Flora Kərimova və "Araz Əlizadə medalı"nın o biri üzləri barədə

3 Sentyabr 2023 13:05 (UTC+04:00)

Dünəndən bəri qarşıma sənətçi Flora Kərimova ilə bağlı video çarxlar çıxır. Üzərində müğənniyə qarşı təhqirlər yazılmış, böhtanlar yer almış çarxda Flora Kərimova Qafqaz İslam Ordusunun komandanı Nuru paşaya, ümumən, Osmanlı türklərinə qarşı, yumşaq desək, hədyanlar səsləndirir.

Suallar var:

- Bu səs yazısı, doğrudanmı, Flora Kərimovaya məxsusdur?
- Əgər səs Flora xanımındırsa, onun danışığı nə zaman, kim tərəfindən və hansı məqsədlə qeydə alınıb?
- Səs yazısını indi kimlər və hansı niyyətlə yayır?

Bütün hallarda, yayılan səs yazısının təhqirlər fonunda gündəmə gətirilməsi onu göstərir ki, Flora xanıma qarşı kimlərsə "qara PR" aparır. Çünki bu səs yazısında deyilənlərə cəmiyyətimiz və ötən əsrin əvvəllərindəki proseslərin araşdırmaçıları laqeyd yanaşmayacaq.

Odur ki, ilk növbədə Flora Kərimova yuxarıda qoyulan məsələlərə aydınlıq gətirməlidir. İndi elə zamandır ki, kiminsə ayrı-ayrı nitqlərindən montajla istənilən mətni rekonstruksiya etmək, səs halında dövriyyəyə buraxmaq olar.

Flora Kərimovaya məxsus olduğu iddia edilən səs yazısında deyilənlərə gəlincə, bu məsələ bir neçə il əvvəl, yanılmıramsa, 2017-ci ildə Araz Əlizadə tərəfindən qaldırılmışdı. Mərhum Araz Əlizadə iddia edirdi ki, Nuru paşa Bakını azad etmək üçün AXC liderlərindən bir fayton qızıl istəyib və Hacı Zeynalabdin Tağıyev onun tələbini yerinə yetirib. Yalnız bundan sonra Bakı Qafqaz İslam Ordusu tərəfindən azad olunub. Əlizadənin bu məsələdə "mənbəsi" deputat Fazil Mustafa idi. Deyirdi ki, guya bu barədə Fazil Mustafa "elmi məqalə" yazıb. Yadımdadır ki, Fazil Mistafa Araz Əlizadənin bu iddialarına kəskin cavab verdi, belə bir məqalə yazmadığını söylədi. Araz Əlizadənin bu iddiasının nəyə əsaslandığı qaranlıq qaldı.

Tarixə keçək.

Qafqaz İslam Ordusunun Azərbaycana göndərilməsi və Ənvər Paşanın ögey qardaşı Nuru paşanın bu orduya komandan təyin olunması Nağı bəy Şeyxzamanlının İstanbulda apardığı danışıqlar çərçivəsindədir. Nağ bəy Şeyxzamanlı birbaşa Nəsib bəy Yusifbəyli tərəfindən seçilib və təlimatlandırılıb, "Azərbaycan İstiqlal Komitəsi" adından Osmanlıdan hərbi yardım istəmək üçün İstanbula göndərilib. Nağı bəyin həm öz xatirilərindən, həm də Osmanlı məmurlarının hökumətə göndərdiyi teleqramlardan, aparılan danışıqların məğzini əks etdirən rəsmi məlumatlardan bu səfərin təfsilatından yetərincə agahıq. Demək olar ki, bütün sənədlər çap olunaraq Azərbaycan tarixi həvəskarlarının ixtiyarına verilib.

Osmanlı, xəstə halına rəğmən, dünyanın ən qüdrətli imperiyalarından biri idi. Onun Cənubi Qafqazda marağı vardı. Osmanlı qoşunları Cənubi Qafqaza xeyriyyə təşkilatı olaraq gəlməmişdi, dünyanın bölüşdürülməsində iştirak edirdi. Osmanlı Cənubi Qafqaza hakim olmaq, Cənubi Qafqazın lojistikası barədə qərar vermək, o cümlədən Bakı neftini ələ keçirmək istəyirdi. Bunun üçün ilk növbədə Brest-Litovsk sözləşməsinin şərtlərini və bu şərtləri çoxdan aşmış tələblərini Cənubi Qafqazda qəbul etdirməli idi. Məqsədinə nail olmaq üçün Zaqafqaziya Federativ Respublikasının elan olunmasında təkid edir, çağırdığı Batum Konfransında bütün diplomatik imkanlardan yararlanaraq gürcülərə və ermənilərə öz şərtlərini diktə edirdi. Ancaq bu arada iki pis hadisə baş verdi. Gürcülər Almaniya ilə anlaşaraq ZFR-dən çıxdı, Qafqaz Konfederasiyası dağıldı; ermənilər isə Sərdərabad döyüşündə Osmanlı qoşunlarını uddular.

Uzun sözü qısası, çanaq bizim başımızda çatladı. Elan olunan Azərbaycan Xalq Cümhuriyyəti Milli Şuranın qərarı ilə İrəvanı ermənilərə güzəştə getdi. Bundan sonra Məmməd Həsən Hacınskinin rəhbərliyi ilə Batumda Osmanlı ilə sülh müqaviləsi imzalandı. Bu vaxt Nuru Paşa artıq Gəncədə idi və Gəncədə böyük təmtəraqla qarşılanmışdı. Osmanlı ilə müqavilə imzalandıqdan sonra həm Tiflisdəki, həm də Batumdakı AXC heyəti Gəncəyə gəldi. Həmin dövrdə AXC-ni qəbul etməyən, AXC-ni elan edən Ümumrusiya Müəssislər Məclisinə seçilmiş əzaların belə bir iş üçün səlahiyyətlərinin olmadığını vurğulayan böyük bir qüvvə vardı. "İlhaqçılar" adlanan bu qüvvə Azərbaycanın Osmanlıya birləşdirilməsini tələb edir, Milli Şuranı qeyri-legitim sayırdılar.

M.Ə. Rəsulzadə də daxil olmaqla AXC heyəti Gəncədə bütün bu məsələləri Nuru paşa ilə müzakirə etmək istədi. Qarşılığında paşa bildirdi ki, onun siyasi məsələləri müzakirə etmək səlahiyyəti yoxdur. Doğrudan da, Qafqaz İslam Ordusu ilə bağlı Osmanlı hökumətinin fərmanında komandana siyasi məsələləri müzakirə etmək qadağan olunmuşdu.

Xülasə, Gəncədə Milli Şuranın iclası çağırıldı. Qızğın müzakirələrdən sonra Milli Şura özünü buraxdı. Milli Şuranın sədri M.Ə.Rəsulzadə vəzifə səlahiyyətlərini itirdi, ardınca siyasi sürgünə- hökumətin qərarı ilə İstanbula diplomatik nümayəndə göndərildi. Qanunverici və icra hakimiyyəti yetkiləri Fətəli xanın yaratdığı II Kabinetdə toplandı. Kabinetin qarşısında duran ən əsas vəzifələrdən biri Bakının azad olunması idi. Bu, həm də Osmanlı dövlətinin regionda əsas maraqlarından biri olmaqla Qafqaz İslam Ordusunun döyüş tapşırığı idi. Odur ki, AXC hökuməti minlərlə soydaşımızı səfərbər edərək hərbi təlimlərə cəlb etdi və Osmanlı zabitləri onları döyüşə hazırladılar. Hazırlanmış qoşun Fətəli xanın siyasi, Nuru paşanın hərbi rəhbərliyi ilə Gəncədən Bakıya yürüşə çıxdı. Yolüstü daşnak-bolşevik tör-töküntülərini məhv edərək Azərbaycanın "beyni"ni- Bakını azad etdi.

Bütün bu işlər üçün heç şübhəsiz pul da, qızıl da lazım idi. Tağıyev və digər Bakı milyonçuları onların sərvətini daşnaklardan, bolşeviklərdən, Tuşovdan, Velunsdan, Arakelyandan alacaq qüvvəyə fayton-fayton qızıl xərcləməyə də hazır idilər. Ancaq bütün bunlar Nuru paşanın Azərbaycandan bac toplaması anlamına gəlmir, gələ də bilməz. Nuru paşa bir hərbi xadim olaraq Azərbaycan tarixinə adını qızıl hərflərlə yazdırıb və biz bundan başqa paşaya şəxsi məqsədlər üçün heç bir qızıl verməmişik, xərac göndərməmişik.

Qayıdaq Flora Kərimovaya. Əgər səs yazısı, doğrudan da, ona məxsusdursa, Flora Kərimovanın şəxsi intellektual və mədəni səviyyəsini qiymətləndirməyi oxucuların öhdəsinə buraxıram. Azərbaycanın "Xalq artisti" kimi mötəbər titul daşıyıcısı olan bir sənətçinin dünyagörüşünün və şəxsi mədəniyyətinin bu səviyyədə olması, əlbəttə, təəssüf doğurur. Üstəlik, elə həmin səs yazısından da görünür ki, vaxtilə Nərimanovun Atatürkə göndərdiyi yardımı Flora Kərimova səhv salır. Çünki "qardaş-qardaşa borc verməz" məhz həmin yardımlarla bağlı deyilmişdi.

Yaxşı deyiblər, hər pis işdə bir xeyir də var. Bu səs yazısının xeyri də o oldu ki, Azərbaycanda saxta türkçülər, yalançı turançılar, psevdo-müsavatçılar, hər il sentyabrın 15-də Nuru paşaya boğazdan yuxarı mədhiyyə deyənlər, Bakının azad olunmasını Milli Şura buraxıldıqdan sonra AXC hakimiyyəıtində heç bir vəzifəsi olmayan M.Ə.Rəsulzadənin İstanbuldan göndərdiyi "təlimatlar"a bağlayan Cəmil Həsənli kimi "layk tarixçiləri"nin iç üzü bir daha ortaya çıxdı.

Bunlar Araz Əlizadə medalının o biri üzləridirlər!