11 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun müvvəqqəti olaraq Rusiya sülhməramlı kontingentinin yerləşdiyi sektorunda qeyri-qanuni erməni silahlı dəstələri növbəti təxribata əl atıblar. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata görə, qeyri-qanuni erməni silahlı dəstələri itin üzərinə uzaqdan idarə olunan əldəqayırma (improvizə edilmiş) partlayıcı qurğu bağlayaraq Azərbaycan ordusunun Xocavənd rayonu istiqamətindəki mövqelərinə yönləniriblər və itdən sui-qəsdçi kimi istifadə etməyə çalışıblar. Azərbaycan hərbiçilərinin sayıqlığı nəticəsində terror-təxribat əməlinin qarşısı alınıb və itin üzərindəki partlayıcı qurğu zərərsizləşdirilib.
Qanunsuz erməni silahlı birləşmələrin heyvanlardan terror məqsədi ilə istifafə etməsi ətraf mühitin qorunmasına və heyvan hüquqlarına son dərəcə sayğılı olan, ekoloji həssaslığının yüksəkliyi ilə fərqlənən Azərbaycan Respublikasının hər bir vətəndaşı kimi “Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin üzvlərinin də kəskin hiddətinə səbəb olub. Bununla belə, Azərbaycanın suveren ərazilərini təxminən 30 il boyunca işğalda saxlayan Ermənistanın işğalçı ordusunun qalıqlarının bu hərəkəti bizim üçün heç də təəccüblü deyil. Ona görə təəccüblü deyil ki, Ermənistan Azərbaycanın işğala məruz qalımış rayonlarının əhalisinə qarşı saysız-hesabsız müharibə cinayətləri törətdiyi, yüzminlərlə insanı doğma evindən köçkün saldığı kimi, flora və faunaya da ağır zərbələr vurub, təbii sərvətlərimizi talayan zaman heç bir ekoloji məsuliyyət hiss etməyib. Bu təxribat bir daha sübut edir ki, Azərbaycan Respublikasına, Azərbaycan Respublikasının əhalisinə və sərvətlərinə qarşı nifrətlə yaşayan Ermənistan Respublikasının təşkil etdiyi qanunsuz silahlı birləşmələrin likvidasiya edilməməsi təkcə insanlıq üçün deyil, insanlığın bir parçası olduğu ekosistem və bütün canlılar aləmi üçün də ciddi təhlükə mənbəyidir.
Bu təhlükəyə qarşı çıxaraq “Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyi qanunsuz erməni hərbi dəstələrinin heyvanlardan terror məqsədi ilə istifadə etmək cəhdini ən kəskin şəkildə pisləyir. Bu cəhd beynəlxalq qüvvəyə malik ENMOD Sözləməsinə, Ümumdünya Mədəni və Təbii İrsin Qorunması Haqqında” Konvensiyaya, "Ev heyvanlarının mühafizəsi haqqında" Avropa Konvensiyasına, Heyvan Hüquqlarının Ümumdünya Bəyannaməsinə açıq-aşkar zidd olan vandallıq nümunəsi, insanlıq utancıdır. Odur ki, təşkilatımız ölkəmizdə və xaricdə ekoloji yöndə fəaliyyət göstərən ictimai birlikləri bu dözülməz utanca qarşı birləşməyə və vandalizmdən uzaq bir dünya naminə Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonundakı qanunsuz hərbi birləşmələrin tam ləğv edilməsi üçün Azərbaycan Respublikasının apardığı ədalətli mübarizəyə dəstək olmağa çağırır. İnsanlığın vicdanına bu cür qara ləkələrin bir daha düşməməsi üçün Qarabağdakı qanunsuz hərbi birləşmələr dərhal və qeyd şərtsiz Azərbaycan ərazilərini tərk etməlidir.
“Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyi