Şənbə günü İsrailin nəzarəti altında olan Qolan Təpələrindəki Məcdel Şəms qəsəbəsinə raket atılması nəticəsində əksəriyyəti uşaq olmaqla azı 12 nəfər həlak olub. İsrail ordusu, əhalisinin əksəriyyətinin druzların yaşadığı qəsəbədə futbol meydançasına düşən raketin İran istehsalı olduğunu və yalnız Livan Hizbullahının inventarında olduğunu iddia edib. İsrail Ordusunun sözçüsü Aviçay Adraee hücuma rəhbərlik edən şəxsin Hizbullahın səhra komandirlərindən Əli Məhəmməd Yəhya olduğunu bildirib. İsrail Ordusunun sözçüsü Daniel Hagari, İran istehsalı olan 50 kiloqramlıq döyüş başlığına malik Felak raketinin istifadə edildiyini bildirdiyi bu hadisəni "7 oktyabrdan bəri İsrail mülkilərinə qarşı ən qanlı hücum" olaraq xarakterizə edib. Hizbullah isə Məcdel Şəmsə hücum etmədiklərini və "hadisə ilə heç bir əlaqəsinin olmadığını" iddia edib. Amerika kəşfiyyatındakı mənbələr də hücumun mütləq Hizbullah tərəfindən həyata keçirildiyini bildirdi.
İsrailin baş naziri Binyamin Netanyahu da hücumla bağlı açıqlamasında "İsrail bu ölümcül hücumu bir kənara qoymayacaq. Hizbullah indiyə qədər heç vaxt ödəmədiyi ağır bədəli ödəyəcək" deyib. Gecə saatlarında İsrail qisas aldı İsrail təyyarələri Livanın cənubunda müxtəlif yerlərə hücum edib. Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur. Sosial mediaya əks olunan görüntülərdə hücuma məruz qaldığı deyilən yerlərdə partlayışlar və hərəkətdə olan təcili yardımlar diqqət çəkib. İsrail Ordusu Hizbullahın silah anbarları və infrastrukturlarının vurulduğunu bildirib. Netanyahu ABŞ səfərini bir neçə saat tez tərk edib və ölkəsinə qayıdandan sonra İsrail Təhlükəsizlik Kabinetini toplayıb.
İsrail Xarici İşlər Nazirliyindən BMT-yə çağırış
Digər tərəfdən, İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Oren Marmorstein, genişmiqyaslı müharibənin qarşısını almaq üçün Hizbullahın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini yerinə yetirməyə məcbur edilməsini tələb edərək, "İndi diplomatik yolla bunu etmək üçün son dəqiqədir" dedi. BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsi İsraildən Mavi Xəttin arxasına çəkilməsini və bu xətt ilə Livandakı Litani çayı arasındakı ərazini tərksilah etməyi tələb edir, burada yalnız Livan Ordusuna və Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Sülh Qüvvələrinə (UNIFIL) məxsus silah və hərbi texnika yerləşdirilib istifadə oluna bilər. Livanın cənubundakı Litani çayı ilə İsraillə sərhəd olaraq təyin olunan Mavi Xətt arasındakı demək olar ki, bütün bölgələr 2000-ci ildən Hizbullahın güclü hərbi təsiri altındadır.
Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi