Co Bayden COVİD-19-a yoluxub

18 İyul 2024 09:28 (UTC+04:00)

Ağ Evin sözçüsü Karin Jan-Pyer Baydenin Las Veqasdakı tədbirdən sonra analiz verdiyini və Covid-19 testinin müsbət nəticə verdiyini açıqlayıb.

Aznews.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden səhhəti ilə bağlı problem yaranacağı təqdirdə seçkilərdən geri çəkiləcəyini deyib. Baydenin bu açıqlamasından dərhal sonra Ağ Ev Baydenin Covid-19 müayinəsinin müsbət çıxması ilə bağlı məlumat yayıb.

Baydenin açıqlamaları dərc edildikdən qısa müddət sonra Ağ Evin sözçüsü Karin Jan-Pyer Baydenin Las Veqasdakı tədbirdən sonra analiz verdiyini və Covid-19 testinin müsbət nəticə verdiyini açıqlayıb.

Açıqlamada həmçinin Baydenin Covid-19 peyvəndi olduğu və buna görə də yüngül simptomlar göstərdiyi qeyd olunub.

Ağ Evin Baydenin vəziyyəti ilə bağlı tez-tez məlumat paylaşacağı, onun yuxarı tənəffüs yolu infeksiyası ilə bağlı müalicəyə başlandığı, hərarətinin və nəbzinin normal olduğu bildirilir.

Digər tərəfdən, Demokratlar tərəfindən Baydenin geri çəkilməsinə dair təzyiqlər artmaqda davam edir.

ABŞ Nümayəndələr Palatasının üzvü, demokrat Adam Şiff də Baydeni geri çəkilməyə səsləyənlərin sırasına qoşulub.

"Kampaniyadan çəkilmək qərarı Baydenin verəcəyi bir qərardır, lakin məncə, estafeti ötürməyin vaxtıdır", - deyə Şiff bildirib.

Qeyd edək ki, Baydeni geri çəkilməyə səsləyən Demokrat Partiyası üzvlərinin sayı 20-ni keçib.