Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) informasiya və kommunikasiya texnologiyaları (İKT) nazirlərinin xüsusi iclası keçirilir.
Aznews.az xəbər verir ki, bu barədə TDT-nin mətbuat xidməti məlumat yayıb.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin ev sahibliyi və TDT-nin Baş katibi Bağdad Amreyevin moderatorluğu ilə keçirilən iclasda TDT-yə üzv və müşahidəçi dövlətlərin informasiya və kommunikasiya texnologiyaları üzrə nazirləri iştirak edir.
İclasda rəqəmsal infrastrukturun inkişafı, Elektron hökumət və Kibertəhlükəsizlik alt işçi qrupları çərçivəsində informasiya və kommunikasiya texnologiyaları sahəsində mövcud əməkdaşlıq; İKT infrastrukturunun inkişafı üzrə birgə layihələrin həyata keçirilməsində əməkdaşlıq; “Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlər arasında İKT sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun layihəsi; TDT-nin üzv dövlətlər arasında “Ümumi Mobil Cihaz Qeydiyyat Sistemi”nin hazırlanması; “TDT Rəqəmsal İnnovasiya Kataloqu”nun hazırlanması layihəsi müzakirə olunur.
İclasda həmçinin Azərbaycan və Türkiyədən olan İKT ekspertlərinin birgə təqdimatı olacaq.