Yay aylarında necə qidalanaq? - Həkim məsləhəti

3 İyun 2019 14:54 (UTC+04:00)

"Fəsillər dəyişdikcə insan orqanizminin bioritmi də dəyişir. Belə ki, yaz və yay fəsilində insan daha az yatır, daha çox hərəkətdə olur. Havalar istiləşəndə insan orqanizmində biokimyəvi reaksiyalar sürətlənir və orqanizmin suya olan tələbatı da artır. Ona görə biz isti havalarda daha az qidalanırıq və əksinə daha çox su və ya digər mayelər içirik".

Bu sözləri AzNews.az-a açıqlamasında həkim-endokrinoloq Xuraman Rəcəbova deyib.

Onun sözlərinə görə, havanın temperaturu nə qədər yüksək olarsa, bir o qədər az kalorili qidalara üstünlük verməliyik: "Bəzi insanlar bunu səhv anlayır və yay aylarında az yeməyə çalışır".

Xuraman Rəcəbova bu yanlış anlayışa aydınlıq gətirib:

“Əsas məsələ az yemək deyil, az kalorili qidalar qəbul etməkdir. Yəni yağlı qidaları, ağır ət və xəmir xörəklərini gündəlik menyuda mümkün qədər azaltmaq, daha çox bol vitaminli, amma az kalorili tərəvəz salatlarına, təzə meyvələrə, meyvə şirələrinə üstünlük vermək lazımdır. Hər 3-4 saatdan bir az miqdarda qidalanmaq məsləhətdir. Yayda tərləmə prosesi artdığına görə meyvə şirələrindən əlavə, gün ərzində bol su (adi su) içmək lazımdır. Yay aylarında tərkibində daha çox su olan meyvə və tərəvəzlərdən istifadə etmək məqsədəuyğundur. Tərəvəzlərdən (xiyar, pomidor, bibər, təzə göyərtilər (şüyüd, cəfəri, yaşıl soğan, kahı, ispanaq və b.) meyvə və eləcə də giləmeyvələrdən (qarpız, qovun, moruq, qarağat, alça, albalı, ərik, şaftalı və b.) Bunların hamısı A, C, E, K, B qrup vitaminləri və minerallarla zəngindir və tərkibində su ehtiyatı çoxdur. Bu cür meyvə-tərəvəzlərin xüsusən də yay aylarında istifadə orqanizm üçün vacibdir. Həzmi yaxşılaşdırır, susuzluğu aradan qaldırır və sinir sistemini sakitləşdirir.

O, qeyd edib ki, yaz və yay fəsilləri artıq çəkidən azad olmaq, orqanizmin fəaliyyətini yenidən bərpa etmək və özünüzü yenidən gümrah hiss etməyiniz üçün ilin ən gözəl aylarıdır:

"Bundan yararlanmağı hər kəsə tövsiyyə edirəm”.

Səidə Vahid

AzNews.az