Azərbaycanın Qarabağın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi Ağdam-Xankəndi yolundan istifadə olunmaqla yardım göstərmək təklifi artıq reallığa çevrilib. Artıq Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) göndərdiyi yardım Ağdam-Xankəndi yolu vasitəsilə Qarabağda yaşayan erməniəsilli sakinlərə çatdırılması üçün Xankəndiyə yola salınıb. Bu, Azərbaycanın növbəti qələbəsidir. Çünki Qarabağa qida və digər zəruri mallar məhz bölgənin tamhüquqlu və suveren sahibi - Azərbaycanın ərazisindən keçməklə göndəriləcək.
Bu tarixi qələbəmizin növbəti səhifəsidir. Ağdam-Xankəndi yolu ilə yüklərin daşınması qanunvericiliyimizi həm də ermənilərə və separatçılara tanıtmaq deməkdir. Bu, Qarabağda separatizmin sonu, Azərbaycanın isə ərazi bütövlüyünün tamamlanması deməkdi. Bu, həyasız ermənilərin riyakar qarayaxma kampaniyasının bir daha fiaskosu deməkdi. Biz gücümüzü, əzmimizü nümayiş etdirdik. Tırları Xankəndiyə göndərməyin əbəs olmadığını göstərdik. Biz hərbi əməliyyatlara əl atmadan ağıllı diplomatiyanın hər şeyə qadir olduğunu göstərdik. Biz supergüclərə meydan oxuduğumuzu, qətiyyən razı olmadıqları bütün haqlı şərtlərimizi diktə etmək iqtidarında olduğumuzu nümayiş etdirdik. Artıq bölgədə yaşayan erməni icması re-inqteqrasiya prosesi ilə barışmaq məcburiyyətindədir. Hələ ki, Laçın yolunun istifadəyə açıq olması isə həm də o anlama gəlir ki, “biz bayrağımızı sancmağa gəlirik, hansınız narazısızsa, yoldan istifadə edib ölkədən çıxa bilərsiz.”
Müvafiq hadisə çox yaxın perspektivdə Azərbaycan tərəfindən təminatın ermənilərə göndəriləcəyini ehtiva edir. Önəmli olan həmin yolu qarşı tərəfə qəbul etdirmək idi. Biz onların dirənişini qıra bildik.
Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi