Azərbaycan tərəfin konkret məsələ qaldırmasının vacibliyini vurğuladı: "Sülhdən uzaqlaşma prosesi gedir. Bunun da tək günahkarı Ermənistan tərəfidir. Şərti sərhəddə erməni tərəfinin provokasiyaları artıb. Son dəfə Azərbaycan Müdafiə Nazirliyi düşmən tərəfə çox sərt xəbərdarlıq etdi. Ermənistan Fransa, Hindistan tərəfindən silahlanır. Gürcüstan və İranın isə ərazisindən silahlanmaq üçün istifadə edir. Azərbaycan artıq konkret məsələ qaldırmalıdır. Özü də təkcə Ermənistan tərəfinə deyil, həm də tərəfdaşlıq və diplomatik münasibətdə olan digər qonşuları Gürcüstan və İrana. Yuxarıda qeyd etdiyim son iki qonşumuzdan konkret izahat almalıyıq ki, onların ərazisindən daha Azərbaycana qarşı heç kəs silahlanmayacaq. Ermənistana isə son xəbərdarlığımız olmalıdır ki, silahlanma və revanşist ideyalardan əl çəkməlidirlər. Konstitusiyalarında dəyişikliklərlə bağlı Azərbaycanın tələbini dərhal yerinə yetirməlidirlər. Əks halda, son 10 ildə olduğu kimi Azərbaycanın təklifləri yerinə yetirilməsə, bunu güc yolu ilə həll etməyə qadirdir. Əgər ermənilər çox yaxın keçmişlərindən nəticə çıxartmaq istəmirlərsə, bu artıq onların problemidir. İlin sonunda hərbi eskolasiya gözləyirəm. Ermənistanla şərti sərhəd istiqamətində Azərbaycan tərəfinin növbəti vacib amilə çevrilir. Heç nədən nəticə çıxartmaq istəməyən, heç nəyi başa düşmək istəməyən düşməni sülhə təhrik etmənin tək yolu hərbi güc tətbiq etmədən keçir. Necə ki, bunu Azərbaycan bir neçə dəfə reallıqda dünyaya göstərib və yenə də göstərməlidir”.
Ədalət, Hüquq və Demokratiya partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı hesab edir ki, Qafqazda sülhün baş tutması üçün Türkiyə və Rusiya amili mütləq nəzərə alınmalıdır: "Əvvəlcə ondan başlamalıyıq ki, indiki vəziyyətdə Azərbaycan Ermənistanla sülh sazişini imzalamalıdırmı? Bu gün dövlət maraqlarımız onu tələb edir ki, Naxçıvana maneəsiz gediş-gəliş təmin olunmayana qədər nə sülh sazişi imzalamalıyıq, nə də Ermənistanla kommunikasiya xətləri açılmalıdır! Hamımız açıq şəkildə görürük ki, Ermənistan öz "bacısı" Fransa və İranın təzyiqi ilə Naxçıvana maneəsiz gediş-gəlişi təmin etməyə hazırlaşmır. Sülhə nail olmaq üçün Türkiyə, Azərbaycan və Rusiya Ermənistana reveranslar etməməli, əksinə, təzyiqləri artırmalıdır. Qardaş Türkiyə rəsmiləri də bilir ki, Naxçıvanla quru sərhədləri açılmasa və Ermənistanla Azərbaycan sülh sazişi imzalamayana qədər Türkiyə ilə Ermənistan arasında sərhədləri açmaq olmaz. Bu baş versə, Azərbaycana böyük ziyan vurmuş olar. Ermənistan öz öhdəliyini yerinə yetirməsə, Azərbaycan güc tətbiqi ilə onu buna məcbur etmək barədə düşünməlidir. Sülh sazişi Türkiyə və Rusiyanın vasitəçiliyi və iştirakı ilə imzalanmalıdır. Cənab prezident İlham Əliyev öz tərəf müqabillərinə münasibətdə səmimi və etibarlı olması ilə diqqət çəkib və bunu həmişə vurğulayıb. Prezident sözünə imzası qədər sadiqdir. Bu davranış Azərbaycana uğur gətirib, Qarabağı azad etmişik. O, özünə və Azərbaycana münasibətdə də tərəfdaşlarından bunu tələb edib, fərqli münasibəti qəbul etməyib. İndi Türkiyə və Rusiyaya deyə bilmərik ki, zamanında Azərbaycana sülhməramlı əsgər göndərmisiniz, qələbəmizin əldə olunmasına dəstək vermisiniz, yaxud mane olmamısınız, Rusiya, sənin iştirakınla üçtərəfli atəşkəs haqqında saziş imzalamışıq, amma indi dayanın kənarda, biz Qərbin vasitəçiliyi ilə Ermənistanla sülh sazişi imzalayırıq. Onu da deyim ki, bu gün Qərb nə qədər səmimidir Azərbaycanla Ermənistan arasında sülh sazişinin əldə olunmasına? Hər dövlətin öz marağı var və biz bunu nəzərə almalı, Türkiyə və Rusiya da sülh sazişinin imzalanmasında iştirak etməli, bundan faydalanmalıdır. O zaman sülh daha təminatlı olar. Ermənistan nə qədər tez bunu başa düşsə, Fransa və İranın yox, öz dövlət maraqlarını önə çəksə, regional əməkdaşlığa üstünlük versə, sülhə bir o qədər tez yaxınlaşarıq. Qərb qəti şəkildə narahat olmamalıdır sülh sazişinin əldə olunmasında Türkiyə ilə Rusiyanın iştirakından. Nədən narahatdırlar ki?! Qafqazda sülhün baş tutması üçün Türkiyə və Rusiya amili mütləq nəzərə alınmalıdır. Qərb bu gün Ermənistanı silahlandırmamalıdır. Bu, çıxış yolu deyil. Ermənistanı Rusiya 30 il silahla təmin etdi, nəticə nə oldu?! Minlərlə gənc həyatını itirdi. Ermənistan öz gələcəyini düşünməli və həqiqi sülh sazişini qısa müddətdə imzalamalıdır. Bunun başqa yolu Ermənistanda daha böyük faciələrə yol aça bilər".