"Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə mayın 16-da görüş təşkil olunub. Görüşdə Ədalət partiyası da təmsil olunub. Tədbirdə yeni qəbul olunmuş "Siyasi partiyalar haqqında" qanunun tətbiqindən sonra yaranmış situasiya müzakirə olunub. Partiyaların fəaliyyətinə və siyasi proseslərdə iştirakına maneə olan nüanslarla bağlı məsələlər qaldırılıb və müzakirə edilib. Milli məsələlərdə siyasi həmrəyliyi və ölkəmizdə siyasi institutlaşmanı inkişaf etdirmək baxımından belə görüşlərin keçirilməsi təqdirəlayiqdir".
Bu barədə AzNews.az-a Ədalət Partiyasının funksioneri Mütəllim Rəhimli məlumat verib. M.Rəhimli daha sonra deyib:
"Bütün hallarda iqtidar geosiyasi mənzərəni qiymətləndirməyi bacaran, iqtisadi proseslərin nəbzini tutan, cəmiyyətə təsir imkanları olan ağıllı müxalifətin təklif və tövsiyyələrindən bəhrələnəcək. Ona görə də müxalifətin məhz belə bir obrazı ortaya qoyması vacibdir. Əks halda iqtidar siyasi təfəkkürü olmayan müxalifətin səhvlərinə istinad edərək fəaliyyətini tənzimləyəcək və ömrünü uzadacaq. Bu isə müxalifətin qarşısında duran missiyanı yerinə yetirə bilməməsi və dövlətin idarə olunması prosesindən kənarda qalması deməkdir. Dünənki tədbirdən çıxan nəticə belə oldu ki, iqtidar və müxalifət bir-birinə artıq düşmən kimi deyil, dövlətin və cəmiyyətin problemlərinin həllində müttəfiq kimi baxmalıdır. Xalqımız da siyasi düşərgədən qarşılaşdığı çoxsaylı problemlərin həllinə obyektiv baxış, real həll yolu və nikbun siyasi münasibət gözləyir".