Azərbaycan Respublikasına qarşı “etnik separatizm” və qondarma Dağlıq Qarabağ məsələsində İran və Ermənistanın maraqlarını bu dəfə soydaşlarımız həyata keçirir. Belə ki, qondarma “Dağlıq Qarabağ rejimi” ilə yanaşı, xaricdə saxtakarcasına elan edilmiş “TMMH” (Talış-Muğan Mühacir Hökuməti) ilə birlikdə addım atmaq qərarına gəliblər. Bu məqsədlə Ermənistan xüsusi xidmət orqanları “TMMH”ni, Azərbaycan Respublikasının tərkibində isə “Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatı” adlı təşkilatı İran idarə etməyə başlayıb. Bu iddiaları isbat etmək üçün birbaşa İrandakı KİV-lərin, qondarma “TMMH” adına fəaliyyət göstərən sosial şəbəkələrin və Ermənistan KİV-lərinin ötən bir həftədə aparıcı təbliğat mövzularına nəzər salmaq kifayətdir.
Özlərini“Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatı” adlı qondarma bir təşkilatın lideri kimi qələmə verən və Azərbaycan Respublikasının Konstitusiyasının dəyişdirilərək “şəriət dövləti” kimi elan edilməsi təşəbbüslərini gizlətməyən, məhkəmələrdə isbat edilərək həbs olunan Taleh Bağırov və digər islamçı məhbusların iki günlük “aclıq” aksiyaları zamanı apardıqları təbliğat gerçəkdən böyük bir rəzalət demək idi. “Aclıq” aksiyasını müdafiə edənlər və geniş təbliğatlar aparanlar isə bunlar idilər:
“TMMH”-nin “baş nazir”i Şahin Mirzəyev, millətlər və konfessiyalar(dinlər) arası münasibətlərin üzrə “nazir” Yusif Sərdarzadə, idman, gənclər və turizm “naziri” İlham Babazadə, kənd təsərrüfatı və iqtisadiyyat “naziri” Zamin Hüseynov, maliyyə, gömrük və vergilər “naziri” Ruslan Almaszadə, nəqliyyat, rabitə və informatika “naziri” İdris Qasımov, əmək və sosial təminatlar “naziri” İntiqam Həmidov, mədəniyyət, etnoqrafiya və dilçilik “naziri” Məhrəməli İsmayılov, daxili işlər, fövqəladə hallar və xüsusi xidmətlər “naziri” Məhəmməd Axundzadə, statistika komitəsinin “sədri” Şəmsəddin Şükürlü, energetika “naziri” Rafiq Şükürlü, mərkəzi bank idarə heyətinin “sədri” Emil Cəfərov və “baş prokuror” Raid Bağırov. Onlar bütün bunlar azmış kimi 9 fevral 2019-cu ildə xüsusi bəyanat yayaraq, həbsxanada iki günlük aclıq aksiyası keçirən Taleh Bağırov və onun tərəfdarı olanların bu aksiyanı durdurmaları istənilibdir.
O da bəllidir ki, Dağlıq Qarabağ və ətraf rayonlartımız üzrə bir sıra siyasi avantüralar mövcuddur. Belə ki, İran tərəfi Qarabağ məsələsinə siyasi don geyindirmək üçün prosesləri süni şəkildə “xristian-islam” qarşıdurmasına yönəltməyi hədəf seçib. Guya Qarabağda “xrtistian-islam” qarşıdurması vardır. O zaman belə bir sual yaranır ki, nədən 29 ildir Tehran rejiminin himayəsi altında Ermənistan bəslənilir?
“Qarabağ İslami Hərəkatı”nın yaradılması da məhz Tehran rejiminin strateji hədəflərinə xidmət etmək deməkdir. Bakıda belə bir təşkilatın yaradılması, avantüranın zirvəsidir.
Orduya atılan çamurlar
Qondarma “TMMH” ideyasının tərəfdaları bu dəfə sosial şəbəkələrdə Azərbaycan Silahlı Qüvvələrinə qarşı genişmiqyaslı təbliğatlarını gücləndiriblər. Qarabağla bağlı aparılan danışıqlarda Azərbaycan tərəfinin mövqelərinin güclü olması faktını zatən düşmən tərəf də çox yaxşı anlayır. Ona görə də Azərbaycanın daxilində “psixoloji sindrom” yaratmaq taktikasına üz tutulur. Bu, ölkəmizə qarşı etnik bölücülük siyasətinin yanında yer alan bir sıra çevrələrin hərəkətə gətirilməsindən ibarətdir. Ona görə də, həmin şəbəkələr Ermənistan xüsusi xidmət orqanları tərəfindən yaxşıca maliyyə dəstəyi almağa başlayıb. “Etnik separatizm” virusuna yoluxmuş bu şəbəkələr Azərbaycan Respublikası Silahlı Qüvvələrinin fəaliyyətinə kölgə salaraq bəzi qüsurları süni şəkildə qabardaraq, “nəlbəkidə qasırğa” taktikasına üz tutub. Əlbəttə, iş olan yerdə bəzi qüsurların olması mümkün olan bir məsələdir. Ancaq Azərbaycan Ordusu ötən 29 illik müddətdə böyük bir inkişaf yolunu keçibdir. Orduya çamurlar atmaqla vətəndaşlarımızı dövlətimizin ərazi bütövlüyü uğrunda apardığı mübarizəyə “kölgə salmaq” təşəbbüsləri deməkdir.
Ermənistan xüsusi xidmət orqanları Azərbaycan Ordusunu gözdən salmaq üçün ölkəmizin vətəndaşı olmuş bir sıra çevrələri hərəkətə gətirərək böhtanlar yağdırmaq taktikasından mümkün qədər yararlanmağa çalışır. Ona görə də “etnik separatizm”ə dəstək verənlər utanmadan ermənilərdən aldıqları muzdun qarşılığında “Ay aman, Azərbaycan Ordusu başdan başa korrupsiya bataqlığı deməkdir” tipli təbliğatlara rəvac veriblər. Beləliklə, Milli Ordumuza “etimadsızlıq” damğasını vurmaq üçün min cür yalanlar uydurmağa başlanılıbdır.
Qondarma TMMH-yə məxsus olan “tolishstan.com” saytı 6 fevral 2019-cu il tarixdə Fransa prezidenti Emmanuel Makronun qondarma erməni soyqırımı barəsində verdiyi bəyanatını demək olar ki, hər gün geniş şəkildə reklam etməyə başlayıb. Beləliklə də onlar bir daha sübut edirlər ki, Ermənistanın hədəflərində yer alan iddiaların yanında yer alıblar. İrəvanda fəaliyyət göstərən “hrapark.am” saytı və eyniadlı “Hrapark” qəzeti də qondarma “TMMH”nin ideyalarına stimul verən mövzuları gündəmə gətirir. Belə ki, həmin qəzet və ona bağlı sayt 5 fevral 2019-cu il tarixli araşdırmasınmda qeyd edir ki: “Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağla bağlı danışıqlarda hökmən talışlar və ləzgilər tərəf kimi iştirak etməlidirlər. Ona görə ki, Azərbaycan federal dövlət modelinə keçməlidir. Federal dövlət sistemi “Dağlıq Qarabağ”, “Talışstan” və “Ləzgistan” statusu ilə təmsil olunmalıdır”. “Hrapark” qəzetinin başqa bir iddiası ondan ibarətdir ki, baş nazir Nikol Paşinyan “Federativ Azərbaycan” dövlət modeli adına razılıq verərsə, o zaman sülh danışıqları da müsbət həll oluna bilər”.
40 illik mərasimlərin arxa baxçası
“İran İslam Respublikası”nın yaranmasının 40 illiiyi münasibətilə Tehranda bir-birinin ardınca mərasimlər keçirilməsi davam edir. Ötən həftə Tehranda təşkil edilən “40 illik” mərasimə Əfqanıstan, Pakistan, Yəmən, Suriya, Oman, Sudan, Rusiya, İraq, Türkiyə, Tacikstan, Hindistan, İordaniya, Küveyt, Bəhreyn, Misir və digər ölkələrdə etnik və dini azlıqlar adına xüsusi dəvətlə gələnlər var idi. Onların siyahısında Azərbaycan Respublikasına qarşı “talış etnik separatizmi” ideyalarını yayan, “Talış Milli Hərəkatı” təşkilatının və “Rusiya Federal Talış Milli-Mədəni Muxtariyyatı Mərkəzi”nin sədri İsamyıl Şabanov da var idi. O, Tehranda dərc olunan KİV-lərə müsahibələr verərək qatıldığı toplantının hədəflərini açıqlamaqdan qürur duyduğunu gizlətmədi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı daim şübhə toxumu səpən və rəsmi dövlət informasiya agentliyi “İRNA”ya veridyi müsahibəsində xüsusi olaraq qeyd etdi ki: “Bizim vəzifəmiz Rusiya, Ukrayna, Qazaxstan, Belarus və digər MDB məkanına daxil olan dövlətlərdə talış xalqının hüquqları uğrunda birlikdə mübarizə aparmaqdır. Talışstan bir region kimi tarixən İranın ərazisi olubdur və bunu hər bir soydaşımıza təlqin etmək boynumuzun borcudur”.
Qeyd edək ki, İ.Şabanovun digər funksiyası MDB məkanında, xüsusilə də Rusiya Federasiyasında azərbaycanlı icmalar arasında ayrı-seçkilik salaraq, regionçuluq və etnik bölücülük ideyalarını genişləndirməkdən ibarətdir. Bununla yanaşı, məhəlli şəkildə soydaşlarımız arasında kin-küdurət toxumlarını səpməkdir. Tehran səfərindən dönən kimi İlham Şabanov Moskvada və regionlarda yaşayan və “talış etnik separatizmi” ideyalarının yanında yer alan cəmiyyətlərin vahid toplantısını keçirmək barəsində qərar veribdir. Azərbaycan Respublikasına qarşı hakimiyyətin devrilməsi və Konstitusiya quruluşunun dəyişdirilməsi iddialarına görə Rusiya Federasiyası Daxili İşlər Nazirliyi tərəfindən həbs olunmuş Fəxrəddin Abbaszadənin missiyasını bu dəfə İ. Şabanov əvəz edir. Ona görə də İran rejimi artıq yeni “seçimi”ni həyata keçirir.
Müxalifətin erməni siyasəti ilə uzlaşması
Bu gün Avropa dövlətlərində siyasi mühacir statusu ilə məskunlaşan bir sıra çevrələr təhdid altında yaşamaq məcburiyyətində qalıblar. Belə ki, qondarma “TMMH”-nin başçısı kimi tanınan Əlikram Hümbətovun öncədən hazırladığı xüsusi “arayış”lar sayəsində Avropada “siyasi mühacir” statusu almış bir sıra vətəndaşlar Azərbaycan Respublikası və onun konstitusion quruluşna qarşı təbliğata başlayıblar. Yeni yaradılan belə bir qruplaşma isə ikiyə bölünür:
1. Bir qədər təhsilli olanlar siyasi və ictimai müstəvidə “TMMH”-nin təbliğatçısı statusu ilə çıxış etməlidirlər. Onlar ən azından sosial şəbəkələrdə fəallıq göstərməlidirlər. Eyni zamanda “TMMH”nin keçirdiyi bütün tədbirlərdə və aksiyalarda məcburi şəkildə iştirak etməlidirlər. Bu qrup həm də AND (Azərbaycan Naminə Demokratiya) adlı təşkilatın üzvü statusu ilə fəaliyyət göstərməlidirlər.
2. Savadsızlar qruplaşması isə, Əlikram Hümbətovun “qoçuları” statusu ilə addımlarını atmalıdırlar. Almaniyanın Frankfurt şəhərində AND-nin keçirdiyi tədbir zamanı Orduxan Teymurxanın Əlikram Hümbətovun “qoçuları” tərəfindən hər kəsin gözü qarşısında döyülməsi faktı bu deyilənləri təsdiq etdi. Bu qruplaşma idman mərkəzlərində təlim keçərək “TMMH” ideyalarına hazır olduqlarını isbat etməyə çalışırlar. Çünki, istənilən an Əlikram Hümbətovun yeni “arayışı” gündəmə gələ bilər və onlar “deport” rəzalətini yaşamaq zorunda qalalar.
3. Hollandiyada məskunlaşmış Leyla və Arif Yunus ailəsi insan haqları adı altında hər hansı bir beynəlxalq təşkilata azərbaycanlı mühacirlə bağlı göndərdiyi “arayış”la onlar deportasiya olunmaq təhlükəsini yaşaya bilərlər. Buna görə də Leyla Yunus və Arif Yunusun ermənipərəst mövqelərinə göz yummaq məcburiyyəti yaranır. Hətta bir sıra soydaşlarımız bu iki ermənipərəstə xoş gəlmək üçün Azərbaycan Respublikasına qarşı “insan haqları” adı altında çamurlar atmaqdan çəkinmirlər.
Nəticə etibarilə Ermənistan və İran üzləşdikləri beynəlxalq problemlərdən yayınmaq üçün Azərbaycanın güclənən mövqelərinə zərbə vurmaq strategiyasında birgə addım atırlar. Bu, etnik separatizmin körükləndirilməsi, insan haqları adı altında siyasi alverin tüğyan etməsi və Qarabağ probleminin həll olunmasının qarşısının alınması hədəfləri üzərində köklənmiş strategiyasından ibarətdir.
AzNews.az