Xüsusi mülkiyyətə və icarəyə verilmiş obyektlərdə idman və həvəskar balıq ovu

28 Avqust 2024 09:17 (UTC+04:00)

Sual: Xüsusi mülkiyyətə və icarəyə verilmiş su obyektlərində idman və həvəskar ovun həyata keçirilməsi necə tənzimlənir?

Hüquqi Şərh: Xüsusi mülkiyyətə və icarəyə verilmiş su obyektləri, mülkiyyət hüquqları ilə bağlı qanunvericilik çərçivəsində tənzimlənir. Nazirlər Kabinetinin 2 iyun 2017-ci il tarixli 243 saylı qərarının 9.3-cü maddəsinə görə, belə obyektlərdə balıq və digər su bioresurslarının ovlanması yalnız mülkiyyətçilərin və ya istifadəçilərin razılığı ilə həyata keçirilir. İcarəyə verilmiş obyektlərdə isə, bələdiyyə orqanları və mülkiyyətçilərin razılığı ilə ov fəaliyyətləri icra edilir.

İnzibati Xətalar Məcəlləsinə əsasən, xüsusi mülkiyyət hüquqlarına riayət edilməməsi inzibati məsuliyyətə səbəb olur. İnzibati Xətalar Məcəlləsinin 272.3 maddəsinə əsasən, ov qaydalarının kobud şəkildə pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə tətbiq edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır.

Zaman Səmədov, hüquqşünas

QEYD: Hüquq şərh Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi və “Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyi Tərəfindən həyata keçirilən “Ovçuluq təsərrüfatlarına ictimai nəzarət: sosial-ekoloji layihə” çərçivəsində hazırlanıb.