Güc tətbiqinə əl atacağıq

18 Sentyabr 2023 19:38 (UTC+04:00)

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin, xüsusi tapşırıqlar üzrə təmsilçisi Elçin Əmirbəyovun və xarici işlər nazirinin muavini Fariz Rzayevin ölkəmizdə akkreditə olunmuş diplomatik korpus üçün təşkil etdikləri bugünkü brifinq məncə, dövlətimizin Ermənistana və ona geosiyasi alət kimi yanaşanlara son xəbərdarlığıdır ki, əgər Qarabağdakı qanunsuz silahlı birləşmələr tərksilah edilməsə, Xankəndindəki “miatsumçu” rejim buraxılmasa, güc tətbiqinə əl atacağıq.

Heç bir dövlət öz torpağında başqasının 10 mindən çox silahlı ünsür, yüzdən artıq tank və digər zirehli texnika, yaylım atəşli raket sistemləri qarışıq iki yüzün üzərində ağır artilleriya qurğusu, bir o qədər minaatan, onlarla radio-elektron mübarizə sistemi yerləşdirməsi və Ermənistanın etdiyi kimi həmən qüvvələrin texniki, hərbi, logistik, maliyyə dəstəyi ilə təmini ilə barışmaz!

Bu brifinqin İrəvandakı seçkidən bir gün əvvəl yox, sonra keçirilməsi də maraqlıdır. Biz bu addımımızla göstəririk ki, birincisi, heç bir dövlətin, o sıradan da Ermənistanın iç siyasətinə qarişmaq niyyətində olmamışıq, deyilik. Qərbdəki bəzi çevrələrin təqdim etməyə çalışdıqları kimi Rusiyanın maraqlarına uyğun addımlar atmırıq. Ermənistana nəyisə diqtə etməsi üçün Moskvanın bizdən faydalanmasına şərait yaratmamışıq, yaratmırıq. Yəni Azərbaycan da İrəvanın Paşinyanın kontrolundan çıxıb Ruben Vardanyan kimi bir dələduzunkuna keçməsini istəsə idi, bu son xəbərdarlığı 17 sentyabr öncəsi edər və ardınca da hərəkətə keçərdi.

Bir sözlə, dövlətimiz bütün məsələlərdə olduğu kimi İrəvandakı seçkiyə yanaşmasında da məhz öz maraqlarından çıxış etdiyini növbəti dəfə təsdiqləməklə bərabər, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyən Rusiyaya da, onu regiondan vurub çıxarmağa çalışanlara da torpaqları üzərində suvereniyinin necə kobudcasına pozulduğunu artıq görməzdən gəlməyəcəyini və hərəkətə keçəcəyini çatdırdı.

Qarşı tərəfin düşünüb düzgün addım atması üçün çox az zamanı var. Məncə, Azərbaycan Avropa Birliyinin Qranadada keçirəcəyi zirvədə bu xəbərdarlığı təkrarlamaq niyyətində deyil. Açığı həmən zirvədə Azərbaycan-Ermənistan danışıqların baş tutub-tutmayacağı da sual altındadır. İstənilən halda Qranda zirvəsinə qədər rəsmi Bakının irə sürdüyü tələb ya yerinə yetiriləcək, ya yerinə yetirdiləcək. Yəni bugünkü brifinqdən mənim gəldiyim qənaət belədir.

Sahib ALIYEV,

Millət vəkili