XİN-dən Belçika Parlamentinin qəbul etdiyi qətnamə ilə bağlı şərh

19 Dekabr 2020 13:58 (UTC+04:00)

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Belçika Krallığının Parlamenti tərəfindən Azərbaycana qarşı bəzi əsassız iddiaları əks etdirən qətnamənin qəbul edilməsinə münasibət bildirib.

AzNews.az xəbər verir ki, L. Abdullayeva xatırladıb ki, bu ilin 17 dekabr tarixində Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının plenar sessiyası zamanı “Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli və atəşkəsin əldə olunması üçün Belçikanın və beynəlxalq qurumların təşəbbüslərinə dəstək" adlı qətnamə layihəsi qəbul edilib: "Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasında iştirak etmək məqsədilə Belçika Krallığına işgüzar səfər edən xarici işlər naziri Ceyhun Bayramov səfər çərçivəsində Belçika Krallığının Baş Nazirinin müavini-Xarici işlər, Avropa məsələləri, xarici ticarət və federal mədəniyyət institutları üzrə naziri Sofi Vilmes ilə görüşüb. Görüş zamanı nazir Ceyhun Bayramov Belçika Parlamenti tərəfindən Azərbaycan, eləcə də qardaş Türkiyəyə qarşı əsassız və qərəzli iddiaları əks etdirən qətnamənin qəbul edilməsi ilə bağlı etiraz və narazılığımızı Belçika rəsmisinin diqqətinə çatdırıb. Sənəddə Belçika hökumətinin izahı nəticəsində beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT TŞ-nin 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrə istinadın əks olunmasına rəğmən, burada həqiqəti əks etdirməyən qərəzli fikirlərin yer almasının qəbuledilməz olduğu bildirilib.

Vurğulamaq istərdik ki, Belçikanın Baş Nazirinin müavini-Xarici işlər, Avropa məsələləri, xarici ticarət və federal mədəniyyət institutları üzrə naziri ölkəsinin rəsmi mövqeyini xatırladaraq, Belçika tərəfindən dövlətlərarası münasibətlərdə hər zaman beynəlxalq hüququn normalarının rəhbər tutulduğunu qeyd edib".