Birinci Dünya Müharibəsi Osmanlı imperiyasının sağalmaz xəstə olduğunu üzə çıxarmış, orta çağ zehniyyətinin modernləşmiş günbatan toplumlarına məxsus dövlətlər qarşısında duruş gətirə bilməyəciyini ortaya qoymuşdu.
Qərb dövlətləri Osmanlını param-parça etmək ərəfəsində olarkən gücünü damarlarından axan qandan alan Mustafa Kamal meydana çıxdı.
Mustafa Kamal və Qurtuluş savaşını nə qədər araşdırsaq, incələsək, 3 əsas nəticə üzərində dayanacağıq.
1. Mustafa Kamal savaşdığı düşmənləri olduqca yaxşı tanıyırdı. Paşa son dərəcə mütaliəli insan idi, Şərq kimi Qərbi də dərindən öyrənmişdi.
2. Mustafa Kamal öz dövrünün dünyasını düzgün oxuyur, düşmənlərinin maksimumunu bilir və xalqının tərəqqi modelini düzgün qururdu.
3. Mustafa Kamal Osmanlının üzləşdiyi məğlubiyyətin və bu məğlubiyyət üzərindən düşmən dövlətlərin apardığı psixoloji hərəkatın təsirinə heç zaman düşmədi. Əvvəlki iki kateqoriya üzrə paşalar, dövlət xadimləri Osmanlıda vardı, amma bax, bu üçüncü məsələdə onlar Mustafa Kamal paşadan fərqli olaraq psixolji baxımdan məğlublar içində idilər.
Biz 2020-ci ildə 44 günlük savaşı hər üzünə analiz edəcək, ən müxtəlif faktorları, nüansları yüz illərcə incələyəcəyik. Ancaq əminəm ki, bütün obyektiv araşdırmaçılar sonda bu nəticəyə gələcək:
1. İlham Əliyev savaşdığı düşmənləri olduqca yaxşı tanıyırdı. Fərdi biliklərlə yanaşı, erməni məsələsi və Qarabağ konflikti barədə ən böyük institutional yaddaşa malik idi.
2. İlham Əliyev dünyanı düzgün oxuyur, Azərbaycanın düşmənlərinin maksimumunu bilir və xalqının tərəqqi modelini düzgün qururdu.
3. İlham Əliyev Birinci Qarabağ savaşında Azərbaycanın üzləşdiyi məğlubiyyətin və bu məğlubiyyət üzərindən Ermənistanın və Ermənistanın havadarlarının apardığı psixoloji hərəkatın təsirinə heç zaman düşməmişdi.
Bu üç amilin eyniliyini ortaya qoymaqla məqsədim Mustafa Kamal Atatürk və İlham Əliyev arasında müqayisə aparmaq deyil. Çünki tarixi şəxsiyyətlər arasında müqayisə aparmaq həmişə uğursuzdur, xüsusən də dövr və şərtlər fərqli olanda. Atatürk Osmanlı kimi qos-qoca dövlətin paşası idi, İlham Əliyev isə yenidən dövlətləşmə prosesində olan bir xalqın oğludur.
Fəqət sadaladığım üç amil göstərir ki, milli hədəfimiz Ermənistansız Qafqaz olarsa, uğur qazanmaq şansımız çox böyükdür.
Biz Qarabağ savaşında qalib gəlmişik. Hazırda RSK-nın kontrolunda olan Xankəndi, Ağdərə, Əsgəran və s. məntəqələr texniki məsələdir. Amma qurtuluş savaşımız bitibmi? Xeyr!
Ermənistanın Baş naziri Nikol Paşinyanın və bu gün Ermənistan siyasi qüvvələrinin yaydıqları bəyanatlar, açıqlamalar göstərir ki, Qafqazın süni dövləti aradan qalxmalı, likvidasiya olunmalıdır. Azərbaycanın ərazi bütövlüyünü qəbul etməyən, bir gün tanıyıb, bir gün tanımayan, bölgədə marağı olan istənilən xarici gücün aləti olmaqdan həzz alan qondarma Ermənistan Respublikasını beynəlxalq münasibətlər sistemindən çıxarmalıyıq. Bunun üçün əlimizdə hüquqi əsaslar da var. Ermənistan Birinci Qarabağ savaşında törətdiyi müharibə cinayətlərinin yüz milyardlarla təzminatını ödəyəcək resurslara malik deyil, heç zaman da olmayacaq. Əvəzində Göyçəni, Qərbi Zəngəzuru qaytarmalı, İrəvanı gerçək sahiblərinə təslim etməlidir.
Biz bir cəmiyyət olaraq birinci Qarabağ savaşının travmaları üzündən bu hədəflərə skeptik yanaşa bilərik. Amma papağımızı qabağımıza qoyub düşünsək, ötən əsrin əvvəllərində qurucu babalarımızın Ermənistan dövlətinin yaranmasına qarşı çıxmamalarının, əksinə bunun üçün Ənvər paşaya minnətçi düşmələrinin doğurduğu fəsadları aradan qaldırmağın zamanı çatdığını aydın görməliyik. Bütün şərtlər göstərir ki, Rusiya gec-tez Cənubi Qafqazı tərk edəcək. Ermənilər müstəqil dövlət, hətta ümumiyyətlə millət olaraq özünü təsdiq edə bilmədiyi üçün Fransanı bölgəyə gətirməyə çalışırlar və çalışacaqlar. Buna imkan verməməli, üstəlik, bölgənin sahibi olduğumuzu ortaya qoymalıyıq. Mənim Rəsulzadə ilə, Xalq Cümhuriyyyəti ilə, ümumiyyətlə hər hansı tarixi şəxsiyyətimizlə bir problemin yoxdur. Mənim dərdim tarixi şüurumuzun doğrular üzərindən formalaşması və onun əsasında da gələcəyimizin doğru modellənməsidir. Bizim ən doğru gələcək modelimiz Ermənistansız Qafqazdır!
Taleh ŞAHSUVARLI