"Azdrama"nın Yeni il şənliyi böyük uğurla başa çatıb

7 Yanvar 2019 15:39 (UTC+04:00)

Akademik Milli Dram Teatrının kollektivi ənənəvi olaraq bu il də Yeni il şənlikləri və bayram tamaşası ilə azyaşlıları sevindirib.

AzNews.az-ın verdiyi məlumata görə, dekabrın 22-dən başlayan və yanvarın 6-dək davam edən bayram tamaşası saat 11:00, 13:00, 15:00 və 17:00-da gündə dörd seans olmaqla təqdim olunub.

Quruluşçu rejissoru Anar Sadıqov olan “Nindza Tısbağalar və kapitan Cekin macəraları” tamaşası böyük uğurla nümayiş olunub.

Səhnə əsərinin rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Könül Kərimovadır.

Tamaşada Mətləb Abdullayev (Şaxta Baba), İlahə Həsənova (Qar qız), Rada Nəsibova (Leonardo), Nigar Güləhmədova (Rafael), Elnur Qədirov və Elçin Hacı (Donatello), Vüsal Mustafayev və İmran Qurbanov (Mikelancelo), əməkdar artist Əlvida Cəfərov (Splinter), aktrisalar Xədicə Novruzlu və Fəridə Şahbazova (Eypril), Rüstəm Rüstəmov (Şredder), Ziya Ağayev və Vüsal Məmmədov (Kapitan Cek), Əməkdar artist Mehriban Xanlarova (Cadugər Qarı), Əminə Cəfərova (I Cangüdən), Ləman Fərmanlı (II Cangüdən) iştirak edir.

Akademik Mili Dram Teatrının azyaşlı tamaşaçıları bayram şənliyində iştirak edib tamaşaya baxandan sonra onlara hədiyyələr də təqdim olunub. İnanırıq ki, teatrımızın kollektivinin böyük sevgi ilə hazırladığı şənlik uşaqların, eləcə də valideynlərin yaddaşından uzun illər silinməyəcək və onlar növbəti bayramlarını da məhz bizimlə birlikdə qeyd edəcəklər.

AzNews.az