Gənclər ahıllarla görüşdülər

2 Fevral 2019 10:33 (UTC+04:00)

Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü proqramının təşkilatçılığı ilə 2 fevral – Gənclər Günü münasibətilə keçirilən "Gəncliyin BİR həftəsi" adlı tədbirdə tələbə-könüllülər ahıllarla görüşüblər.

AzNews.az xəbər verir ki, proqramın “Yaşat” istiqaməti çərçivəsində “Üçüncü bahar” təşəbbüs qrupunun təqaüdə çıxmış üzvləri üçün tələbə-könüllülərin ifasında konsert keçirilib. Ahılların asudə vaxtlarını xoş keçirmələri üçün təşkil olunan tədbirdə 30-dan çox qonaq iştirak edib.

"Gəncliyin bir həftəsi" gənc tələbə-könüllülərin şəxsi inkişafının təmin olunması, dünyagörüşlərinin artırılması, asudə vaxtlarının səmərəli dəyərləndirilməsi, könüllülük dəyərlərinin aşılanması məqsədi daşıyır.

"Gəncliyin bir həftəsi"ndə hər gün proqramın 6 istiqaməti (“Yaşa”, “Yaşat”, “Öyrən”, “Öyrət”, “Kəşf et”, “Zövq al”) üzrə təlimlər, görüşlər, intellektual və komanda oyunları, tələbə-könüllülərin ifasında konsert proqramı keçiriləcək.

Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 20 000-dən çox vahid tələbə-könüllü bazasına malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtlarının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə könüllü, təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.

Səidə Nurməmmədli
AzNews.az