“Rusiya, Azərbaycan və Ermənistanın üçtərəfli bəyanatı bütövlükdə, ardıcıl olaraq həyata keçirilir”.
AzNews.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bu gün MDB Dövlət Başçıları Şurasının iclasında bildirib.
“Əlbəttə, bizim hamımıza yaxın olan MDB-yə üzv dövlətlərin - Azərbaycan və Ermənistanın cəlb edildiyi Dağlıq Qarabağ regionundakı silahlı münaqişəyə görə narahat idik. Baş verən hərbi toqquşmalar çoxsaylı insan tələfatı ilə nəticələnib, Cənubi Qafqazda vəziyyəti gərginləşdirib, terror hədələrinin yayılması riskini artırıb”, - deyə Putin vurğulayıb.
O xatırladıb ki, Rusiya Dağlıq Qarabağ zonasında qan tökülməsini dayandırmaq, tam atəşkəsə nail olmaq və sabitlik prosesinə başlamaqdan ötrü müəyyən vasitəçilik səyləri göstərib.
Rusiya Prezidentinin sözlərinə görə, təmas xətti boyunca yerləşdirilən rusiyalı sülhməramlılar əllərindən gələni edirlər ki, vəziyyətin yenidən gərginləşməsinə yol verilməsin.
“İndi beynəlxalq birlik qarşısında və şübhəsiz, bizim bütün ölkələrimiz qarşısında humanitar problemlərin, o cümlədən köçkünlərin qayıtması, dağıdılmış infrastrukturun bərpası, tarixi, dini və mədəni abidələrin qorunması və bərpası ilə bağlı problemlərin həllində zərərçəkən rayonlara yardımın göstərilməsi kimi mühüm vəzifə durur”, - deyə Putin əlavə edib.