“Sentyabrın 1-də keçiriləcək VII çağırış Milli Məclisə seçkilər Azərbaycanın ən müasir tarixinin əhəmiyyətli - ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası dövrünə təsadüf edir. Bu mənada qarşıdan gələn parlament seçkiləri həm də tariximizə bir ilk kimi yazılacaq”. Bunu "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli deyib.
O bildirib ki, indiki seçkilərin Azərbaycanın gələcək inkişafinda əsaslı yer tutacağina inanır: “Xüsusilə COP29 öncəsi Azərbaycanda gedən siyasi proseslər diqqət mərkəzindədir. Bu baxımdan parlament seçkilərinə beynəlxalq maraq da yüksəkdir. Azərbaycan Milli QHT Forumu hər bir seçicini bu tarixi prosesdə fəal olmağa çağırır, səsvermə hüququndan istifadənin vacib olduğunu bildirir. Azərbaycanda olduqca yüksək səviyyəli seçki mühiti mövcuddur. Azərbaycan Konstitusiyasının seçkilərlə bağlı müvafiq müddəaları, Seçki Məcəlləsi prosesin demokratik və şaffaf keçirilməsinə hüquqi zəmin yaradır. Eyni zamanda, seçicilərin prosesə marağı böyükdür. Bu mənada qarşıdan gələn parlament seçkilərinin azad və demokratik şəraitdə baş tutacağına əminik”.
Ramil İskəndərli Milli QHT Forumunun nümayəndələrinin də seçki prosesində müşahidəçilik prosesini həyata keçirməsini istisna etməyib: “Azərbaycanda demokratik seçki mühiti mövcuddur və bu mənada qeyri-hökumət təşkilatlarına da seçki prosesini, seçkiyə qədərki mərhələləri müşahidə edərək dəyərləndirmək üçün geniş imkanlar yaradılıb. Biz də Milli QHT Forumu olaraq müşahidə prosesində aktiv şəkildə iştirak etməyə çalışacağıq. Qarşıdakı günlərdə bununla bağlı atılacaq addımlar müzakirə olunacaq. Yəqin ki, Milli QHT Forumuna daxil olan vətəndaş cəmiyyəti nümayəndələri də seçki prosesini aktiv müşahidə edəcək”.