“ABŞ Venesuela Prezidenti Nikolas Maduroya təzyiq etmək üçün bir sıra variantları nəzərdən keçirdiyini açıqlayıb. Vaşinqton bildirib ki, bununla “N.Maduro ölkəsini demokratiya yoluna qaytarmağa” məcbur ediləcək”.
“Venesuelanın iqtisadi vəziyyəti hazırda normal deyil. Yəni ölkə tamamilə demək olar ki, neft sektorundan asılı vəziyyətdədir. ABŞ-da əlində olan bütün mümkün vasitələrlə Venesuelanın beynəlxalq neft bazarına çıxışını məhdudlaşdırmağa çalışacaq və bunun üstündə sanksiyalar tətbiq edəcək. Nikolas Maduro hakimiyyətə gəldikdən sonra artıq Venesuelada bank sistemində ciddi şəkildə təhlükələr müşahidə olunur”.
Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.
O bildirib ki, Venesuelada xüsusilə də iqtisadiyyatın ana damarını təşkil edən bank sistemində kütləvi çöküşlər meydana gəlir.
“Artıq demək olar ki, ölkədə xeyli sayda bank bağlanıb. Həmçinin Venesuelada supermarketlər şəbəkəsi də çox geniş yayılmışdı. Böyük halqa var idi. Uqo Çavesin dövründə bununla bağlı bir sıra islahatlar da keçirilmişdi. Məişət sahəsi ilə bağlı Venesuelada ciddi böhran baş verir. Maduro hökuməti demək olar ki, Venesuela iqtisadiyyatı ilə bağlı heç bir real addım ata bilmədi. Amerika Birləşmiş Ştatları ilə hazırda pozulan münasibətlər zəminində rəsmi Vaşinqtonun Karakasın üstünə bu şəkildə getməsi, ona qarşı ağır sanksiyalar tətbiq etməsi Venesuela iqtisadiyyatını çox çətin vəziyyətə salacaq bir addımdır. Düşünürəm ki, Nikolas Maduro bu vəziyyətə çox tab gətirə bilməyəcək və istefa verməyə məcbur olacaq. Çünki əksəriyyət, həmçinin ordunun bir hissəsi də prezident kimi Nikolas Maduronu artıq istəmirlər. Böyük ehtimalla Amerika Birləşmiş Ştatlarının irəli sürdüyü iqtisadi sanksiyalar nəticəsində hazırkı hakimiyyət ölkədən getməyə, dəyişməyə məcbur olacaq. Çünki Amerika Birləşmiş Ştatları Venesuelaya qarşı çox ağır iqtisadi sanksiyalar tətbiq edir. Nəzərə alsaq ki, hazırda Venesuela iqtisadiyyatı demək olar ki, birtərəfli şəkildə neftdən asılıdır”.
Rəfiqə NAMAZƏLİYEVA