Bu yazıya Prezident İlham Əliyevin 2011-ci il dekabrın 24-də, həmyerlimiz Mixail Qusmanın “Hakimiyyətin formulu” (“Formula vlasti”) müəllif proqramına müsahibəsindən kiçik bir xatırlatma ilə başlamaq istəyirəm.
Azərbaycan Prezidenti Mixail Qusmanın “Təsəvvür edin, siz “zaman maşını”nda keçmişə qayıtmağı bacarmızınız. Həyatınızdakı hansı hadisələrə qayıtmaq və onları yenidən hiss etmək istərdiniz” sualına belə cavab verir:
“...Əgər belə bir imkanım olsaydı, gələcəyə gedərdim. Deyək ki, 10 il irəliyə. Baxmaq istəyərdim, görüm düşündüklərim, nəzərdə tutduqlarım alınıb ya yox və hansı dərəcədə alınıb”.
Qənaətimə görə, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin təmin edilməsi ilə bağlı 2020-ci il, sentyabrın 27-dən başlayaraq günümüzə qədər davam edən, bizə silah tuşlayanların rüsvayçı məğubiyyəti, ağ bayraq qaldıraraq təslim olmaları, qondarma təsisatlarını buraxmaları ilə nəticələnən, çoxlarına möcüzə təsiri bağışlayan qürurverici hadisələrə Prezident İlham Əliyevin məhz bu müsahibədəki fikirlərindən yol almaq lazımdır.
Uzun illərdən bəri arzularımda cücərtiyim, gələcəyinə bir an belə ümidimi itirmədiyim bu günümüzün, ürəyi Vətən sevgisi ilə döyünən hər bir azərbaycanlının qürur hissi keçirdiyi mənzərəsindən bir anlıq da olsa geriyə dönüb demək istəyərdim: Alındı, cənab Prezident! Uzun illər boyu düşündüyünüz, 12 il öncə isə haqqında söz açdığınız mənzərə bu gün bütün dünyanın gözü qarşısındadır. Azərbaycan xalqı son 200 ildə özünün ən şərəfli, ən qürurlu günlərini yaşayır. Əminəm ki, illər öncə düşüncənizdən keçirdiyiniz, planlaşdırdığınız və hələ haqqında dolayısıyla da olsa söz açmadığınız nə varsa, gerçəkləşəcək!
Tarixdə TARİXİ YAZAN qalacaq!
...Tarixi günlər yaşayırıq və sadəcə, gözümüzün önündə, həm də ildırım sürətiylə cərəyan edən, bir-birini zərgər dəqiqliyi ilə tamamlayan proseslərin arxasında nə qədər böyük bir zəhmətin, fədakarlığın, qətiyyətin dayandığının sonunadək fərqində deyilik. Son 3 il ərzində baş verənlərin hər anının, hər dəqiqəsinin gerçəkləşməsinə günlərlə, aylarla vaxt sərf olunub. İndi, geridə qalan zaman kəsiyini göz önündən keçirdikcə Azərbaycanda və Azərbaycanın adının çəkildiyi bütün məkanlarda baş verənlərin, deyilən sözlərin, görülən işlərin, həyata keçirilən layihələrin, qəbul edilən qərarların bir-biri ilə zəncirvari formada əlaqədə olduğunu görə bilərik.
...İndisə 2019-cu il oktyabrın 4-də Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında, Ermənistanın baş nazirinin iddialarının qarşılığında səsləndirdiyi fikirləri xatırlayaq: “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”. Bu sözlərin dilə gətirilməsindən heç bir il keçmədi ki, Azərbaycan Ordusu işğalçını müqəddəs torpaqlarımızdan qovmağa başladı...
Üzərimizə dörd bir yandan hücum çəkildi. 30 ilə yaxın işğala göz yumanlar, təcavüzkarı himayə edənlər, müharibə canilərinin başlarına “tumar” çəkənlər Azərbaycan Ordusunun Ermənistan, erməni diasporu və lobbisi ilə yanaşı, onların da planlarını alt-üst etməsinə tab gətirə bilmədilər. Azərbaycanın öz ərazi bütövlüyü uğrunda haqlı və ləyaqətli mücadiləsini min bir bəhanə və qarayaxmalarla torpaqlarımızın qeyd-şərtsiz işğaldan azad edilməsi ilə bağlı qətnamələri icra olunmayan BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarmağa çalışdılar. Qarşılarını Azərbaycan Prezidentinin uzun illər boyu ölkəmizə qazandırdığı nüfuz və dostlarımızın, müttəfiqlərimizin, ləyaqətli tərəfdaşlarımızın haqqın yanında olmaq bacarıqları kəsdi. Qoşulmama Hərəkatının üzvləri üzərimizə yürüyən şər və böhtan dağarcıqlarının “səlib yürüşü”nə qoşulmadılar.
Qeyd edim ki, Azərbaycanın Qoşumama Hərəkatına üzv olduğu zaman kəsiyi də elə Prezident İlham Əliyevin Yuri Qusmanın müəllif proqramında yuxarıda iqtibas gətirdiyim fikirləri dilə gətirdiyi vaxta təsadüf edir. “Təsadüf edir” yazdım. Amma zaman sübuta yetirdi ki, Azərbaycan Prezidentinin atdığı addımların, qəbul etdiyi qərarların heç birində “təsadüf”dən əsər-əlamət olmayıb. Hər şey düşünülüb, bütün ehtimallar göz önünə alınıb və proseslərin inkişaf perspektivi ən qaranlıq detallarına kimi hesablanıb.
Bu qəbildən olan nümunələr o qədər çoxdur ki, sıralamaqla bitməz. Məhz bu səbəbdən son olaraq, Prezident, Ali Baş Komandan İlham Əliyevin 28 may 2023-cü ildə, Laçın şəhərinə, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105-ci ildönümündə səsləndirdiyi fikirlərə diqqət çəkmək istəyirəm: “Buradan - uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə. Ona görə, yeganə yol qalıb - Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dıqnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq. Guya orada “parlament” fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”.
Bu da mif, əfsanə, əsassız kin və nifrət üzərində qurulan, hətta özünətəsəlliyə belə yaramayacaq dərəbəyliyin, cinayətkar hərbi xuntanın, qondarma doğulan və qondarma ölən xuntanın, kənardan üfürülməklə şişirdilən və bir zərbə ilə saralmış alaq otunu xatırladan “əzələ nümayişi”nin sonu...
Bitdi! Antiterror tədbirlərinin başlandığı gün yazmışdım bu sözü. Yenə də sapı özümüzdən olanlar, xəyanət dağarcıqları, daşnaksifət satqınlar köhnə palan içi sökməyə, arayiksayaq şübhə toxumu səpməyə davam etdilər. Cəmi 5 gün irəlini görməyi bacarmayan bu vicdan və düşüncə yoxsullarının 10-15 və bəlkə də daha çox illər sonra baş verəcək hadisələrin süjet xəttini quran zəka sahibinin addımlarını müzakirə etməsi, ən azından ikrah doğurur. Paşinyanı bildik, indi siz deyin, ay filan-filan şüdalər, nə oldu? Adınızı belə çəkmək istəmirəm... Əslində siz də bitmisiniz, özünüzü də çoxdan buraxmısınız... Sadəcə həqiqəti, hətta özünüzə belə etiraf etməyə cəsarətiniz çatmır.
Bu qədər...
Önəmli olan Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasıdır. Gözümüzün önündə tarix yazılır. Tarixdə də TARİXİ YAZAN qalacaq!
Elçin Mirzəbəyli