Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası son günlərin ən aktual məsələlərindən biridir. Təbii ki bu məsələdə Ermənistanın hər zaman olduğu kimi əsası olmayan süni əngəllər yaratmağı bu prosesin uzadılmasına gətirib çıxarır.
Azərbaycan Respublikasının suverenliyinin əsas atributlarından biri dövlət sərhədlərimizin hüdüdlarını özündə birləşdirməkdir. Ermənistanın 30 il işğal altında saxladığı, indi isə azadlığına qovuşmuş torpaqlarımızın şəffaf bir şəkildə delimitasiyası və demarkasiyası erməni vandalları tərəfindən əsassız bəhanələrlə mübahisə predmetinə çevrilib. Azərbaycan Respublikası sərhəd olduğu digər ölkələrlə sərhədlərinin delimitasiya prosesini xüsusi dəqiqliklə həyata keçirib. Bu proseslərin heç birində hər hansı bir gərginlik yaşanmayıb.
Bugün qürur hissi ilə deyə bilirik ki , 44 günlük Vətən müharibəsi nəticəsində əldə etdiyimiz qələbə ilə Azərbaycanın ərazi bütövlüyümüz təmin olunub. Bu da sərhədlərin delimitasiya və demarkasiyasını zəruri edir. Beynəlxalq təşkilatlarinda bu məsələdə iştirakı zəruridir. Bütün Dünya Azərbaycanın haqlı mübarizəsini və torpaqlarımızı işğaldan azad etməyimizin şahididir. Hamı bilməlidir ki, bütün mübahisə və gərginliklər nə qədər tez ortadan qalxsa, regiona sülh və təhlükəsizlik də o qədər tez gələr. Bu isə bütün regionun maraqları, bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətlidir.
Prezident İlham Əliyev Bakıda səfərdə olmuş Litva Prezidenti Gitanas Nauseda ilə görüşdə də bildirdi: “Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının ilkin olaraq başlanmasına həvəs göstərmir. Düşünürəm ki, imkanlar əldən verilməli deyil. Çünki indi Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır.”
İkinci Qarabağ müharibəsi qurtaran kimi Azərbaycan açıq şəkildə sülh müqaviləsinin bağlanmasını və sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılmasını dəstəkləməyə başlamışdır. Bu, Ermənistan tərəfindən müsbət qarşılanmamışdır. Sonra biz mövqeyimizi, yaxşı məlum olan beş prinsipi dəqiqləşdirdik, bunlar beynəlxalq hüququn əsas prinsipləridir, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və yaxşı beynəlxalq təcrübə və davranışlara uyğundur. Ümid edirik ki, Ermənistan həmin prinsipləri qəbul etdiyini ehtiva edən ilkin mövqeyinə sadiq qalacaq və bu, sülh sazişi üçün əsas olacaq.
Artıq Azərbaycan regionda yeni reallıqlar yaradıb və bu reallıqlar sülhə, təhlükəsizliyə, eyni zamanda, əməkdaşlığa hədəflənib. Ermənistanın görüşlərdən imtina etməsi narahatlıq və təəssüf yaradır. Lakin bu ölkə anlamalıdır ki, Azərbaycanın irəli sürdüyü 5 prinsipi yerinə yetirmək məcburiyyətindədir. Ermənistan görüşlər üçün tarix verməli və sərhədlərin delimitasiyası artıq başlamalıdır. Azərbaycan dövləti bu işlərə tam hazır vəziyyətdədir, eyni zamanda işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və canlandırılması məsələsi ilə məşğuldur. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan sülpərvər ölkədir və regionda dayanıqlı təhlükəsizliyin mövcud olmasında maraqlıdır.
Jalə Əlizadə,
YAP üzvü