Arzuxan Əlizadə: "Qısa müddətdə 4000-dən çox üzv cəlb etmək asan deyil"

18 İyul 2023 17:23 (UTC+04:00)

Partiyalar haqqında yeni qanun qüvvəyə minəndən 31 partiya öz təşəbbüsü ilə ləğv olunub.

“Siyasi partiyalar haqqında əvvəlki qanunda min nəfər üzvü siyasi partiya dövlət qeydiyyatından keçirir və Ədliyyə Nazirliyində müvafiq qeydiyyat məsələlərini həll edirdi. Yeni qanun qəbul olunandan sonra bu üzvlərin sayı beş min nəfərə artırıldı. Qanuna müvafiq olaraq partiyalara altı ay müddət verilmişdi. Görünən bundan ibarətdir ki, bu müddət ərzində bir sıra partiyalar üzvlərinin sayını beş minə çatdıra bilmədilər. Səbəblərdən biri budur. Digər səbəb, partiya üzvlərinin yeni yaranmış siyasi sistemdə bu və ya digər partiyada fəaliyyət göstərmək istəməmələri ola bilər. Partiyalarda təmsil olunmaq, partiya fəaliyyəti göstərmək, siyasi fəaliyyətlə məşğul olmaq insanların hüquqlarıdır və bu məsələlərlə bağlı özləri qərar verirlər”.

Mövzu ilə bağlı saytımıza danışan Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə bildirib ki, bu vəya digər səbəblərdən 31 partiya sənədlərini təqdim etməkdən imtina elədi və faktiki əksəriyyəti özlərini buraxdılar.

“Təbii ki, hər birinin qərarına hörmətlə yanaşmaq lazımdır. Digər partiyalar qanuna müvafiq olaraq sənədlərini veriblər. İndi yoxlama prosesi gedir, nəticələr bir ay ərzində məlum olacaq”.

A. Əlizadənin sözlərinə görə, altı ay ərzində üzv sayını min nəfərdən beş min nəfərə artırmaq elə də asan deyil.

“Ölkədəki mövcud durumda partiyalar az deyildilər. Bu qısa müddət ərzində 4000-dən çox üzv cəlb etmək elə də asan məsələ deyil. Əslində Qarabağ problemi ilə bağlı bir çox partiyalar formalaşmışdılar və əsas məqsədlərindən biri ölkədəki demokratik mühitin formalaşması ilə yanaşı eyni zamanda torpaqlarımızın işğaldan azad edilməsi məsələsi idi ki, bu problem həll olundu”.

Partiya sədri sonda qeyd edib ki, bir sıra partiyaların üzvləri ideoloji baxımdan ola bilər ki, artıq digər partiyalarda fəaliyyət göstərmək istəyiblər vəya partiyaları tərk ediblər. İstənilən halda bu onların öz seçimləridir:

“Kimin zəif, kimin aktiv fəaliyyətdə olması göz önündə idi. Amma istənilən halda siyasi təşkilatlar qanuna müvafiq olaraq qeydiyyata alınmışdılar və fəaliyyət göstərirdilər. İndiki dönəmdə yeni situasiyada fəaliyyət göstərmək imkanları olmadığı üçün yaxud digər səbəblərdən bu qərarı verdilər. İstənilən halda hər birinin qərarına hörmətlə yanaşılmalıdır”.

Rəşid Qarayev