Britaniyalı nazir: “Rusiya ilə birbaşa münaqişəyə girməyəcəyik”

13 May 2022 09:26 (UTC+04:00)

Böyük Britaniya hökuməti Ukrayna hadisələri fonunda Rusiya ilə birbaşa münaqişəyə girmək niyyətində deyil, lakin Kiyevə yardımı davam etdirəcək.

Bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles məlumat verib.

“Biz Rusiya ordusu və ya Rusiya dövləti ilə birbaşa münaqişəyə girməmişik və bunu etməyəcəyik. İstəsəniz də, istəməsəniz də, hələ Rusiya işğalından əvvəl mən açıq şəkildə bildirmişdim ki, Ukrayna NATO-nun üzvü olmadığı üçün biz qoşunlarımızı göndərib döyüşməyəcəyik”, - o bildirib.

Eyni zamanda Uolles qeyd edib ki, Ukrayna BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququna malikdir. Bununla bağlı nazir Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisindəki hərbi obyektlərə zərbələrini məntiqli adlandırıb. Bununla belə, o vurğulayıb ki, Londonun verdiyi silahlar Kiyevə hücum xarakterli hərbi əməliyyatlar aparmağa imkan vermir.