"Gürcüstanda QHT, KİV və partiyalar üzərindən Avropanın təsir gücü var" - Politoloq

17 May 2024 18:07 (UTC+04:00)

“Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin qəbul ediləcəyi və təbii ki, qəbul edildikdən sonra aksiyaların baş verməsi də gözlənilirdi. Məsələ ondan ibarətdir ki, bu gün Gürcüstanın daxili siyasətində ciddi bir hüquqi boşluq var. Ölkədə QHT, KİV və partiyalar üzərindən Avropanın təsir gücü var. Avropada qeyd olunan instansiyalara maliyyə yardımı dotasiyalar, qrantlar ayırır. Bu da əlbəttə söz haqqı qazanması deməkdir. Məhz “Gürcü Arzusu”nun yanaşması budur ki, biz Qərbə inteqrasiyada sadiqik, ancaq bu o demək deyil ki, Qərbin də bütün diktələrini qeyd-şərtsiz yerinə yetirəcəyik. Əslində bu gün bu qanun layihəsinin qəbul edilməsinin əsas məqsədi Qərbin Gürcüstanın daxili siyasətinə müdaxilə etməsidir. Gürcüstan buna yol vermək istəmir və mövcud aksiyalara baxmayaraq, qeyd olunan qanunu qəbul edir. Prezidentin qanunu təsdiqləyib-təsdiqləməyəcəyi sual altındadır. Ancaq təsdiqlənməsə belə qanun böyük ehtimalla yenidən parlamentə təqdim edilib, qəbul ediləcək və ikinci dəfə təqdim olunduğu üçün prezidentin təsdiqinə ehtiyac qalmayacaqdır”.

Bunu AzNews.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.

Politoloq qeyd edib ki, aksiyalara gəldikdə isə aksiyalar davam edir və bu aksiyaların pərdə arxasında şübhəsiz ki, Qərb dayanır:

“Qərb, Gürcüstandakı və Gürcüstanın timsalında Cənubi Qafqazdakı təsir gücünü itirməmək üçün hazırda aksiyaların şiddətini artırmaqdadır. Mümkündür ki, elə bu qanun layihəsi gec tez qəbul ediləcək. Məhz bundan sonra Gürcüstanda Qərbin təsir dairəsinə, xüsusilə agentura şəbəkəsinə zərbə vurula bilər. Bütün hallarda aksiyalar davam edir və aksiyaların davam etməsi və şiddətlənməsi hakim partiya üçün riskdir. Müqayisə üçün qeyd edim ki, Azərbaycanda 2014-cü ildə qanunda dəyişikliklər və xarici maliyyələşmə nəzarətə götürülübdür. Buna görə də bu gün Azərbaycanın daxili siyasətində sabitlik var. Düzdür, bəzi müəyyən şəbəkələr var ki, “Abzas Media”, “Toplum TV” kimi məsələlər var ki, burada biz görürük ki, Qərb müəyyən kanallarla sızmağı bacarıbdır. Ancaq Cənubi Qafqazın digər iki respublikası ilə müqayisədə Azərbaycan qəbul edilən qanunlarla bu məsələni tənzimləyibdir. Əslində Gürcüstanda bu gün eyni ilə Azərbaycanın etdiyi gedişi edir və daxili sabitliyi təmin etmək, həmçinin Qərb agenturasının Gürcüstandakı fəaliyyətinə zərbə vurmağa çalışır. Bu da təbii olaraq reaksiyalara gətirib çıxarır. Biz bunu ümumi mənada Qərbin hibrid müharibəsi də adlandıra bilərik. Adətən Qərb inqilablar, rəngli inqilablar və aksiyalarla mövcud iqtidarlara təsir etməyə çalışır. Azərbaycanda da baş verdiyini gördük. Amma Azərbaycanın vaxtında məsələyə müdaxilə etməsi, hüquqi müstəvidə qanunlar qəbul etməsi Gürcüstandakı və Ermənistandakı ssenarilərin baş verməməsinə gətirib çıxardı. Gürcüstan bunu bir qədər gec başa düşdü, lakin ən azından bu gün buna çalışılır. Bunun yekunlaşıb-yekunlaşmayacağını zaman göstərəcək. Ən azından iqtidar partiyasının yanaşması hələlik birmənalıdır”.

Rəfiqə NAMAZƏLİYEVA