N.Cəfərov növbəti statusunda AXCP ilə bərabər, Müsavat Partiyasının ünvanına da sərt tənqidlər səsləndirib. O, sözügedən təşkilat sədrlərini siyasətdən anlayışı olmayan, hakimiyyəti hazırkı iqtidara təhvil verməklə "siyasi təcrübə” qazanan, bu günə qədər kiçik uğur hekayəsi belə yarada bilməyən, 1 siyasi məhbusu azad etdirə bilməyən, lakin yüzlərlə qorxmaz siyasi fəalın həbsinə müxtəlif formalarda (ortaya qoyduqları strategiyalarla) vasitə olan, ən nəhayət, liderliyi yalnız Azərbaycan Prezidentini və onun ətrafını "ifşa” etməkdə görən bloger və siyasi bürokratlar adlandırıb. N.Cəfərli bu statusuna Qənimət Zahidin, Natiq Adilovun, Sevinc Osmanqızının şəkillərini də əlavə edib. Qeyd edib ki, məhz jurnalistikaya, liberal dəyərlərə və söz azadlığına ləkə olan bu "jurnalistlər” tərəfindən AXCP və Müsavat sədrləri "siyasi lider” kimi təqdim olunur. Onun qənaətincə, bu "jurnalistlər” xalqı düşünmür, həqiqətlə maraqlanmır, dəyərləri müdafiə etmirlər: "Bunları maraqlandıran yeganə şey bu bürokratların toxunulmazlığını təmin etməkdir. Sənin bir xalq olaraq çəkdiyin əziyyət bu şəxslərin heç birini maraqlandırmır. Bu şəxslərin toxunulmazlığını təmin etmək üçün hətta Sevinc Osmanqızı telefonun səsini alır, məsələləri kontekstdən çıxardır, Müsavatın sənəd alverini vizaya dəstək kimi təqdim edir, qollarını çırmalayaraq narazı vətəndaşa özü müsahibi əvəzinə cavab verir”.
Çayxana siyasətçiləri
N.Cəfərov yazıb ki, əgər Sevinc Osmanqızını həqiqət və ya xalqın taleyi maraqlandırsaydı, Musavat başqanına hipoteza ilə aşağıdakı sualları ünvanlamalı idi: "Deyək ki, xaricdə yaşayan azərbaycanlılar Müsavata qarşı qərəzlidir və ya bu hakimiyyətin oyunudur. Bəs necə olur ki, Hollandiya və Almaniya kimi dövlətlər və onların məhkəmələri Müsavatı saxta sənəd satmaqda ittiham edir, qərar çıxardır və əsl müsavatçılara belə, oturum verməkdən imtina edir? Necə olur ki, bir partiyanın rəhbəri bütün dünyanı rahat gəzir, amma həmin partiyanın sıravi üzvü Azərbaycana gələn kimi müsavatçı olduğuna görə həbs olunur? Həqiqət axtaran, xalqını düşünən əsl jurnalistlər bu sualları verməklə çayxana siyasətçilərini sıradan çıxardırlar və nəticədə daha savadlı və gənc siyasi liderlər meydana gəlir. ...Gördüyünüz bu insanlar söz azadlığına təhlükədir. Sizin daha pis durumda yaşamağınız üçün vasitədirlər. Bunlar "müxalifət”in AzTV-sidir. Nə xalq 2 il bundan qabaqkı xalqdır, nə də siyasi meydan əvvəlki siyasi meydandır. Sizin qurduğunuz trol imperiyası başınıza uçacaq. Hər şeyin bir yolu var, Sevinc Osmanqızı özü bunu hamıdan yaxşı bilir”.
Müxalifətə qarşı müxalifətçilik
N.Cəfərov yazdığı statuslarla yanaşı, sosial mediada video yayıb, S.Osmanqızının kanalına çıxmama səbəbini yuxarıda qeyd edilən amillərlə əlaqələndirib. S.Osmanqızı da ünvanına səsləndirilən ittihamlara cavab olaraq hazırladığı video-müraciəti "Facebook”dakı "Azadlıq qəzeti” səhifəsində yayımladıb. Həmin videoda S.Osmanqızı bildirir ki, şəxsən özü N.Cəfərovu "Sevinc Osmanqızı kanalı”na çıxarmaq istəmir və bunu ayrı yerlərə yozmağa ehtiyac yoxdur. O, N.Cəfərovu uzun-uzadı yalan danışmaqda, özü barəsində "demokrat” obrazı yaratmaqda, cılızlaşmaqda, qeyri-səmimilikdə ittiham edib. Deyib ki, N.Cəfərov müxalifətə qarşı müxalifətçilik etdiyinə görə "Sevinc Osmanqızı kanalı”na dəvət olunmur.
Hər iki şəxsin "Facebook”da paylaşdığı bu statuslar altında uzun-uzadı müzakirələr, qarşılıqlı ittihamlar, bəzi hallarda isə təhqirlər hazırda da davam etdirilməkdədir.