Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsi.
AzNews.az həmin müsahibəni təqdim edir.
- Qüdrət bəy, yalnız Ağadadaş Ağayevin bəzi şəxslər tərəfindən baş vermiş davaya görə təqsirli bilinib qınanır. Xalq artistinin iştirakı ilə baş vermiş cinayət hadisəsinə münasibətinizi bilmək istərdik.
- Ağadadaş Ağayevi yaxından tanıyanlar onu mədəni və xeyirxah insan kimi xarakterizə edirlər. Xalq artistinin iştirakı ilə bu cür hadisınin baş verməsinə görə çox üzüldüm və təəssüf hissi keçirirəm. Allaha şükürlər olsun ki, ölüm hadisəsi baş verməyib. Kadrlardan görünür ki, başına endirilən ağır zərbələrdən Ağadadaş Ağayev həyatını itirə bilərdi. Mən hər cür zorakılığı qətiyyətlə pisləyir və qınayıram. Hər kəsin günahının həddini istintaq və məhkəmə orqanları müəyyən etməlidir. İctimai rəy formalaşdırmaqla istintaq orqanına təzyiq yolverilməzdir. Biz yayılan kadrlardan öncə nələrin baş verdiyinindən məlumatsızıq. Zərəçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir, qanunsuz və ya əxlaqsız hərəkətlər nəticəsində qəflətən baş verən güclü ruhi həyacan (affekt) vəziyyətində qəsdən adam öldürməyə görə iki ilədək islah işləri növündə cəza təyin oluna bilər. Cinayət Məcəlləsində bu cür ağır nəticəyə səbəb olmuş təqsirli əmələ görə belə yüngül cəza ona görə nəzərdə tutulur ki, affekt vəziyyətində şəxsin öz hərəkətlərinə nəzarət imkanları xeyli azalır. Patoloji və ya fizoloji affekt vəziyyəti bir neçə saniyədən bir neçə dəqiqqəyə qədər davam edə bilər. İşin konkret hallarından asılı olaraq bu məqsədlə ekspertiza təyin olunur. Ona görə ictimaiyyət istintaq orqanına güvənməli və nəticəni gözləməlidir. İstintaq orqanın borcu isə odur ki, şaiyələrin və dedi-qoduların qarşısını almaq üçün mətbuata açıqlamalar verməklə cəmiyyəti məlumatlandırsın.