“Asiya İnkişaf Bankının (AİB) yeni Ölkə Tərəfdaşlıq Strategiyası çərçivəsində bu təşkilatla əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları mövcuddur”.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev AİB-in Bakı ofisinin rəhbəri Nəriman Mannapbekov ilə nazirlikdə keçirilən görüşdə bildirib.
AzNews.az xəbər verir ki, S.Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən əmək münasibətləri, məşğulluq, sosial müdafiə və təminat sahələri üzrə xidmətlərin innovativ həllərin tətbiqi şəraitində vahid platformadan tam şəffaf, sadə və əlçatan prosedurlarla təqdim edilməsi üçün aparılan islahatlar barədə məlumat verib.
O, həmçinin sosial təminat, o cümlədən pensiya təyinatı sisteminin elektron infrastruktur üzərində təkmilləşdirilməsi üçün atılan addımları diqqətə çatdırıb. Nazir AİB-lə 2014-2018-ci illər üzrə “Ölkə tərəfdaşlıq strategiyası” çərçivəsində əməkdaşlıq təcrübəsindən, həmçinin “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün sosial müdafiə sahəsində AİB-in dəstəyinin gücləndirilməsi” layihəsindən bəhs edib.
S.Babayev layihənin, habelə Təşkilatın Ölkə üzrə Diaqnostik Təhlilin hazırlanması ilə bağlı artıq yekunlaşmaqda olan işlərin önəmini qeyd edib. N.Mannapbekov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan islahatları maraqla izlədiklərini və bu islahatların təqdirəlayiq olduğunu, birgə işlərin daha geniş müstəvidə davam etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
Görüş AİB-lə əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirəsi ilə davam edib.
Səidə Nurməmmədli
AzNews.az