Elektrik naqili ilə qadını öldürən şəxsə hökm oxunub

19 May 2022 10:43 (UTC+04:00)

Bakıda qətl törətməkdə təqsirləndirilən Eynur Əlizadəyə hökm oxunub və o 18 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, ötən il mayın 31-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb. Qəsəbədə kirayədə yaşayan 1990-cı il təvəllüdlü M.N (ad, soy adı şərti) tanışı E.Əlizadə tərəfindən sərinkeşin elektrik naqili ilə boğaraq qətlə yetirilib.

Daha sonra E.Əlizadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İttiham aktına əsasən, yüngül həyat tərzi keçirən M.N hadisə günü tanışı E.Əlizadə ilə cinsi əlaqədə olmaq məqsədilə yaşadığı evə gələrək birlikdə spirtli içki qəbul edib. Daha sonra qadın çarpayısının döşəkçəsinin altında özünə avtomobil almaq üçün saxladığı 14 700 manat məbləğində pulu ona göstərib. E.Əlizadə səhər saatlarında həmin pulu ələ keçirmək məqsədi ilə sərinkeşin naqili ilə qadını boğaraq öldürüb.