Hindistandan qovulan, İsraildə bloklanan, Kilsə tərəfindən lənətlənən təşkilat: “Amnesty İnternational”

23 May 2019 23:33 (UTC+04:00)

2016-cı il “Amnesty İnternational”ın gizlinlərinin açılması baxımından önəmli olub. Hindistan xüsusi xidmət orqanları həmin il müəyyən etmişdilər ki, insan hüquqlarının müdafiəsi adı altında fəaliyyət göstərən bu təşkilatın təmsilçiləri, əslində ölkənin Cammu və Kəşmir ştatlarında separatizmin alovlanmasına dəstək verirlər, Hindistanın bütövlüyünə və sabitliyinə qarşı çıxır, paralel olaraq, Pakistanla münasibətlərin kəskinləşməsinə, atəşkəsin pozulmasına çalışırlar. Hindistan xüsusi xidmətlərinin bu informasiyası faktlarla təsdiqini tapdıqdan sonra , “Amnesty İnternational”ın Hindistanda fəaliyyət göstərən ofisi qapadılmış, təşkilat əməkdaşlarının ölkə ərazisinə girişinə qadağa tətbiq edilmişdi.

“Amnesty İnternational”a qarşı belə sərt tədbir görmək məcburiyyətində qalan ölkə təkcə Hindistan deyil. Bənzər olay 2012-ci ildə İsraildə də yaşanıb. İsrail Xarici İşlər Nazirliyi, ardınca da İsrailin Londondakı səfirliyi bəyanat yayaraq “Amnesty İnternational”ı “qeyri-ciddi”, “gülünc” təşkilat adlandırmışdılar. Səbəb, təşkilatın 2012-ci il üzrə hesabatında İsrailin birtərəfli qaydada tənqid olunması, müharibə şəraitində olan bölgələrə “sülh dövrünün standartları” ilə qiymət verməsi idi. Qarşılıqlı ittihamların sonucu olaraq İsrailin dövlət qurumları dərin araşdırma aparmış, “Amnesty İnternational”ın hesabatının təsadüfi olaraq “qeyri-ciddi” hazırlanmadığı faktını ortaya qoymuşdu. Məlum olmuşdu ki, “Amnesty İnternational”ın humanitar missiyasının” tərkibində “terrorist təşkilatlarla sövdələşmələr aparmaq”, onların informasiyalarına istinad etmək də varmış. Şübhəli fəaliyyətini nəzərə laraq, təşkilatın fəaliyyətinə məhdudiyyətlər tətbiq olunmuşdu.

“Amnesty İnternational”ın fəaliyyəti dövründə yol verdiyi şübhəli məqamların siyahısı Hindistan və İsraillə məhdudlaşmır. Şri-lanka, Venesuela, Rusiya, Çin, Kongo Demokratik Respublikası və digər ölkələr də ayrı-ayrı zamanlarda “Amnesty İnternational”la insidentlər yaşamış, təşkilata qarşı sərt tədbirlər görmək məcburiyyətində qalmışdılar. Bunların fonunda Hindistan və İsraili önə çəkilməyimiz xüsusi bir məqamla bağlıdır. Hər iki dövlət beynəlxalq təşkilatların siyahılarında nisbətən “toxunulmaz” olmaları, demokratik imicdə verilmələri ilə tanınırlar. Bu iki dövlətə qarşı ənənəvi yanaşmanı pozan təşkilat olaraq “Amnesty İnternational” istisnalıq təşkil edir. Araşdırarkən bəlli olur ki, təşkilatın istisna hərəkətləri “ciddi səbəblərlə” bağlı olub. Qeyd olunan dönəmlərdə Böyük Britaniya və ABŞ-ın bu dövlətlər (Hindistan və İsrail) vasitəsilə icra olunası proqramları varmış. “Amnesty İnternational”ın İsraillə bağlı problemi o vaxt yaranıb ki, Barak Obamanın “İsrail-Fələstin münaqişəsi üzrə sülh proqramı”nın detallarını İsrailə qəbul etdirmək üçün İsrailə təzyiq göstərməyə zərurət yaranıb. Yaxud, Çini ABŞ-ın ticarət şərtlərini qəbullanmağa məcbur etmək lazım gəlib. Təbii ki, bu yolda ən yaxşı vasitə olaraq, Hindistandan faydalanmaq, onu Çinə qarşı istifadə etmək ağla gəlib. Hindistan manevrlər edəndə, bu palndan yayınanda isə, ona qarşı təzyiq və təxribatlar başlayıb, “Amnesty İnternational” kimi peyk təşkilatlar dövriyyəyə buraxılıblar. Başqa ehtimallar da yox deyil. Bizi maraqlandıran məqam isə, məhz bənzər dönəmlərdə “Amnesty İnternational”ın fəallaşması, hədəf dövlətlər üzrə tənqidi hesabatlarını gündəmə gətirməsi, həmin dövlətləri insan haqlarının pozulmasına görə ciddi tənqid etməsi, bir sözlə, dəyənək funksiyasını icra etməsidir.

Ötən dövrün təcrübəsi göstərir ki, “Amnesty İnternational” dünyada nüfuz sahibi olmağa can atan güc mərkəzlərinin əlində idarə olunan peyk funksiyasını yerinə yetirib. Hansı dövlətlər bu güc mərkəzlərinin hədəfinə gəlibsə, “Amnesty İnternational”ın istiqaməti də o səmtə yönəlib. Araşdırmaların nəticəsi olaraq belə bir fakt da ortaya çıxıb ki, “Amnesty İnternational”ın tuşlandığı ölkələr, bir qayda olaraq, təbii sərvətlərlə, xüsusən, karbohidrogen resursları ilə zəngin ölkələr olurlar. Tədqiqatçılar təşkilatın “humanitar aksiyalarına” məruz qalmış Konqo Demokratik Respublikasının təcrübəsində bunu isbat ediblər. Afrikanın 54 dövləti arasından yalnız Konqonun fərqləndirilərək “Amnesty İnternational”ın hesabatlarında daimi hədəf seçilməsi onunla əlaqələndirilir ki, bu dövlətin ərazisi kobaltın ehtiyatları ilə zəngindir. Yer kürəsinin kobaltin ehtiyatının tam yarısı Kongonun payına düşür. Kobaltin isə 21-ci əsrdə dünyanın ehtiyac duyacağı ən strateji məhsuldur.

“Amnesty İnternational”ın təbii resursları zəngin olan Cənubi və Latin Amerikası ölkələrinə

(Brazilia, Venesuella, Çili , Meksika) yönəlik sistemli tənqidləri, qızıl ehtiyatı baxımından dünyada beşinci ölkə olan, neft , qaz və mədən sənayesinə malik Brazilyanı ətraf mühitin müdafiəsi , yerli xalqların müdafiəsi pərdəsi altında tənqid etməsi də bu məqsədlərə bağlanır, bu zəngin ölkələrdə güzəştli iş qurmaq istəyən transmilli korparasiyaların maraqlarına xidmət edir.

Təbii ki, transmilli korparasiyaların bu ölkələrdə əldə etdikləri güzəştlərdə “Amnesty İnternational”ın öz payı var. O, dünyada istisna qeyri-hökumət təşkilatlarından biridir ki, illik büdcəsi 200 milyon dollardan yuxarıdır!.

“Amnesty İnternational”ın Azərbaycan üzərində fokuslaşması da, eyni səbəblərlə izah edilir. Azərbacanın müəlliflik və ya həmmüəlliflik etdiyi enerji layihələrinin icrasına başlamasını elan edildiyi illərə nəzər salanda, məhz həmin illər üzrə “Amnesty İnternational”ın hesabatları təhlil olunanda, hər şey bariz şəkildə ortaya çıxır. Təkcə 2015-2016-cı illərdə, Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinin icrasına başladığı dönəmdə “Amnesty İnternational”ın keçirdiyi kampaniyaları göz önünə gətirmək kifayətdir ki, bu təşkilatın kimlərə xidmət etdiyi faktı öz təsdiqini tapsın.

“Amnesty İnternational” həm də, İsrail diplomatlarının qeyd etdikləri kimi, səriştəsiz, gülünc təşkilatdır, maxinasiyaları kövrəkdir, özünü tez büruzə verir. Hədəfə çatmaq üçün bəzən elə tələsik, cılız arqumentlərə istinad edir ki, bumeranq effekti ilə qarşılaşır, özünü ifşa etmiş olur. Belə məqamlardan biri onu Katolik Kilsəsinin qəzəbinə tuş edib. Belə ki, təşkilat bəzi ölkələri tənqid etmək üçün onları “cinsi azlıqların hüquqlarını tapdalamaqda”, bəzi ölkələri “abortları məhdudlaşdırmaqda”, bəzi ölkələriu isə “fahişəliyi leqallaşdırmamaqda” ittiham edib. Bunları nəzərə alaraq, 2007-ci ildə Kardinal Renato Martino adından Katolik Kilsəsinin bəyanatı yayılıb. Açıqlamada “Amnesty İnternational” “şər əməllər sahibi” adlandırılmış, katoliklər bu təşkilata ianə verməkdən yayınmağa çağırılmışdılar.

Zaman-zaman lənətlənmiş təşkilatın bugünkü hədəfləri sırasında Azərbaycan da var. İndi istəyi nədir? Zaman göstərəcək.

Müşfiq Ələsgərli

AzNews.az