Əliyev Ağdam-Xankəndi yolunu açdı, erməni irredentizminin ağzını qıfılladı - ANALİZ

12 Sentyabr 2023 16:55 (UTC+04:00)

2020-ci ildəki 44 günlük savaşda Şuşanın azad edilməsindən sonra şanlı Azərbaycan ordusunun Xankəndiyə daxil olması hərbi baxımdan tam real idi. Fəqət Üçrəngli bayrağımızın Xankəndidə dalğalanması savaşın bitməsi anlamına gəlmirdi. Əvvəla, Ağdam, Kəlbəcər və Laçın düşmənin əlində idi. Döyüş uzanacaq, Ağdama basdırılmış minalar çox sayda itkiyə səbəb olacaq, Şərqi Zəngəzur dağlarının sərt qışı ordumuzun irəliləməsinə təbii əngəllər törədəcək, hərbi hissələrimiz Ermənistanla şərti sərhədə çatanda Rusiya yenidən işin içinə girəcəkdi. Digər tərəfdən, Xankəndini azad edəcəyimiz təqdirdə Ermənistanın yaratdığı marionet rejimin liderləri Ağdərəyə çəkiləcək, orada mühasirədə qalsalar belə, müxtəlif istiqamətlərdə döyüş aparacaq qüvvələrimizə bir müddət müqavimət göstərə biləcəkdilər. Bəli, qələbə bütün hallarda Azərbaycanın olacaqdı. Çünki Ermənistan ordusunun yarıdan çoxu qırılmış, yaralanmış və döyüşdən qaçmışdı. Elə bu səbəbdən də Rusiyanın əsəbləri dözmədi və helikopterinin vurulmasını bəhanə edərək savaşa girmək istədi. Bu vaxt Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev ən doğru qərarı qəbul edərək cəbhədə əldə edilən zəfərin yaratdığı emosional atmosferin fövqünə qalxa bildi.

Birinci Qarabağ Savaşında Azərbaycan ordusunun Ağdərəni azad etsə də, əldə saxlaya bilməməsinin, ardınca digər rayonlarımızın itirilməsinin səbəbləri düzgün təhlil olunmalıydı və olunmuşdu. İlham Əliyev möhtəşəm bir manevrlə komandanlıq etdiyi ordunun yaratdığı hərbi-siyasi reallığı diplomatik müstəviyə keçirdi. Ağdam, Kəlbəcər və Laçının əksər hissəsi işğalçılar tərəfindən Azərbaycana xüsusi əməliyyat keçirilmədən təhvil verildi. Daha sonra ordumuz həm Qarabağın dağlıq hissəsində, həm də Ermənistanla şərti sərhəddə ermənilərin təhvil verməkdən yayındığı bir neçə strateji yüksəkliyə hakim oldu. Nəhayət, düşmən Laçın şəhəri, Zabux və Sus kəndlərindən çıxarıldı. Laçında sərhəd-keçid məntəqəsinin quraşdırılması ilə Xankəndidəki cinayətkar xuntanın əcəl zəngi çalınmağa başladı. Üçtərəfli Bəyanata əsasən bölgədə yerləşmiş Rusiyanın Sülhməramlı Kontingentinin Xankəndidəki xuntanı əcəldən xilas etməyə imkanı, faydası yoxdur. Çünki Bəyanatın adından da göründüyü kimi, sahədə üç tərəf var və qondarma “Dağlıq Qarabağ Respublikası” heç kim üçün və heç bir halda tərəf deyil.

Əlbəttə, heç bir dövlət öz ərazisində başqa bir dövlətin, xüsusilə Rusiya kimi Qafqazda imperalist marağı olan qlobal gücün ordusunun olmasını istəməz. Bu, dövlətlərin təbiətinə və ağlına ziddir. Rusiya Qarabağda istər hərbi, istərsə də diplomatik və siyasi baxımdan mövcud idi, lakin öz mövcudluğunu erməni libasında gizlədirdi. Üçtərəfli Bəyanatla Rusiya kamufulyajını çıxardı və bölgədəki varlığına vaxt məhdudiyyəti qoyuldu. RSK 2025-ci ildə ya bölgəni tərk etməli, ya da daha beş il Azərbaycanın Qarabağ iqtisadi rayonunda qalmaq üçün rəsmi Bakı ilə artıq Ermənistansız anlaşmalıdır. Ermənistanın işğalçı qoşunlarının qalıqlarının Qarabağı tərk etməməsi və Kremlin Xankəndidəki cinayətkar xuntanı qoruduğu təqdirdə rəsmi Bakının RSK-a daha beş illik müddət tanıması hətta nəzəri baxımdan da mümkünsüzdür. Eyni zamanda, Ukraynaya qoşun yeritməsindən sonra xarizması ciddi şəkildə yaralansa belə, dünyanın ən təcrübəli siyasət adamlarından olan Vladimir Putin onun da çox yaxşı fərqindədir ki, Nikol Paşinyanı iqtidara gətirən qüvvələr Rusiya bazalarının Ermənistandan çıxarılmasına çalışır. Nikol öz havadarlarının əksinə gedə bilməz. Üstəlik, Cənubi Qafqazın süni dövləti olan Ermənistanın potensialı irredentizm siyasətini davam etdirməyə də yetmir.

Qarabağ münaqişəsi erməni irredentizminin “əsər”i idi. Bu “əsər”in məzmunu, dramaturgiyası, süjet xətti qonşu dövlətlərin ərazisində yaşayan soydaşlarından ərazi iddiası üçün istifadə edilməsini nəzərdə tutan irredentizmin tipik təzahürüdür. Gültəkin Hacıbəyli kimi sublimasiyadan əziyyət çəkən müxalifətçilər erməni irredentizminin tarixindən və formalarından agah olmadıqları üçün boş-boş danışırlar. Bü cür dayaz bilik və düşüncə daşıyıcıları fərq edə bilmirlər ki, Nikol Paşinyan Şuşada “Yallı” gedəndə də, “Qarabağ Ermənistandır” deyəndə də, təpəsinə dəyən “Dəmir yumruğ”un təsiri ilə Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur olanda da, Qarabağ münaqişəsini “yerli” ermənilərin hüquq məsələsi” adlandıranda da irredentlik edir. Erməni cəmiyyəti və Ermənistan hakimiyyəti “miatsum” ideyasından əl çəkməyib. Sadəcə, Paşinyan İlham Əliyevlə diplomatik danışıqlarda tərs sillə yeməmək üçün məzlum cildinə girir, alt pərdədən danışır.

İrrendentizmin "müalicə"si etnik doğmalıq amilini ərazi bütövlüyünə çevirməyə çalışanlara qarşı dövlət sərhədini möhkəm tutmaqdan keçir. Azərbaycan Laçında buraxılış məntəqəsi qurmaqla dövlət sərhədimizin kontrolunu öz əlinə aldı. Ermənistanın Qarabağdakı cinayətkar xuntaya dəstəyinin lojistikası sıradan çıxdı. Qarşılığında ermənilər "humantar nalə"lərlə ağlaşma qurdular və rəsmi Bakı Sorosun “ağlayan uşaq”larına qablaşdırılmış südün Ağdamdan keçə biləcəyini söylədi. Budur, Rusiya Qırmızı Xaç Cəmiyyətinin keçidi Azərbaycanla razılaşdırılmış yük maşını bortlarını artıq Xankəndidə açıb. Laçından Xankəndiyə keçən istənilən yük və şəxs dünyada mövcud olan sərhəd- gömrük qaydalarına əsasən yoxlanılacaq, mülki ermənilərin ərzaq və digər ehtiyacları üçün Ağdam yolundan istifadə olunacaq. Arayik Arutyunyanın “vəzifə”sindən getməyə məcbur edilməsindən sonra Xankəndidə ierarxiyası çökmüş xuntanın Ermənistandan aldığı hər növ dəstəyin kəsilməsi qanunsuz erməni silahlı birləşmələrinin şəxsi heyəti kimi, girovluqda saxlanılan mülki əhaliyə də oyunun bitdiyini dəyişməz gerçəklik şəklində ifadə edəcək. Əsl gerçəklik budur ki, Qarabağ erməniləri nə humanitar böhranla üzləşiblər, nə də hüquq problemləri var. İllərdir Xankəndidə Azərbaycan suverenlik böhranı ilə üz-üzədir və bu böhran tezliklə aradan qalxacaq.

Taleh ŞAHSUVARLI