Əsrlər boyu İran istimai düşüncəsində hakim olmuş fars şovinizmi, özlərini avtoxton, digərlərini, xüsusilə də azərbaycanlıları gəlmə adlandırıb onları əsarətdə saxlayan Orta əsr təfəkkürlü İran molla rejiminin düşmən münasibəti kontekstində farsların əcdadlarının bu regiona axıb gəlmələri tarixi maraq doğurur.
Arilər – hind-iranlılar hind-avropalıların tərkib hissəsi olduğundan bu istiqamətdəki araşdırmaların əhatəsi də olduqca genişdir. “İran” sözünün mənşəyinin “ari” sözü ilə bağlı olması məlumdur. O da məlumdur ki, “ari” sözünün mənası qonşu xalqlardan və yaxud özlərinə tabe etdikləri xalqlardan fərqli olaraq “tam hüquqlu insanlar” deməkdir. Görünür elə bu səbəbdəndir ki, indi Hindistanda müsəlmanlara, İranda azərbaycanlılara qarşı neqativ münasibət və bu dövlətlərin hər ikisinin Ermənistanı hərtərəfli dəstəkləməsi heç də təsadüfi deyilmiş.
Avrasiyanın geniş regionlarında qədim hind-avropalıların ilk vətəni, onların yayılması, miqrasiyaların istiqamətləri kimi elmi problemlər tarix elmində hələ XIX əsrdən geniş müzakirə edilməkdədir. Uzun diskussiyaların gedişində mərkəzi və cənubi-şərqi Avropa regionlarının hind-avropalıların, o cümlədən farsların əcdadları olmuş hind-iranlıların – arilərin ilk vətəni olması fikri üstünlük təşkil etmişdir. Üstəlik, bu tayfaların əsas qisminin köçəri həyat sürməsi də tədqiqatçılarda şübhə doğurmur. Məhz bu səbəbdəndir ki, hind-avropalılar Avrasiya məkanında çox geniş şəkildə yayılmışdılar.
Qədim hind-avropalılar, onların yayılması, şaxələnməsi, müxtəlif ərazilərdə məskunlaşması çox geniş və olduqca mürəkkəb elmi problemlərdir. Əlbəttə, yalnız bir məqalənin məhdud imkanları çərçivəsində bütün bu araşdırmaların nəticələrinin şərh edilməsi qeyri-mümkündür. Lakin arxeoloji araşdırmalara istinad edərək bu aspektdə Azərbaycanın tarixi ərazilərini əhatə edən bəzi məsələlər üzərində qısa dayanmağı vacib hesab edirəm. Bunlar hind-arilərin hansı istiqamətdən indiki İran ərazisinə axıb gəlmələri, bu miqrasiyaların nə zaman baş verməsi, İran və Azərbaycan ərazilərində onların gəlməsinə qədərki mədəniyyətlərin kimlərə məxsus olması və s. məsələlərdir.
Problemin mənşəyi tarixin yazıya qədərki qədim qatlarına bağlı olduğundan başlıca olaraq arxeoloji abidələr, arxeoloji qazıntıların nəticələri əsas sübutlar kimi istinad mənbəyi olaraq qalmaqdadır. Tədqiqatçılar (bunlar əsasən Avropa-Rusiya müəllifləridir) ilk kurqan tipli qəbir abidələrinin, ən qədim arabaların, atlardan ilkin istifadə və at dəfnlərinin, bir sözlə qədim sivilizasiyaların və protosivilizasiyaların başlıca nailiyyətlərinin hind-avropalılara məxsus olmalarını yazıblar. Lakin son illərin arxeoloji araşdırmaları kontekstində bu sadalananların qısa şərhi elmdə uzun müddət aksioma kimi qəbul edilmiş bu tezislərin düzgün olmadığını göstərir.
İlk növbədə kurqanlar barədə. Avrasiyanın geniş ərazilərində e. ə. V minilliyin ikinci yarısı-IV minilliyin əvvəllərində meydana çıxaraq yayılmış kurqan tipli qəbir abidələrinin yaranmasının tarixi kökləri onilliklər ərzində tədqiqatçıları düşündürmüşdür. Müəlliflər kurqanların mənşəyi barədə daha çox monosentrik nəzəriyyə tərəfdarı olaraq kurqanların Cənubi-Şərqi Avropada hind-avropalılar tərəfindən yaradıldığını və bu ərazidən ətraf regionlara yayıldığını yazırlar (Даниленько 1969; Гимбутас 2006 və s.).
Son illərin araşdırmaları, yeni tapıntılar kurqanların yayılması barədə monosentrik hind-avropalılar nəzəriyyəsinin yanlış olduğunu göstərir. Belə ki, Ağstafada e.ə. IV minilliyin əvvəllərinə aid Soyuqbulaq kurqanlarının (Мусеибли 2005) və İrəvan ətrafında e.ə. V minilliyin ikinci yarısına aid digər kurqanlar qrupunun aşkar edilməsi qeyd edilən nəzəriyyənin kökündən səhv olduğunu sübuta yetirdi. Bu kurqanlar cənubi-şərqi Avropa kurqanları ilə sinxron olsalar da onları heç nə bağlamır və bunlar yerli mədəniyyətlərə aid olub müstəqil şəkildə meydana çıxmışlar. Cənubi Qafqazda isə həmin mərhələdə, yəni Xalkolit dövründə hind-avropalılar yaşamamışlar.
Ümumiyyətlə, Avrasiyanın müxtəlif ərazilərində e.ə. V-II minilliklərdə (Xalkolit və Tunc dövrlərində) qəbirlərin üzərində kurqan qurmaq adəti müstəqil şəkildə meydana çıxmışdır. Köçəri və yarımköçəri həyat sürən, miqrasiyalar edən qədim tayfalar vəfat etmiş yaxınlarının qəbirlərinin yerlərinin itməməsi, unudulmaması üçün onların üzərində daşdan və torpaqdan təpəcik qururdular. Beləliklə də ilk kurqanlar meydana çıxırdı. Tədricən bu adət daha da dərin kök salır, uzun-uzadı mərasimlərlə müşayiət olunurdu. Bununla bağlı olaraq iri, nəhəng kurqanlar yaradılırdı. Ayrı-ayrı regionlarda dəfn adətlərindən, əhalinin etnik tərkibindən asılı olaraq kurqanların növləri və tipləri də müxtəlif olurdu. Məhz bu baxımdan arxeoloji dəlillər kurqan adətinin ilk olaraq yalnız hind-avropalılara və yaxud hər hansı digər tayfalara məxsus olması barədə monosentrik fikirləri qəti şəkildə inkar edir.
Təkərli nəqliyyatla bağlı ilk növbədə qeyd etmək lazımdır ki, təkər modellərinin ən qədim nümunələrinin e.ə. V-IV minilliklərdə Avropada, Balkan abidələrində aşkar edilməsinə dair yanlış fikirlər irəli sürülmüşdür. Belə ki, hind-avropalıların ilk vətənindən uzaqda – Azərbaycanda da həmin dövrə – e.ə. V-IV minilliklərə aid abidələrdə gildən hazırlanmış təkər modelləri aşkar edilmişdir. Məhz bu tapıntılar Azərbaycanın bütün Avrasiya məkanında təkərli nəqliyyatın kəşf edildiyi ilk regionlardan biri olduğunu sübut edir. Bütün bunlar təkər modelləri əsasında təkərli nəqliyyatın mənşəyinin hind-avropalılarla bağlanması fikrinin düzgün olmadığını göstərir. Fikrimizcə, belə nəqliyyat vasitələri Avrasiyanın müxtəlif bölgələrində əhalinin təsərrüfat fəaliyyətinin səciyyəvi xüsusiyyətləri ilə bağlı olaraq müstəqil şəkildə meydana çıxmışdır.
Mövzu ilə bağlı başlıca məsələ qədim irandilli tayfaların İran, Cənubi Azərbaycan ərazilərində məskunlaşması tarixidir. İlk növbədə qeyd edilməlidir ki, farsların əcdadları olmuş ari tayfalarının indiki İran regionuna e.ə. I minilliyin əvvəllərindən – e.ə. IX əsrdən başlayaraq indiki cənubi Rusiya çöllərindən axıb gələrək məskunlaşmaları İranşünas alimlər tərəfindən əsasən qəbul edilmişdir. E.A.Qrantovskiy isə irandillilərin bu miqrasiyalarının tarixini bir az da qədimləşdirərək e.ə. X əsrdə və ola bilsin ki, daha əvvəl baş verdiyini yazmışdır (Э.А.Грантовский. Ранняя история иранских племен Передней Азии. М. 1970, с. 339). Diskussiyaya səbəb olan məsələlər isə göstərilən tarixi çərçivədə bu miqrasiya proseslərinin konkret nə zaman və hansı marşrut üzrə baş verməsidir. Bu məsələlər üzrə tədqiqatçıların fikirləri fərqlidir. Eyni zamanda, bizim üçün daha maraqlı olanı arilərin miqrasiyalarının Azərbaycanın tarixi ərazilərini əhatə edib-etməməsi məsələsidir.
Bu elmi problemə dair İ.M.Dyakonov, İ.H.Əliyev, E.A.Qrantovskiy, M.N.Poqrebova və s. məşhur Qafqazşünas-İranşünas alimlərin geniş tədqiqatları məlumdur. Onların tədqiqatlarının başlıca mənbəyi regionun onomastik materialları və arxeoloji abidələridir. Bu alimlərin irəli sürdükləri müddəaları (xüsusilə də onomastika sahəsində) təhlil etmək olduqca çətin bir vəzifədir, çünki bu müddəaların hər biri tarixi hadisələrin, mənbələrin çox dərin araşdırılmasına əsaslanmışdır. Bu alimlərlə polemikaya girmək üçün Ön Asiyanın qədim, ölü dillərini dərindən bilmək lazımdır. Bu isə dilçilik tarixi ilə məşğul olan mütəxəssislərin işidir. Mən bir arxeoloq kimi yalnız arxeoloji abidələr, qazıntılar kontekstində həmin iranşünas alimlərin irəli sürdükləri fikirlərə nəzər salmağı özümə rəva bilirəm. Qədim dövrlərə, o cümlədən bəhs edilən mərhələyə aid məhdud yazılı mənbələrin məlumatları arxeoloji abidələrin tədqiqatları ilə təsdiqlənmirsə deməli həmin məlumatları sübuta yetirilmiş elmi həqiqətlər kimi qəbul etmək mümkün deyil.
Xüsusilə qeyd edilməlidir ki, adları burada göstərilən və göstərilməyən iranşünasların demək olar ki, hamısı irandilli tayfaların İrana gəlmə olduqlarını və onlara qədər bu regionda (o cümlədən Cənubi Azərbaycan ərazisində) yerli, avtoxton əhalinin (kutilər, hurrilər, lullubilər, turukkilər və s.) yüksək mədəniyyətə malik olduğunu, dövlət qurumları yaratdıqlarını birmənalı olaraq təsdiq etmişlər. Tədqiqatçıların əksəriyyəti (tarixçi İ.M.Dyakonov, arxeoloq V.M.Masson və b.) onomastik və keramika məmulatından ibarət arxeoloji materiallar əsasında belə hesab edirdilər ki, irandilli tayfalar İran ərazisinə şərq istiqamətindən – Mərkəzi Asiyadan gəliblər. İkinci qrup tədqiqatçılar isə (R.Qirşman, E.A.Qrantovskiy, M.N.Poqrebova və b.) irandillilərin Şimali və Cənubi Qafqazdan (başlıca olaraq Azərbaycan ərazisindən) keçməklə İran yaylasına gəldikləri fikrinə üstünlük verirlər. İqrar Əliyev bu problemə dair əvvəlki tədqiqatlarında şərq – Mərkəzi Asiya istiqamətinə tərəfdar olmuş, irandilliləri “köçəri barbar tayfalar” adlandırmışdır (И.Алиев. История Мидии. Баку, 1960, с. 91). Lakin sonrakı tədqiqatlarında onları böyük mədəni nailiyyətlərin yaradıcıları, daşıyıcıları kimi təqdim etmişdir və bu tayfaların şimaldan, Azərbaycan ərazisindən keçməklə İrana gəldiklərini yazmışdır (Məs. И.Алиев, 1987).
Qafqaz istiqamətinin tərəfdarlarının arxeologiya baxımından əsas istinad mənbəyi Azərbaycan ərazisindəki at dəfnləridir. İstisnasız olaraq bütün İranşünaslar Avrasiya ərazisində at sümüklərinin və yaxud bütöv at skeletlərinin, at dəfnlərinin aşkar edildiyi bütün qədim qəbir abidələrini hind-avropalılara, arilərə aid etmişlər. Bu müəlliflər at mövzusuna o qədər aludə olmuşlar ki, bu abidələrin yerləşmə coğrafiyası, xronologiyası, tipləri, növləri, dəfn adətləri, qəbirlərdə at skeletləri ilə yanaşı aşkar edilmiş çoxsaylı arxeoloji materiallar (keramika, metal məmulatı və s.), qədim at qalıqlarının regionlar üzrə cinslərinin/növlərinin müəyyən edilməsi çox zaman ümumiyyətlə müzakirə mövzusu olmamış, atdan istifadənin, atçılığın yalnız hind-avropa mədəniyyətinə aid olması bir aksioma kimi qəbul edilmişdir.
Bu məqamda İ.M.Dyakonovun linqvistik və arxeoloji materialların biri-birinə uyğunlaşdırılması barədə yazdıqları yerinə düşür: “ayrı-ayrı uyğunluqlar heç nəyi sübut etmir – yalnız sistemi sistemlə, strukturu strukturla müqayisə etmək olar” (И.М.Дьяконов, 1984). Məhz bu baxımdan Azərbaycanda aşkar edilmiş at dəfnlərini kompleks tədqiq etmədən onların arilərə məxsus olması barədə fikirləri sübuta yetirilmiş hesab etmək olmaz.
Avrasiyanın əksər regionlarında e.ə. V minilliyin əvvəllərinə qədər müxtəlif vəhşi at cinsləri yaşamış və onlar ov obyekti olmuşlar. E.ə. VI minilliyin ortalarında cənubi-şərqi Avropada atların qismən əhliləşdirilməsi iddia edilsə də bu prosesin e.ə. V minilliyin axırlarından tez baş vermədiyi (Saratov vilayətindəki Vorfolomey düşərgəsinin tapıntıları əsasında) elmi baxımdan əsaslandırılmışdır (А.И.Юдин, 2008). Cənubi Ural və şimali-qərbi Qazaxıstan çöllərini əhatə etmiş, məşhur Arkaim kompleksinin də daxil olduğu Sintaşta arxeoloji mədəniyyətinin (e.ə. II minilliyin birinci yarısı) arilərə məxsus olduğu iddia edilir (В.Ф.Генинг, Г.Б.Зданович, В.В.Гениниг. Синташта. Челябинск, 1992). Bu mədəniyyətin əsas xüsusiyyətlərindən biri at, inək, it, qoyun və s. heyvanların bütöv və ya parçalanmış hissələrinin dəfn edilməsidir. Qəbir kamerasının bir tərəfində atların çoxsaylı kəllələrinin sıra ilə düzülmüş dəfnlərinə də rast gəlinmişdir. Yəni burada bir qəbirdə müxtəlif heyvanların bütöv və ya parçalanmış dəfnləri daha çoxdur. Arilərə məxsus at dəfn adətlərinin də sonralar məhz bu mədəniyyətin arealından yayıldığı iddia edilir.
Bəs Azərbaycanda bu dövrdə vəziyyət necə idi? Cəlilabad rayonundakı Əliköməktəpə yaşayış yerinin e.ə. V minilliyin ortaları-ikinci yarısına (Xalkolit dövrünə, Muğan mədəniyyətinə) aid təbəqəsindən çoxsaylı əhliləşmiş at sümükləri, o cümlədən atların bütöv kəllə və çənə sümükləri aşkar edilmişdir. Yəni arilərin ilk vətəni hesab edilən Ural-Volqaboyunda atların əhliləşdirilməsi ilə eyni zamanda Azərbaycan ərazisində də bu proses müstəqil şəkildə baş vermişdir. Sonrakı mərhələyə – İlk Tunc dövrünə (e.ə. IV minilliyin ikinci yarısı-III minilliyin sonları) aid Azərbaycanın arxeoloji abidələrindən çoxsaylı əhliləşdirilmiş at sümükləri və gildən at fiqurları tapılmışdır. Bu tapıntılar həmin dövrdə Azərbaycanda atdan təsərrüfatda geniş istifadə edildiyini və atla bağlı sitayişin meydana çıxdığını göstərir.
Orta Tunc dövründə (e.ə. III minilliyin sonları-II birinci yarısı) kurqanlarda atların parçalanmış dəfnləri meydana çıxmışdır. Ağstafa rayonunda qazılmış Həsənsu kurqanında (N.Müseyibli, A.Ağalarzadə. Həsənsu kurqanı. Bakı, 2013) və Şəmkir rayonunda qazılmış Qaracəmirli kurqanlarında (М.Гусейнова. Из истории южного Кавказа. Баку, 2011) dəfnlər zamanı qoyulmuş at kəllələri, atların müxtəlif hissələrinin sümükləri aşkar edilmişdir. Son Tunc-İlk Dəmir dövründə (e.ə. II minilliyin ikinci yarısı-I minilliyin əvvəlləri) bu adət davam etməklə yanaşı atların böyük hissələrinin və yaxud atların tam, bütöv şəkildə qəbirlərə qoyulması adətləri də yayılmışdır. Məsələn, Goranboy rayonunun Borsunlu kəndi yaxınlığında tədqiq edilmiş kurqanda döyüşçü oturdulmuş vəziyyətdə silahları ilə (xəncər, ox ucluqları) birgə dəfn edilmişdir. Qəbirə həm də atın yarı hissəsi olduğu kimi, qalan yarısı isə parçalanmış halda qoyulmuşdur (Q.Qoşqarlı, N.Müseyibli, S.Aşurov. Borsunlu kurqanı. Bakı, 2003). Bu tapıntılar burada e.ə XIII əsrin ortalarında dəfn edilmiş döyüşçünün süvari olduğunu və bölgədə həmin dövrdə hərb işində atlardan minik vasitəsi kimi istifadə edildiyini göstərir.
Arxeoloji qazıntılarla aşkara çıxarılmış bütün bu faktlar Azərbaycanda atçılığın yerli köklərə, qədim tarixə malik olduğunu, hidn-avropalılara heç bir aidiyyətı olmadığını sübut edir. Bütün bu abidələr İranşünas alimlərin irandilli tayfaların tarixi Azərbaycan torpaqlarına gəlmələri barədəki iddialarında yer almış başlıca tarixi dövrdən – e.ə. II minilliyin sonları-I minilliyin əvvəllərindən yüzilliklər və minilliklər öncəyə aiddirlər. Bu səbəbdən onların arilərə bağlı olmaları istənilən halda istisna edilir.
Azərbaycanda XX əsrin əvvəllərindən başlayaraq Gəncə yaxınlığında, Göy-göl rayonunda, Urmiya yaxınlığında Həsənli nekropolunda (М.Н.Погребова, 1977) Şahtaxtıda (Kəngərli r.) nekropolunda (А.К.Алекперов, 1960), Qarabağda (H.Cəfərov, 1995; 2000), Mingəçevirdə (Г.М.Асланов, Р.М.Ваидов, Г.И.Ионе. Древний Мингечаур. Баку, 1959) atların həm parçalanmış, həm də bütöv halda dəfn edildiyi (bəzən ayrıca, bəzən isə insanlarla birgə) qəbir abidələri tədqiq edilmişdir. Bütün bu arxeoloji abidələr e.ə. II minilliyin sonları-I minilliyin əvvəllərinə – Son Tunc-İlk Dəmir dövrünə aiddirlər.
Qafqaz istiqamətinin tərəfdarları olan İranşünas tədqiqatçıların müraciət etdikləri bu abidələr birmənalı olaraq cənubi Rusiya çöllərindən axıb gəlmiş qədim irandilli tayfalara aid edilmişdir. Onların fikrincə bu tayfaların miqrasilayaları məhz həmin dövrdə baş vermiş, onlar Şimali Azərbaycan ərazisində məskunlaşmış, həm də buradan hərəkət edərək Urmiya gölü ətrafında yerləşmişlər. Yenə də həmin tədqiqatçılar iddia edirlər ki, bu tayfalar Cənubi Azərbaycan ərazisində qədim İran dilini yaymış və möhkəmlətmişlər. Halbuki şərq – Mərkəzi Asiya istiqamətinin tərəfdarları haqlı olaraq hesab edirlər ki, irandillilər əvvəlcə İranın şərq və mərkəzi əyalətlərində məskunlaşmış, sonra isə tədricən cənubi Azərbaycan ərazilərində yayılmışlar.
Azərbaycanın yuxarıda adları göstərilən Son Tunc-İlk Dəmir dövrü kurqanlarını onlarda atların dəfn olunduğunu əsas götürən İranşünaslar birmənalı olaraq irandilli arilərə aid etmişlər. Lakin yuxarıda qeyd edildiyi kimi Azərbaycanda atların dəfn edilməsi adəti bu kurqanlardan 6-7 əsr daha qədimdə mövcud olmuşdur. Zaman keçdikcə dəfn qaydalarında müəyyən dəyişikliklər baş versə də bu adət Son Tunc-İlk Dəmir dövründə də davam etmişdir.
İranşünasların arqumentlərindən biri də qeyd edilən kurqanlarda ağac konstruksiyalar və od yandırılmasıdır. Həmin müəlliflər (xüsusilə də Y.Y.Kuzmina, İ.Əliyev və M.N.Poqrebova) belə hesab edirdilər ki, kurqanların qəbir kamerasının qurulmasında, üstünün örtülməsində ağaclardan istifadə edilməsi və od yandırılması adəti Cənubi Qafqazda yerli, qədim köklərə malik deyildir və bu amillər birmənalı olaraq Cənubi Rusiya çöllərinin irandilli əhalisinin dəfn adətləri ilə bağlıdır. Halbuki Azərbaycanın Gəncə-Qazax bölgəsində son 15 ildə İlk Tunc dövrünə aid mükəmməl ağac konstruksiyalı və güclü od yandırılmış kurqanlar qazılaraq tədqiq edilmişdir (N.Müseyibli; B.Cəlilov; M.Hüseynov). Yəni bu adətlər Azərbaycan ərazisində İranşünasların bu regiona irandilli tayfaların ehtimal etdikləri miqrasiyası tarixindən 2500 il əvvəl məlum idi.
İranşünas alimlərin digər arqumenti Azərbaycanın haqqında bəhs edilən e.ə. II minilliyin sonları-I minilliyin əvvəllərinə aid at dəfnli kurqanların bəzilərində tuncdan hazırlanmış at əsləhələrinin aşkar edilməsidir. Onların fikrincə “atların qoşqu və minik vasitəsi kimi istifadə edildiyinin danılmaz sübutları olan bu tapıntılar heç bir mübahisəsiz irandillilərə aiddir, çünki ilk dəfə Cənubi Rusiya çöllərindəki irandillilərə aid abidələrdən belə qoşqu vasitələri aşkar edilmişdir”. Bu iddialarla əlaqədar qeyd edə bilərik ki, tuncdan hazırlanmış at əsləhələri Şəmkir rayonunun Qaracəmirli kəndindəki e.ə. XVI-XV əsrlərə, yəni irandillilərin Azərbaycana ehtimal edilən gəlmə tarixindən 5-6 əsr qədimə aid kurqanlardan aşkar edilmişdir.
Atların dəfn edildiyi qəbirlərdə aşkar edilmiş arxeoloji materiallar (keramika məmulatı, bəzək əşyaları, tuncdan hazırlanmış silahlar və s.) ari mövzusu ilə məşğul olan alimlər tərəfindən geniş təhlil edilməmişdir. Bu da təsadüfi deyildir, çünki bütün arxeoloji materiallar yerli istehsalın məhsuludur və heç bir halda gəlmə elementlərə aid edilmir. Əlbəttə, burada mədəni-iqtisadi əlaqələr vasitəsi ilə digər ölkələrdən gətirilmə azsaylı nümunələr istisnalıq təşkil edir. Burada kütləvi istehsal edilmiş keramika məmulatını – saxsı qabları xüsusilə qeyd etmək lazımdır. Həmin dövrdə (e.ə. II minilliyin sonları-I minilliyin əvvəlləri) saxsı qablar artıq etnik mənsubiyyət atributlarından biri idi. Saxsı qablar bütün texniki-tipoloji xüsusiyyətləri ilə əvvəlki Orta Tunc dövrünə, öz növbəsində həmin dövr məhsulları isə daha qədim, İlk Tunc dövrünə bağlı olmuşlar.
İranşünas tədqiqatçıların irəli sürdükləri fikirlərdən biri də odur ki, guya irandilli tayfalar regiona, yəni tarixi Azərbaycan torpaqlarına təsərrüfatın yeni növü olan yaylaq maldarlığı ənənəsini gətirmişlər. Lakin ölkəmizin yüksək dağlıq zonalarında (Daşkəsən, Kəlbəcər, Ordubad və s.) aparılmış arxeoloji tədqiqatlar bu fikrin də kökündən yanlış olduğunu, Azərbaycanda yaylaq maldarlığı təsərrüfatının hələ İlk Tunc dövründə, yəni irandillilərin regiona ehtimal edilən gəlmə tarixindən 2 min il əvvəl yarandığını maddi faktlarla sübuta yetirmişdir.
Burada digər mühüm bir məsələyə də diqqət yetirmək lazımdır. İranşünas müəlliflərin iddialarına görə irandilli tayfalar Son Tunc-İlk Dəmir dövründə Cənubi Rusiya çöllərindən hərəkət edərək Dağıstandan keçməklə Dərbənd keçidi vasitəsi ilə Cənubi Qafqaza daxil olmuşlar. Həmin müəlliflər bu miqrasiyaların səbəblərini tarixi-arxeoloji faktlara əsasən şərh etməmişlər. Belə bir vacib elmi məsələ başqa bir tədqiqat mövzusudur. Amma biz marşrut məsələsinə qayıdaq. İranşünas alimlərin təklif etdiyi marşrut üzərində, yəni Dağıstanda Azərbaycanın Son Tunc-İlk Dəmir dövrü at dəfnli kurqanları tipində (Mingəçevir, Şahtaxtı, Həsənli) atların dəfn edildiyi arxeoloji abidələr məlum deyildir. Eyni zamanda, Dərbəndə daha yaxın Quba-Xaçmaz bölgəsində də belə abidələr aşkar edilməmişdir. Belə abidələr Azərbaycanın qərb və cənubi-qərb bölgələrində – Xocalı-Gədəbəy və Naxçıvan mədəniyyətləri areallarında aşkar edilmişdir.
O zaman sual yaranır: hansı əsaslarla İranşünas müəlliflər Azərbaycanın at dəfnli kurqanlarının mənşəyini cənubi Rusiya regionları ilə bağlayırlar? Əlbəttə, bunun səbəbini “irandilli tayfaların keçdikləri bölgələrdə uzun müddətə məskunlaşmadıqları, həmin yerlərdə ləngimədikləri” kimi əsassız ehtimallarla da izah etmək mümkün deyil. Çünki burada ikinci bir sual da yaranır: bəs at dəfnli bu tip kurqanlar üç min əvvəl İran ərazilərinə gəlmiş irandillilərin törəmələri olan farsların əbədi məskunlaşdıqları İranın digər bölgələrində nəyə görə yoxdur? Nəyə görə belə abidələr regionda yalnız tarixi Şimali və Cənubi Azərbaycan ərazilərində aşkar edilmişdir? Nədənsə İranşünas alimlər bu suallara cavab axtarmamışlar.
Tarixi Azərbaycan əraziləri timsalında yuxarıdakı qısa təhlillər Avrasiyanın bütün regionlarına kurqan ideyasının, təkərli nəqliyyat texnologiyasının və atçılığın məhz hind-avropalıların, hind-arilərin sayəsində yayıldığı barədə fikirlərin yanlış olduğunu göstərir. Əlbəttə, müəyyən mədəni-texniki nailiyyətlərin bir regiondan digərinə mədəni-iqtisadi əlaqələr vasitəsi ilə yayılması faktlarına qədim tarix dəfələrlə şahidlik etmişdir. Bu, tamamilə başqa bir mövzudur. İrandillilərin də müəyyən qisminin nə zamansa qədim Azərbaycan ərazilərində peyda olması istisna deyildir. Lakin arxeoloji tədqiqatlar göstərir ki, yuxarıda qeyd edilən mədəni-texniki nailiyyətlər (kurqan, təkərli nəqliyyat, atçılıq və s.) Avrasiyanın müxtəlif regionlarında, o cümlədən Azərbaycanda ayrı-ayrı tarixi şəraitlərdə və dövrlərdə müstəqil meydana çıxmışdır və bütün bunları irandilli tayfalara bağlamaq cəhdlərinin elmi əsasları yoxdur. Eyni zamanda, qeyd edilənlər ilk irandilli tayfaların indiki İran ərazisinə məhz şərq – mərkəzi Asiya istiqamətindən gəlməsi fikrinin daha düzgün olduğunu bir daha göstərir.
Nəcəf Müseyibli
Tarix elmləri doktoru, professor