İndiyə qədər Azərbaycanda çap olunmuş dilçilik terminləri lüğətlərinin ən mükəmməli olan bu lüğətdə ali və orta məktəb dərsliklərində işlənən sabitləşmiş təxminən 1 600 termin əhatə olunub. Arxaikləşmiş, dublet terminlər lüğətin sonuna əlavə edilib. Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Eksperimental fonetika və dilçilik laboratoriyasında hazırlanan “Dilçilik ensiklopediyası”nda hər bir termin rus dilində əlifba sırası ilə düzülüb, onun alman, ingilis, fransız, Azərbaycan dillərində qarşılığı verilib, ingilis dilində sözün tələffüzü ilə yazılı forması arasındakı böyük fərq nəzərə alınaraq terminlərin bu dildə transkripsiyası, sonra isə terminlərin izahı verilib".
Müəlliflər qeyd ediblər ki, dilçiliyin müxtəlif sahələri ilə bağlı aparılan tədqiqatlar yeni izahlı lüğətin tərtibi üçün zəmin hazırlayıb: "Azərbaycan dilinin dilçilik terminologiyasının nizama salınmasına kəskin ehtiyac duyulurdu. Bu nəzərə alınaraq 2014-cü ildə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin əməkdaşları tərəfindən izahlı lüğətin tərtibinə başlanılıb. Nətıcə olaraq 2018-ci ildə “İzahlı dilçilik terminləri lüğəti” nəşr edilib".
Tərtibçilər həmçinin deyiblər ki, lüğətdə 7 500 terminin definitiv tərifinə, şərhinə geniş yer verilib: "Lüğətin sonunda istifadə edilmiş ədəbiyyat siyahısı verilib. Lüğət tərtib olunan zaman dilçiliklə bağlı tərtib olunmuş bütün lüğətlərdən, fundamental elmi əsərlərdən mənbə kimi istifadə edilib. Mütəxəssislərə məlum olduğu kimi, lüğətçilik dilçiliyin tətbiqi sahəsinə aiddir və lüğətlərin tərtibində əsas məqsəd terminlərin bir mənbədə toplanmasıdır".
Müəlliflər əlavə ediblər ki, terminoloji lüğətlər müəyyən elm sahələri üzrə məlumat xarakteri daşıyır: "Onların bildirdiyinə görə, bir elm sahəsində yazılan bütün kitabları əldə etməyin mümkün olmadığını nəzərə alsaq, terminoloji lüğətlərin necə böyük əhəmiyyət daşıdığını görmək olar. Lakin burada bir məqamı nəzərə almaq lazımdır ki, elmi dilin stabilliyi və anlaşıqlı olması həmin dildə anlayışların vahid terminlərlə və eyni izahla ifadə edilməsi ilə ölçülür. Bir elmi anlayışın eyni terminlə ifadəsi, yaxud da bir terminin vahid tərifinin olması dil üçün olduqca zəruridir. Bu proses isə zamanla baş verir və əksəriyyət tərəfindən qəbul edilmiş termin o anlayışın ifadə vasitəsinə çevrilir. Məsələn, “isim əşyanın adını bildirir və kim? nə? hara? suallarına cavab verir” fikri bütün dilçi alimlər tərəfindən qəbul edilmiş faktdır və dərsliklərdə, lüğətlərdə də bu şəkildə öz əksini tapıb. Yaxud da dodaqlanan və dodaqlanmayan saitlər, cingiltili və kar samitlər dərsliklərdə necə verilirsə, lüğətlərdə də o şəkildə verilir".
Lüğətin müəllifləri hesab edirlər ki, bu baxımdan müəyyən elm sahəsi üzrə tərtib olunmuş lüğətlərdə eyni elmi anlayışlara və elmi izahlara rast gəlmək mümkündür: "Bunu dəyişmək və ya başqa şəkildə izah etmək qeyri-mümkün hesab edilir. Yeni nəşr olunan lüğəti tərtib edən zaman əvvəlki mənbələrdən istifadə edilməklə yanaşı, adı çəkilən lüğətlərdə olmayan 4 200 termin toplanaraq izahı verilib. Son zamanlar məsələnin mahiyyəti və incəliyindən xəbərsiz olan şəxslərin nəzərinə çatdırmaq istərdik ki, biz “İzahlı dilçilik terminləri lüğəti”ni tərtib edərkən bu günə qədər dərc olunmuş bütün dilçilik lüğətlərindən yararlanmışıq və lüğətin tərtib prinsipinə əsasən əsərin sonunda bunu qeyd etmişik. Müqayisəyə cəlb edilən digər lüğətlərdən istifadə son nəticədə plagiatlıq deyil, mənbədən yararlanma səviyyəsini əks etdirir. F.Veysəllinin redaktorluğu ilə nəşr edilən lüğətlə yanaşı, müəllifin “Koqnitiv dilçilik: əsas anlayışları və perspektivləri (Bakı. Mütərcim. 2015); “Dilçiliyin əsasları (Bakı. Mütərcim, 2013), eyni zamanda akademik A.Axundovun, akademik K.Abdullayevin, M.Hüseynzadənin, Ə.Dəmirçizadənin, Q.Kazımovun qrammatika kitablarında, eləcə də Z.Korkmazın, O.S.Axmanovanın, T.B.Jerebilonun, D.E.Rozental, M.A.Telenkovanın lüğətlərində verilən terminlər və onların tərifləri lüğətə daxil edilib. Lüğət tərtib edilən zaman terminlər toplanıb, sistemli şəkildə izahı verilib. Bu isə plagiatlıq deyil. Plagiatlıq elmi ideyaların və elmi fikirlərin oğurlanması deməkdir. İzahlı terminlər lüğətində plagiatlıq axtaranlar lüğət tərtibetmə prinsiplərini öyrənib, sonra bu barədə fikir yürütməlidir. Lüğətlər tərtib edilir, yeni elmi əsər yazılmır. Məsələyə elmi şəkildə yanaşsaq bu, plagiatlıq deyil, lüğətçilikdə qəbul edilmiş əsas prinsipdir. Belə nəşrlər elmi yeniliyə iddia etmir və hər hansı elmi dərəcə almaq üçün dissertasiyaların tərkib hissəsi deyildir. Bizlər isə özümüzü müəllif yox, tərtibçi hesab edir və bu müvafiq qaydada lüğətin ön sözündə qeyd edilib".
Tərtibçilər vurğulayıblar ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunan lüğətin nəşrdən əvvəl geniş müzakirəsi olub və bütün bu proses ərzində bizə irad və təkliflərini bildirən şəxslərin qeydləri nəzərə alınıb: "Lüğət 12 yanvar 2018-ci ildə nəşr olunub. Nəşr olunan lüğət kitabxanalara, türk dövlətlərinin hər birinə göndərilib. Hazırda əlimizdə lüğət yoxdur. Lakin son bir həftədir saxta ajiotaj yaradan xəbərlərə cavab olaraq demək istərdik ki, biz illərdir bu sahədə fəaliyyət göstərən şəxslər olaraq yazılan xəbərləri qərəzli qəbul edirik. Sosial şəbəkələrin “eyforiya”sına çox qapılmaq əvəzinə, real elmi əsərlər ortaya qoyulsa, daha yaxşı olardı. Fikrimizcə, bu lüğətə qərəzli fikirlər kölgə sala bilməyəcək. Bizdən sonrakı tədqiqatçıların da bu lüğətdən istifadə edərək daha sanballı akademik lüğətlər tərtib edəcəyinə inanırıq".