“Azərbaycanla Ermənistan sərhəddindəki son insident 2016-cı ilin 4 günlük aprel savaşından sonra tərəflər arasında ilk ciddi toqquşma sayıla bilər”.
AzNews.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, 4 ildən sonra Azərbaycanın pilotsuz uçuş aparatları yenidən erməni hərbi məntəqələrini hədəf seçib. Azərbaycanın Müdafiə Nazirliyi bu görüntüləri 4 il bundan əvvəl olduğu kimi internetdən yaydı. Bu, sərhəddəki insidentin miqyasını göstərir: “Ümumiyyətlə 2016-cı ilin aprel savaşı münaqişədə dönüş nöqtəsi sayıla bilər. Bunu Ermənistanda anlamırlar. Ermənistan hakimiyyəti və erməni cəmiyyəti yanlış olaraq düşünür ki, Azərbaycan əbədiyyətə qədər mənasız danışıqlarda iştirak edəcək, Şuşa, Kəlbəcər və Laçının məskunlaşdırılmasına, o cümlədən Ermənistanın Baş nazirinin Şuşada “andiçmə” mərasiminin təşkilinə səbrli yanaşacaq. Əgər bunu düşünürlərsə, demək Azərbaycan cəmiyyətini yaxşı tanımırlar. Bu təxribatlara dünyanın heç bir xalqı səbrli yanaşmaz, o cümlədən azərbaycanlılar da. Azərbaycan Minsk Qrupu həmsədrlərinin mənasız vasitəçilyindən sonra 2016-cı ilin aprelində düyməyə basıb. Mexanizm hərəkətə gəlib və geriyə yol yoxdur. Doğrudur, Rusiyanın təzyiqi ilə savaş 4 gündən sonra dayandırıldı, ancaq bunun müvəqqəti xarakter daşıdığı bəlli idi. Halbuki, aprel savaşının nəticəsi olaraq Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına razılıq verib “mərhələli həll” planının reallaşmasına razılıq versəydi, dünənki insident və buna bənzər hadisələr də baş verməyəcəkdi”.
E.Şahinoğlu bildirib ki, Ermənistan hakimiyyəti Azərbaycan Prezidenti İlham Əliyevin ötən həftə televiziya kanallarına verdiyi geniş müsahibəni də doğru oxuya bilməyib.
"Dövlət başçısı həmin müsahibədə Azərbaycan-Ermənistan münaqişəsinə və Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinə qiymət verdi.
Birincisi, prezident dedi ki, həmsədrlər Ermənistanın Baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” açıqlamasına reaksiya vermədilər. Halbuki, bu açıqlama bölgədə gərginliyin artmasına xidmət etdi. “Bu ifadə, əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir” – bu İlham Əliyevin qiymətləndirməsidir;
İkincisi, prezident bir daha xatırlatdı ki, Azərbaycan separatçılarla və onların qondarma rejimi ilə danışıqlar aparmayacaq. İlham Əliyev həmsədrlərin Nikol Paşinyanın “Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparsın” açıqlamasına da reaksiya vermədiklərini bildirdi. Azərbaycan prezidenti “formatı dəyişmək lazımdır” fikrinin danışıqları əhəmiyyətsiz etdiyini vurğuladı;
Üçüncüsü, İlham Əliyev həmsədrlərin Nikol Paşinyanın Şuşaya təxribatçı səfər edərək qondarma andiçmə mərasimindəki iştirakına səssiz qalmalarını tənqid etdi: “Nə üçün deyilmir ki, bu təxribatdır və bu təxribata görə Ermənistan cavabdehlik daşıyacaq”;
Dördüncüsü, prezident qeyd etdi ki, Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma siyasəti aparır. İlham Əliyev bu məsələni hər dəfə həmsədrlər qarşısında qaldırdığını, ancaq vasitəçilərin buna da seyriçi qaldıqlarını bildirdi. İlham Əliyev ATƏT-in faktaraşdırıcı missiyasının sonuncu dəfə işğal olunmuş torpaqlarda 10 il bundan əvvəl olduğunu xatırladaraq bunları dedi: “On il keçib. Son bir neçə il ərzində biz onlara təkidlə deyirik ki, yeni missiya getməlidir. Bu 10 il ərzində Ermənistan Suriyadan və başqa yerlərdən erməniləri oraya gətirib, onları zorla saxlayır. Bizim şəhərlərimizin tarixi adlarını dəyişdirir, işğal edilmiş torpaqlarda kilsələr tikir. Yəni, sabah deyəcək ki, bu, erməni torpağıdır. Dəfələrlə demişik onlara. Reaksiya var? Yoxdur!” ;
Beşincisi, İlham Əliyev Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti olmadığını söylədi. Məsələ burasındadır ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin il ərzində bir neçə onlayn müzakirəsi olub. Siyasi ekspertlər də bu müzakirələrin mənasız olduğunu vurğulayırdılar. Prezident bir daha vurğuladı ki, danışıqların imitasiyası Azərbaycanın maraqlarına xidmət etmir”.
Politoloq əlavə edib ki, Azərbaycan prezidenti Minsk Qrupunun fəaliyyətini yararsız hesab edərək buna dair detallı dəlillər irəli sürüb.
“Əslində bu dəyərləndirmədən sonra rəsmi Bakının vasitəçilərin sadəcə öz varlıqlarını göstərmək üçün həyata keçirdikləri mənasız danışıqlardan imtina etməsi və ya fasilə götürməsi zərurəti gündəmə gəlirdi. Prezidentin müsahibəsindəki son cümlə də bundan xəbər verirdi: “Heç kim Aprel döyüşləri yadından çıxmasın”. Bu sözlərin üstündən bir həftə keçməmiş sərhəddə insident baş verdi. 4 il əvvəl apreldə olduğu kimi Azərbaycan ordusu işğalçının təxribatına əks həmlə ilə cavab verdi və bu son deyil”.
Ermənistanın istənilən təxribatı müharibəni alovlandırmaq gücünə malikdir. Azərbaycanla Ermənistanın fərqi odur ki, Azərbaycan cəmiyyəti torpaqları azad etmək üçün müharibə tələb edir. Misal üçün sərhəddəki insidentdən sonra Azərbaycan cəmiyyətində müharibə tələbləri artıb, gənclərin küçələrə spontan axışı müşahidə edilib.
Ermənistan cəmiyyəti isə müharibə istəmir, çünki onun nəticələrindən qorxur. Digər tərəfdən ermənilər yanlış olaraq düşünürlər ki, 1990-ci illərdə müharibədə qələbə çalıb istədiklərindən də artıq torpaq işğal ediblər və əsas məqsədləri bu nəticəni qorumaq və leqallaşdırmaqdır. Ancaq sərhəddəki insident göstərdi ki, nə işğalı leqallaşdırmaq, nə də qorumaq mümkündür. O biri tərəfdən danışıqlar nəticə vermirsə və verməyəcəyi bəllidirsə, lokal toqquşmalar və böyük müharibə qaçılmazdır. Ermənistanda yanlış olaraq onu da düşünürlər ki, hazırda Azərbaycan və Ermənistan qorxulu virusla mübarizə aparırsa və bu da faktiki müharibədirsə, Azərbaycan ikinci müharibəyə başlamayacaq. Sərhəddəki insident bu mülahizələrin yanlış olduğunu göstərdi. Pandemiya lokal toqquşmaların və ya müharibənin başlamasına mane olmur".
Onun sözlərinə görə, sərhəddəki insident Azərbaycanla Ermənistan arasındakı digər fərqləri də göstərdi.
“Birincisi, Azərbaycan Müdafiə Nazirliyi toqquşma zamanı itkiləri açıqladı. Bu, beynəlxalq aləmə göstərdi ki, birinci atəşi Ermənistan ordusu açıb və sonrakı hadisələrə görə məsuliyyət İrəvanın üzərindədir. Ermənistanın Müdafiə Nazirliyi isə itkilər barədə hələ ki, məlumat vermir. Halbuki, Ermənistanın sosial şəbəklərindən itkilərlə bağlı müzakirələr gedir. Ermənistan hakimiyyətinin itkilərin miqyasını gizlətməkdə məqsədi indiki ağır iqtisadi və pandemiya şəratində erməni cəmiyyətinin narazılığının daha da artmasının qarşısını almaqdır. Ermənistanın keçmiş prezidenti və baş naziri Serj Sərkisyanı istefaya məcbur edən səbəblər məhz 2016-cı ilin aprelində Ermənistan ordusunun uğursuzluğu və itkiləriylə əlaqəli idi. Ermənistanın hazırki Baş naziri Nikol Paşinyan eyni aqibəti yaşamaq istəmədiyindən itkilərin açıqlanmasına hazır deyil.
İkincisi, Ermənistan sərhəddəki imsidentdən dərhal sonra sağa sola, hara mümkündürsə, şikayət etməyə başlayıb. Xarici işlər naziri Zöhrab Mnatsakyan dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zasosa zəng edib təşkilatın Ermənistana dəstək verməsini istəyib. Bəlkə də insidentin Dağlıq Qarabağ istiqamətində deyil, Azərbaycanla sərhəddə baş verməsi Ermənistanın KTMT-nin və özəlliklə Rusiyanın dəstəyinin artırıllmasına nail olmaqdır. Hələ ki, bu saata qədər KTMT üzvləri Ermənistana birmənalı dəstək ifadə etməyiblər. Məsələ burasındadır ki, Rusiyadan başqa KTMT-nin digər üzvləri işğalçı dövlətə dəstək vermirlər, çünki üzv ölkələrin Azərbaycanla tərəfdaşlıq münasibətləri var. Ermənistan hakimiyyətinin şikayət etdiyi ikinci ünvan ATƏT sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik olub. Ermənistanın müdafiə naziri David Tonoyan onunla telefonla danışıb. Bu telefon danışığında Tonoyan sərhəddəki insidentə görə Azərbaycanın günahkar olduğunu sübut etməyə çalışsa da, belə bir cümlə də işlədib: “Ermənistan ordusu təxribatlara ancaq cavab hüququndan istifadə edir, ancaq təxribatlar davam edərsə, lazımi mövqelərin ələ keçirilməsi əməliyyatlarını da həyata keçirə bilər”.
Tonoyanın sonuncu cümləsi Tovuzdakı insidentin mahiyyətini ortaya qoyur. Ermənistan ordusu sərhəddə strateji yüksəkliklərə nəzarət etmək istəyir. Azərbaycan ordusu buna imkan verməyərək, yüksəklikləri öz nəzarəti altında saxlamaq əməliyyatlarını davam etdirəcək. 2016-cı ilin aprel ayındakı döyüşlər də məhz strateji yüksəkliyə hansı tərəfin nəzarət edəcəyi uğrunda gedirdi. Nəticədə strateji yüksəkliyi Azərbaycan ordusu ələ keçirdi. Bundan sonra Azərbaycan ordusu Naxçıvan istiqamətində strateji yüksəkliyi nəzarəti ələ keçirdi.
Üçüncüsü, son insident Rusiya ilə Türkiyənin Azərbaycan üçün fərqini bir daha ortaya qoydu. Türkiyə Xarici İşlər Nazirliyi sərhəddəki insidentdən dərhal sonra Azərbaycana tam dəstəyini və Ermənistanın işğalını pisləyən bəyanat yaydı. Sərhəddəki insidentdən sonra Ermənistanın müdafiə naziri isə Rusiyanın təyyarəçilərini qəbul edərək Ermənistan hərbi hava qüvvələrinə verdiyi dəstəklərə görə onlara minnətdarlığını bildirdi. İrəvandakı görüşdə rusiyalı təyyarəçilərə medallar verildi”.
“Azərbaycan işğalla barışmayacaq. Ermənistanda birbirini dəyişən hakimiyyətlər münaqişənin həlli üçün “mərhələli həll” planını qəbul etmirlər. Demək lokal toqquşmalar və genişmiqyaslı müharibə ehtimalı hər zaman yüksək qalacaq. Bunun qarşısını nə Rusiyadan edilən telefon zəngləri, nə də həmsədrlərin ortamı yumşaltmaq üçün yaydıqları və yayacaqları bəyanatlar ala bilər. Düyməyə basılan mexanizm hərəkətdədir”, - deyə politoloq əlavə edib.
Səidə Vahid
AzNews.az