Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov “Xocalı soyqırımının dünyada tanınması tarixi zərurətdir” sərlövhəli məqalə yazıb.
Məqalədə Almaniya Bundestaqının və AŞPA-nın sabiq deputatı, tanınmış ictimai-siyasi xadim Hakkı Kəskinin Xocalı soyqırımı ilə bağlı istiqamətverici fikirlərinə geniş və ətraflı şərh yazılaraq dəstək verilib.
Xocalı soyqırımı və onun tanıdılması ilə bağlı Azərbaycanı sevən, ölkəmizin haqq səsini böyük tribunalardan dilə gətirmiş türk əsilli Almaniya siyasətçisi Hakkı Kəskinlə məhz bu barədə söhbətləşdik.
– Hakkı bəy, bu günlərdə Azərbaycan Prezidentinin köməkçisi öz məqaləsində Xocalı soyqırımı ilə bağlı sizin irəli sürdüyünüz istiqamətlərdən söhbət açdı. XX əsrdə türk dünyasına qarşı törədilmiş qətliamların ən sonuncusu və dəhşətlisi Xocalı faciəsidir. Nə üçün dünya ictimaiyyəti cəmi 27 il bundan əvvəl baş vermiş hadisələrə hüquqi qiymət verməkdə gecikir?
– Əvvəla, mənim fikirlərimə ətraflı münasibət bildirdiyinə görə dəyərli Əli Həsənova öz təşəkkürümü bildirirəm. Bu çox geniş mövzudur və bu barədə mən hər zaman həssas olmuşam. İstər Bundestaqın, istərsə də AŞPA-nın üzvü olanda bu məsələləri həmişə diqqətdə saxlamışam. İndi də vəziyyət eynidir. Mən yenə də bu məsələdə Xocalıya ədalət tələb edirəm. Hesab edirəm bu faciəyə, soyqırıma dünyanın nüfuzlu təşkilatları, böyük dövlətləri ədalətli qiymət verməlidirlər. Üstündən 27 il keçməsinə baxmayaraq, hələ də dünyanın bir sıra aparıcı təşkilatları Xocalı soyqırımında iştirak etmiş canilərin tribunala verilməsi, onların cəzalandırılması barədə addımlar atmayıblar.
Doğrudur, professor Əli Həsənovun da bildirdiyi kimi, dünyanın 13 ölkəsi və ABŞ-ın 22 ştatı parlament səviyyəsində, İslam Əməkdaşlıq Təşkilatı isə rəsmən Xocalı soyqırımını tanımışdır. Bundan əlavə, Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir. Bütün bunlar böyük işdir. Əlbəttə, burada Azərbaycan dövlətinin, türk-Azərbaycan diaspor təşkilatlarının birgə fəaliyyətini mən təqdir edirəm.
Lakin bir dəyişilməz həqiqət var ki, cəmi bir neçə onillik bundan əvvəl baş vermiş dəhşətli qətliama gərək dünyanın bütün dövlətləri ədalətli qiyməti versinlər. Bir sıra beynəlxalq təşkilatların və dövlətlərin bu məsələdə çox fikirləşməsinin, məsələlərin ədalətli həllinə doğru heç bir addım atmamasının əsas səbəblərindən biri məkrli erməni lobbisinin təbliğat maşınıdır. Onlar Dağlıq Qarabağ məsələsini unutdurmaq, müzakirə olunacaq siyasi masalarda arxa plana keçirmək üçün 104 il öncə baş vermiş təhcir, yəni köçürmə hadisələrini soyqırımı kimi qabardırlar.
– Yəni deyirsiniz, erməniləri qabaqlamalıyıq...
– Bəli, bizim çox qərarlı, aktiv olaraq bu mövzuları ələ almağımız lazımdır. Sadəcə, xaricdə deyil, Azərbaycanda, həmçinin Türkiyə universitetlərində bu mövzunun üstünə israrla getmək lazımdır. Avropa ölkələrində biz bu barədə toplantılar keçiririk. Almanlar bu mövzulara o qədər maraq göstərmirlər. Lakin Azərbaycan səfirliyinin təşkilatçılığı ilə təşkil olunan tədbirlərə gələn ancaq siyasətçilər olur. Təbii ki, Avropadakı ziyalılar, fəal ictimaiyyətçilər bu mövzuya həssaslıqla yanaşmalıdırlar. Türkiyə hökuməti də bu barədə fəallığını ortaya qoymalıdır. Doğrudur, Türkiyə hər zaman Azərbaycana dəstək verməyə çalışır. Amma bu yetərli deyil. Əminliklə deyə bilərəm ki, bu məsələdə hər iki dövlət gücünü bərabər qoymalı və daha sürətlə, bir-birinə bağlı şəkildə hərəkət etməlidir.
Mən düşünürəm ki, Türkiyə Prezidenti R.T.Ərdoğan bu məsələdə Rusiya dövlət başçısı ilə söhbət etməli, məsələnin həlli yollarını birgə düşünməlidirlər. Cənab İlham Əliyevlə bərabər, cənab Ərdoğan, cənab Putin bu məsələdə birgə hərəkət etməli və hazırkı yüksək səviyyədə olan münasibətlərdən doğru şəkildə istifadə edilməli və məsələnin həlli yolları müzakirə olunmalıdır. Bizim öz insanlarımızı doğru-dürüst hazırlayıb hərəkətə keçirməyimiz lazımdır.
Biz 2000-ci illərdən bəri hər il Xocalıyla bağlı toplantılar təşkil etdik. Tək Berlində deyil, Almaniyanın müxtəlif şəhərlərində buna nail olduq. Amma yenə də maarifləndirməyə ehtiyac var. Bu günlərdə Brüsseldə böyük bir mitinq baş tutdu. Baxın, belə izdihamlı aksiyalar keçirmək lazımdır. Həm türk insanını, həm də əcnəbiləri silkələmək lazımdır. Türkiyə də bu mövzuda gərəkli addımlar atmalıdır. Dünyada erməni təşkilatları Türkiyəyə qarşı 1915-ci il uydurma soyqırımını hər yerdə dilə gətirirlər, hücum strategiyası seçiblər. Biz niyə müdafiə strategiyası seçirik? Bizim buna haqqımız yoxdur. Ortada əlahəzrət faktlar var. Xocalı dünyanın gözü qarşısında törədilmiş soyqırımıdır. Biz bunu təkcə bir gün yox, ilin müxtəlif günlərində beynəlxalq təşkilatların diqqətinə çatdırmalıyıq.
Ermənilərin məkrli şəkidlə heç bir fakta əsaslanmayan qondarma soyqırımı dünyanın trend mövzularından birinə çevrilərkən, niyə bizim real faciə dolu tariximiz təbliğ olunmasın? Azərbaycanın işğal altında qalmış torpaqlarının haqq səsi Xocalı dəhşətləri ilə yanaşı təbliğ olunmalıdır. Dünyaya eşitmək istəmədiyi həqiqətlərimizi eşitdirməliyik. Xocalı soyqırımı Qarabağ münaqişəsinin əsas mövzusu olaraq Azərbaycan və Türkiyə xarici siyasətində xüsusi yer tutmalıdır.
Avropada Dünya Türk Forumları keçirilirdi, son vaxtlar keçirilmir. Bunlar keçirilməlidir. Qoy Azərbaycan təşkilatçı olsun. Görüləcək çox işlər var. Mən paylaşdığım statusda da bunları bildirmişəm ki, ziyalılarımızın, aydın düşüncəli insanlarımızın sayı çoxaldılmalıdır, onların bu prosesdə iştirakı artırılmalıdır. Həm Türkiyədən, həm də Azərbaycandan. Xocalı qətliamında uşaqların başına gətirilən işgəncələrə baxanda dəhşətə gəlirəm. Bu dərəcədə vəhşiliyin üstündən 27 il keçir, amma dünya bunu görmək istəmir. İnsanlığa sığmayan aktların, orada iştirak edən bütün erməni canilərinin məsuliyyətə cəlb olunması məsələsinin üzərində israrla siyasət aparmalıyıq.
– Həm Xocalı, həm də uydurma erməni soyqırımının təbliğat mexanizminin düzgün qurulması ilə əlaqədar Türkiyə və Azərbaycan konkret olaraq nə etməlidir?
– Hörmətli Əli müəllimin Xocalı barədə son məqaləsində Azərbaycan dövlətinin bu sahədə gördüyü işlər və əldə olunan nəticələr yetərincə işıqlandırılıb. Mən də fürsətdən istifadə edib bu barədə tezislərimi sizin diqqətinizə çatdırıram.
1. Malta Məhkəməsinin və Avropa İnsan Haqları Məhkəməsinin qərarını dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq. İctimailəşdirməliyik.
2. Ortaq tarixçilər komissiyası yaradılmalı və alınan nəticələri dünya ictimaiyyətinin gündəminə daxil etməliyik.
3. Universitetlərdə, doktorantura işlərində Türkiyə, Almaniya, Fransa, İngiltərə, ABŞ arxivləri, o cümlədən, Rusiya və sovet arxiv materialları araşdırılmalı və bir neçə dildə yayımlanmalıdır. Bu məsələdə alimlərimiz Mehmet Perinçek və Musa Qasımlının sanballı tədqiqatları var və onlar bir neçə dilə çevrilməlidir.
4. Bizə qarşı münasibətdə ədalətli olmayan bir sıra böyük dövlətlərin tarixində digər xalqlara qarşı törətdikləri soyqırımı aktları, qətliamlar araşdırılmalı və dünya ictimaiyyətinə bildirilməlidir. Bu sahədə konfranslar təşkil olunmalıdır.
5. Ermənistan tərəfindən qəsb edilən Azərbaycan əraziləri, bir milyon qaçqın və məcburi köçkün mövzusu və ələlxüsus, Xocalı qətliamı sürəkli olaraq və israrla gündəmə gətirilməlidir. Bu məsələlərə hər iki dövlət tərəfindən də daim dəstək verilməlidir. Çünki bu, bir xarici siyasət məsələsidir, diplomatiyadır, gücdür.
Beləliklə, görüləsi işlərimiz çoxdur. Bu məsələdə bir an belə dayanmaq olmaz. Hər keçən gün, ay bizim əleyhimizə işləyir. Erməni diasporu, lobbisi hər iki qardaş dövlətə qarşı oyaqdır. Biz də ayıq olmalıyıq. (“Xalq qəzeti”)